Nə vaxt bura gəlsəm, Rəsul Rzanın bu sözləri yadıma düşür
Bu gün Aran Şirvanın məhsuldar torpaqlarına yeni can verilən, cəmiyyət həyatının bütün sahələrində respublikamızın ümumi inkişafına layiq addımlar atılan Göyçayda həyat qaynayır. Burada yurda, Vətənə, həyata bağlı insanlar çoxdur, sadə göyçaylılar həyatın qədrini bilirlər. Həm də ustad şair Rəsul Rzanın “Eşq olsun həyatın gücünə” misrası ilə başa çatan “Nərgiz” şeirinin ədəbi gücünü unutmaq mümkün deyil. Xatırladım ki, doğulub böyüdüyüm Gəncə şəhəri Nizami Gəncəvi başda olmaqla onlarca görkəmli, tarixi şəxsiyyət yetirib. Yəni fəxr, iftixar baxımından “gözüm toxdur”. Amma hər dəfə Göyçaya gələndə sanki Rəsul Rzanın, Ənvər Məmmədxanlının, Əli Kərimin səsini eşidirəm.
...Bu il oktyabrın 17-də Natiq Ağayevin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsinin cəmi iki ili tamam oldu. Burada “cəmi” sözünün işlədilməsi təsadüfi deyil. Çünki rayonun yeni rəhbəri bu qısa müddətdə – cəmi iki ildə Göyçayın, demək olar ki, ən kiçik kəndlərində belə sakinlərlə görüşüb, səyyar qəbul–görüşlərdə iştirak edib, insanları narahat edən, maraqlandıran məsələlərin həlli yollarının tapılmasına çalışıb.
Onun rayona rəhbərlik etdiyi illər İkinci Qarabağ müharibəsindən sonrakı dövrə təsadüf etdiyinə görə icra hakimiyyətinin qarşısında duran əsas vəzifələrdən biri də şəhid ailələrinin, qazilərin problemlərinin həll edilməsi, şəhid valideynlərinin yarasının sağaldılması istiqamətində görüləcək işlər olub. Elə buna görə də icra hakimiyyətinin saytındakı hər üç xəbərdən biri səyyar qəbul, biri isə hansısa şəhidin anım və ya ad gününün qeyd olunması barədədir.
... Cəmi iki əsrə yaxın yaşı olan bu “Çinarlar şəhəri”, burada abidə kimi qorunan çinar ağaclarından nə yazırsan yaz, sözünün, söhbətinin yarısı göyçaylılar barədə, o biri yarısı mütləq nar haqqında olur.
Bu şəhərə Ağsu tərəfdən daxil olanda yolun sağında metaldan hazırlanmış nəhəng bir nar fiquru görünür. Həmin fiqur həmişə mənə uşaqlıq illərində eşitdiyim tapmacanı xatırladır: “Aldım bir dənə, açdım – yüz dənə”. Nar artım, ruzi, bərəkət, bolluq rəmzidir. Həmin rəmzə ehtiram olaraq burada dəfələrlə “Nar bayramı” keçirilib. Bilmirəm, xatırlayırsınız, ya yox, bir neçə il qabaq ölkəmizdə keçirilən birinci Avropa Oyunlarının simvollarından biri nar olub. Bu “metal nar”dan əlavə rayonun istehsal müəssisələrindən birinin həyətində “Nar heykəli” də ucaldılıb. Bu, Azərbaycanda ilk və hələlik yeganə nar heykəlidir.
Nar bayramlarının bir neçəsində mən də iştirak etmişəm. Nar həmişə Göyçayı qonaq-qaralı edib. Bura nə qədər nar sevdalı turist, səyyah, diplomat, ziyalı, mətbuat təmsilçisi gəlib. Bunu bilmək üçün siz də gəlin. Görəcəksiniz, narın işığına nə qədər insan yığışır.
Ötən il Heydər Əliyev Mərkəzində göyçaylılar maraqlı bir tədbirə şahidlik etdilər. Belə ki, orada Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, xeyriyyəçi Elxan Süleymanovun rəhbərliyi ilə nəfis şəkildə buraxılmış “Göyçay ensiklopediyası”nın təqdimat mərasimi keçirildi. Yaxından-uzaqdan xeyli qonaq gəlmişdi. Yazıçılar Birliyini sədri, Xalq yazıçısı Anar çıxışında bildirdi ki, belə bir toplunun ərsəyə gəlməsi böyük zəhmət tələb edir və onun içində qiymətli faktlar var. Ensiklopediyada bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr, müvafiq xəritələr yer alıb. Yerli ədəbi-mədəni mühit, folklor və mərasimlər, maddi mədəniyyət, toponimlər haqqında tanınmış tədqiqatçıların yazdıqları oçerklərlə tanış olmaq olar. Kitaba, ilk növbədə, Göyçayın adını xan çinarın ucalığına qaldırmış görkəmli şəxsiyyətlər haqqında məqalələr daxil edilib. Bunların hamısı 951 məqalədə, 11 irihəcmli oçerkdə birləşib.
Buradaca qeyd edək ki, bu ilin iyun ayında Göyçayın Qaraman kəndində Elxan Süleymanovun təşəbbüsü ilə Göyçaydakı 57 məktəbin hər birindən bir əlaçı şagirdə 500 manat məbləğində Hacı Rəhim Əfəndi təqaüdünün verilməsi mərasimi keçirilib. Həmin tədbirdə mən də iştirak etmişəm. Mərasimdə çıxış edən Elxan Süleymanov təhsilə qayğı ənənəsinin yaşadılmasından danışıb. Babası Hacı Rəhim Əfəndinin 1903-cü ildə bünövrəsini qoyduğu Qaraman kənd tam orta məktəbindən və digər xeyriyyəçilik fəaliyyətindən konkret faktlarla söz açıb. Onu da deyək ki, Elxan Süleymanov həmin məktəbi və kənddəki Hacı Rəhim Əfəndi məscidini 1991-ci ildə əsaslı şəkildə bərpa etdirib.
Göyçayda bu il şahidlik etdiyim sonuncu tədbir isə payızın sonuna təsadüf edib. Həmin toplantıda şəhər infrastrukturunun qış mövsümünə hazırlıq vəziyyəti müzakirə edilirdi, küçələrin işıqlandırılması, piyadaların və avtomobillərin axşam saatlarında təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin sakinlərin asudə vaxtlarını parklarda rahat keçirmələri üçün işıqlandırma sistemlərinin bərpasından danışılırdı. Tədbirdə şəhərin Heydər Əliyev prospektində, M.Ə.Rəsulzadə, R.Rza, Maarif Həsənov və Natəvan küçələrində təmir-bərpa işlərinin aparılması, ərazilərin işıqlandırılaraq tamamilə müasirləşdirilməsi qeyd edildi. Yeri gəlmişkən, rayonda abadlıq-quruculuq və yenidənqurma işləri, o cümlədən küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlanması istiqamətində il boyu davamlı işlər həyata keçirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Kamil Xəlilov ilə söhbətimiz zamanı məlum oldu ki, Göyçay küçələrinin bu şəkildə işıqlandırılmasından qabaq, yəni oktyabrın əvvəlindən “Azərişıq” ASC tərəfindən Göyçay şəhəri ilə yanaşı, kəndlərin də daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılıb. Bir sıra ərazilərdə elektrik enerjisinin verilişində yaranan çətinliklərin aradan qaldırılması üçün hava xətlərində təmir işləri aparılıb.
Bütün bunlarla yanaşı, Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Qarabaqqal, Hacalıkənd, Çayarxı, Bığır, Mirzəhseynli, Cəyirli, Kürdəmiş, Ləkçılpaq, Yalman və Qarabağlar kəndlərində abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi və qəzaların qısa vaxt ərzində aradan qaldırılması məqsədilə müvafiq xətt ayırıcıları quraşdırılıb.
Həmsöhbətim əlavə etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il dekabrın 25-də Göyçay rayonunun Potu ‒ Ulaşlı Şıxlı ‒ Üngütlü ‒ Çərəkə ‒ Çərəcə ‒ Şıxlar ‒ Xəlitli ‒Yeniarx ‒Hacıağabəyli kəndlərinin avtomobil yolunda əsaslı təmir işlərinin aparılması ilə bağlı imzaladığı sərəncamın icrası prosesində bu il uzunluğu 42,35 kilometr olan layihənin Çərəkə, Çərəcə və Şıxlar kəndlərini birləşdirən kəndlərarası avtomobil yoluna yeni asfalt örtüyünün vurulması işləri başa çatdırılıb. Avtomobil yolunun üzərində avtobus dayanacaqları, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla magistral müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Göyçay rayonunun iqtisadi və sosial inkişafının göstəriciləri də ürəkaçandır. Belə ki, rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 39 milyon 403 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çox ümumi məhsul buraxılışı olub. Məhsul və xidmətlərin 70,7 faizi istehsal sahələrinin, 29,3 faizi isə xidmət sahələrinin payına düşüb.
Onu da yada salaq ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi sənaye üzrə 113,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 94,4 faiz, tikinti üzrə 7,5 dəfə çox olub. Bundan başqa, nəqliyyat və anbar təsərrüfatı üzrə göstəricilər 105,1, informasiya və rabitə üzrə 91,4, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə isə 100,3 faiz təşkil edib.
İlin 3 rübü ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 4 milyon 893 min manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 91,7 faizi emal sektorunda, 7,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal olunub.
Rayona yolu düşənlər görürlər ki, Göyçayın bu gün görkəmi kifayət qədər müasirləşdirilib. Tikinti-quruculuq, abadlıq işləri günün əsas məsələlərindən birinə çevrilib. Bu ilin geridə qalan aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 20 milyon 689 min manat investisiya yönəldilib. Sərmayə qoyuluşunun 20 milyon 625 min manatı və ya 99,7 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Yuxarıda qeyd etdik ki, son zamanlar Göyçaya təkcə respublikamızdan deyil, dünyanın çox ölkələrindən qonaqlar və turistlər gəlirlər. Ona görə də nəqliyyat, informasiya və rabitə sahələri rayon rəhbərliyinin diqqət mərkəzindədir. İlin əvvəlindən bəri nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 543 min ton yük və 9087 min nəfər sərnişin, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38 min ton və ya 7,5 faiz çox yük daşınıb. İnformasiya və rabitə müəssisələri tərəfindən isə əhaliyə, müəssisə və təşkilatlara 1 milyon 775 min manatlıq xidmət göstərilib.
Göyçay çayı, Göyçay rayonu, “Göyçay” qəzeti və göyçaylı imici. Çayı bu insanlara Tanrı bəxş edib, rayonu dövlət formalaşdırıb, qəzeti jurnalist həmkarlarımız ərsəyə gətiriblər. Göyçaylı imici isə halallıqla yaşamağı bacaran yerli ziyalıların, sadə zəhmət adamlarının, işgüzar, yorulmayan sahibkarların və səsi ölkənin müxtəlif ünvanlarından gələn fərasətli göyçaylıların qətrə-qətrə topladıqları nüfuzun nəticəsidir.
Bığırlı sahibkar Tofiq Lətifov həmin sadə zəhmət adamlarından biridir. Həyatının böyük hissəsi nar bağlarında keçən bu ağsaqqal nar ağaclarındakı tumurcuqlarla da danışıb, nar çiçəkləri ilə də. Çiçəkdən meyvəyə çevrilən ufaq narların da sevincinə qoşulub, budaqları əyilən bol məhsullu ağacların da. Onun fikrincə, ən böyük sevinc – yorğunluq çıxaran məqam isə nar məhsulu doldurulmuş yüzlərlə yeşiyin “boy sırasına düzüldüyünü” görməkdir.
Dekabrın ilk günlərində Göyçay sakinlərinin rahat gediş-gəlişinin təmin olunması məqsədilə şəhərin Heydər Əliyev prospektində və Nizami küçəsində abadlıq işlərini həyata keçirən podratçı təşkilat “ATF” MMC tərəfindən piyada səkisinin yenidən qurulması işlərinə başlanılıb. Noyabrda aparılan abadlıq işləri çərçivəsində isə şəhərin Heydər Əliyev prospektindəki dalanlara, Vaqif, S.Vurğun, Şirvani, Z.Tağıyev, Z.Nəcəfov, Xəyal Məmmədov, Maarif Həsənov, Rauf İsayev küçələrində və 52-ci məhəllədə yeni asfalt örtüyü çəkilişi başa çatıb.
Göyçay da digər rayonlarımız kimi həm birinci, həm də ikinci Qarabağ müharibələrində xeyli şəhid verib. Noyabrın 30-da həmin şəhidlərdən birinin – Rəhim Həmidovun o zirvəyə ucalmasının dördüncü ildönümü qeyd edilirdi. Yəqin ki, hörmətli oxucu bu tarixin fərqinə vardı. Belə ki, Rəhim İkinci Qarabağ müharibəsi başa çatandan 20 gün sonra şəhid olub. Bu isə düşmənin nə dərəcədə qansız olduğunun göstəricisidir.
İldönümü mərasimində iştirak edən rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin üzvləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək göyçaylı gənclərin Vətən sevgisini, mərdliyini, cəsurluğunu alqışlayıblar. Xatırladaq ki, şəhid Rəhim Həmidov Azərbaycan Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Nəhayət, böyük şairimiz Rəsul Rzanın hələ 1957-ci ildə yazdığı “Nərgiz” şeiri barədə. Şair “Goycayda bir qonaq evi var” sözləri ilə başlanan şeirdə qeyd edir ki, bir səhər gördüm ki, onun qonaq evinin həyətindəki asfalt qabar-qabar olub. Sonrakı günlər gördüm ki, həmin qabarlar parçalanır. Daha sonra gördüm ki, asfaltın parçalanmış yerlərindən nərgiz topaları çıxıb, yasil bir alov kimi:
Soyuq asfalt
Məğlub olub həyat gücünə
Zərif nərgiz
Qalxıb düyməcə-düyməcə.
Qalxıb Günəş eşqinə,
Bahar eşqinə.
Dedim: Eşq olsun həyatın gücünə.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Göyçay