Ermənistan–Fransa–Hindistan hərbi alyansında yunan izi

post-img

Ermənistan hakimiyyəti silah aldığı ölkələrin siyahısını genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Ölkənin müdafiə naziri Suren Papikyanın sorağı ənənəvi tərəfdaşları – Fransa və Hindistanla yanaşı, gah Çindən, gah Cənubi Koreyadan, gah da Yaponiyadan gəlir. Hayların müdafiə nazirinin müxtəlif ölkələrə səfərləri son vaxtlar xüsusilə intensivləşib. Bu səfərlərin məqsədi, sözsüz ki, həmin ölkələrlə hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi adı altında silah tədarükünə nail olmaqdır.

Rəsmi İrəvanın silah tədarükü üçün üz tutduğu ünvanlardan biri də Yunanıstan və Afinanın çox yaxın müttəfiqi olan Kipr Respublikası, yaxud Cənubi Kiprdir. Bu yaxınlarda Ermənistan Yunanıstan və Cənubi Kiprlə üçtərəfli hərbi əməkdaşlıq proqramı imzalayıb. Daha doğrusu, 2023-cü ildə S.Papikyanın Afinaya səfəri zamanı iki ölkə arasında imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında sazişə bu il Cənubi Kipr də qoşulub.

Qeyd edək ki, Ermənistan–Yunanıstan hərbi əməkdaşlıq proqramı Afina və İrəvan arasında təmasları xeyli intensivləşdirib. Bu ilin fevralında Nikol Paşinyanın Afinaya səfərindən sonra Yunanıstanın müdafiə naziri Nikolaos Dendias İrəvana səfər etmişdi. O, səfər zamanı S.Papikyanla birgə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Afina Ermənistana hərbi dəstək vermək üçün Fransa və Hindistanla birgə fəaliyyət göstərməyi istisna etmir. Nazir, həmçinin Ermənistan–Fransa–Yunanıstan–Kipr–Hindistan çoxtərəfli hərbi əməkdaşlığının qurulmasını da istisna etmədiyini demişdi: “Bizim Kiprlə birgə uğurlu üçtərəfli müdafiə tərəfdaşlığımız var. Amma Fransa və Hindistanla başqa dördtərəfli, beştərəfli tərəfdaşlıq da mümkündür. Onlar həm Ermənistana, həm də Yunanıstana ortaq dost olan mühüm ölkələr, mühüm güclərdir”. Yunan nazir bununla da beştərəfli hərbi ittifaqın yaradılmasını ideyasının anonsunu vermişdi. Bu mənada yeni silah tədarükçülərinin peyda olması fonunda Ermənistanın militarizasiyasını gələcəkdə daha da artıracağını demək mümkündür. Yola salmağa hazırlaşdığımız ilin əvvəlində S.Papikyan ölkəsinin İctimai televiziyasına müsahibəsində Ermənistanın silah tədarükü sahəsində “ciddi uğurlar” qazandığını bəyan etmişdi: “Biz bu prosesdə həm böyük dövlətlər, həm də digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə etmişik. Söhbət Fransa və Hindistandan gedir, amma hələlik danışmaq istəmədiyim digər tərəfdaşlardan da bəhs edirik”.

Ermənistan müdafiə nazirinin sözləri bir daha təsdiq edir ki, Paşinyan iqtidarının sülhə hazır olması ilə bağlı bəyanatları yalandan başqa bir şey deyil. İrəvan bu bəyanatların əksinə olaraq, fəal şəkildə silahlanır və revanşist planlar qurur.

* * *

Qeyd edək ki, Ermənistanın sürətlə silahlanması məsələsinə rəsmi Bakı dəfələrlə münasibət bildirib. Azərbaycan rəhbərliyi bunun region, o cümlədən Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini açıq mətnlə dilə gətirib. Sonuncu dəfə dekabrın 17-də “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev bu barədə bir daha danışdı. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın silahlandırılması birbaşa təhlükə deməkdir: “Biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarıda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq”.

Prezident İlham Əliyev qeyd etdi ki, təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var: “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir”.

Ancaq görünən odur ki, Ermənistan rəhbərliyi bu xəbərdarlıqlardan nəticə çıxarmır və militarist siyasətini davam etdirir. Eyni zamanda, Paşinyan iqtidarı onları silahlandıran dövlətlərin Ermənistandan bir vasitə kimi istifadə etdiyini nəzərə almır. Söhbət ondan gedir ki, Hayastana silah ixrac edən hər bir ölkə strateji əhəmiyyətə malik bu regionda ilk növbədə öz maraqlarını güdür. Məsələn, Fransa Ermənistanı yalnız Cənubi Qafqazda öz məqsədlərinə çatmaq üçün silahlandırır. Xüsusilə nəzərə almaq lazımdır ki, Parisin Afrika qitəsində yürütdüyü siyasət biabırçı uğursuzluğa düçar olub. Emmanuel Makron iqtidarı hazırda bu boşluğu Ermənistan vasitəsilə Cənubi Qafqazda doldurmağa çalışır. Hindistan da Ermənistanı silahlandırmaqla regionda öz geosiyasi məqsədlərini həyata keçirir. Nyu–Dehli Pakistana müqavimət göstərməyə, Avropa və Asiya bazarlarına çıxışını genişləndirməyə çalışır. Cənubi Asiya dövləti paralel olaraq Türkiyə ilə ciddi fikir ayrılıqlarına malik Yunanıstanla da hərbi əməkdaşlığı genişləndirir. Ölkənin baş naziri Narendra Modinin 2023-cü ilin avqustunda Afinaya birgünlük rəsmi səfəri zamanı Hindistan mediası bu hadisənin “Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyən Türkiyə üçün mühüm siqnal” olacağını yazmışdı. Eyni zamanda, “Financial Express” qəzeti Hindistanın Türkiyə–Pakistan–Azərbaycan müttəfiqliyinə alternativ olaraq Ermənistan və Yunanıstanın iştirakı ilə yeni güc mərkəzi yaratmaq planlarından xəbər vermişdi.

* * *

Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, son illərdə, xüsusilə son iki ildə Ermənistanın intensiv şəkildə silahlandırılması prosesi gedir. Onun sözlərinə görə, silahlanma prosesi həm birbaşa, həm də hərbi-texniki əməkdaşlıq adı altında həyata keçirilir. İrəvanın havadarları bu prosesi Ermənistanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi adı altında icra edirlər: “Ancaq bunun alt qatında başqa məqsədlər dayanır. Ermənistanı silahlandıranlar onun siyasətinə təsir edə bilən dövlətlərdir. Bu addım ilk növbədə region üçün təhlükəlidir. Digər tərəfdən onlar Azərbaycana qarşı revanş xarakterli hansısa addım atmaq istəyirlər. Bundan sonra beynəlxalq qurumlar Ermənistanın havadarlarına uyğun olaraq qətnamələr çıxaracaq. Həmin qətnamələr isə İrəvanı silahlandıran qüvvələrə bölgədə öz maraqlarını təmin etmək üçün “hüquqi əsas” verəcək. Burada lokomotiv rolunda Fransa çıxış edir. Eyni zamanda, burada ABŞ-nin də maraqlarını qeyd etmək lazımdır. Onların səyləri nəticəsində gələcəkdə burada Ukrayna münaqişəsinə bənzər münaqişənin yaranacağı istisna edilmir”.

Ermənistanı silahlandıran ölkələrin coğrafiyasının genişləndiyini vurğulayan Ş.Ramaldanov Fransa, Hindistan kimi ölkələrlə yanaşı siyahıya Cənubi Koreyanın, Yaponiyanın, Yunanıstanın, Cənubi Kiprin də daxil olduğunu vurğuladı: “Yəni, biz bu ölkələri nəzərdən keçirdikdə görürük ki, onlar həm Azərbaycana, həm də bölgəmizə dost olmayan dövlətlərdir. Əlbəttə, dost olmayan ölkələrin regionda öz maraqlarını təmin etmələrinin və çirkin əməllərini həyata keçirmələrinin bölgənin inkişafına bilavasitə mənfi təsir göstərəcəyi istisna olunmur”.

Müsahibimiz qeyd etdi ki, Ermənistan rəhbərliyinin silah aldığı ölkələrin siyahısını genişləndirməsinin siyasi səbəbi də var: “Rəsmi İrəvan göstərmək istəyir ki, onları dəstəkləyən ölkələr çoxdur. Ermənistan bu gün Azərbaycana dost olmayan qüvvələri öz ətrafında cəmləşdirərək ölkəmizə hansısa təzyiqlər göstərməyə çalışır. Ancaq buna baxmayaraq, Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü, suverenliyini və milli maraqlarını təmin etməyə qadirdir. Bu gün ordumuz yüksək döyüş qabiliyyətinə malik ordu kimi bütün dünyada qəbul edilir. Beynəlxalq hesabatlarda Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasında olduğu artıq neçənci dəfədir ki, öz əksini tapır”.

Ş.Ramaldanov onu da bildirdi ki, buna baxmayaraq, Azərbaycan Ermənistanın silahlandırılması prosesini daim nəzarət altında saxlamalıdır: “Müharibə şəraitində olmağımız səbəbindən Ermənistanın bizə təhlükə yaradacaq hər hansı hərbi infrastrukturu və ya obyekti Azərbaycan Ordusu üçün legitim hərbi hədəf kimi qiymətləndirilə bilər. Digər tərəfdən, beynəlxalq qanunlara görə, əgər bir ölkənin silahlanması digərinə təhlükə yaradarsa, həmin dövlətin bu prosesin qarşısını almağa haqqı çatır. Bu gün Azərbaycanın artan hərbi büdcəsi Ermənistana və onun havadarlarına məqsədlərinə çatmağa imkan verməyəcək. Digər tərəfdən Prezident İlham Əliyevin müsahibəsində bildirdiyi kimi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Yəni, onlar hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticələrini unutmamalıdırlar. Azərbaycanın “dəmir yumruğ”u daim hazır vəziyyətdədir. İrəvanı silahlandıran ölkələr bilməlidirlər ki, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və suverenliyini istənilən xarici təhlükədən, o cümlədən Ermənistanın revanşist niyyətlərindən qorumağa hər zaman qadirdir”.

Səxavət HƏMİD
XQ



Siyasət