Dünən Gürcüstanda prezident seçkiləri keçirilib. Keçmiş futbolçu və eks-deputat Mixeil Kavelaşvili dövlət başçısı vəzifəsinə yeganə namizəd kimi irəli sürülüb. Səsvermədə 225 seçki kollegiyasının üzvü iştirak edib ki, bu da seçicilərin yarısından çoxu və prezident seçkilərinin baş tutması deməkdir.
Açıq şəkildə baş tutan seçkidə əvvəlcə Gürcüstan parlamentinin üzvləri, sonra isə əlifba sırası ilə digər dövlət orqanlarının nümayəndələri səs veriblər. Müxalifət partiyaları isə prezident seçkisində iştirak etməyiblər. Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvündən 224-ü Mixeil Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib. 1 bülleten isə etibarsız sayılıb. “Mtavar” telekanalının məlumatına görə, namizədə Abxaziya Muxtar Respublikası Ali Sovetinin deputatı Ada Marşaniya səs verməyib.
Beləliklə, “Gürcü arzusu”nun namizədi Mixeil Kavelaşvili Gürcüstanın prezidenti seçilmək üçün lazım olan 200 səsdən çoxunu toplayıb.
Bəs Mixeil Kavelaşvilinin siyasi fəaliyyəti ilə bağlı nə bilirik? O, 2016-cı ildən hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasından Gürcüstan parlamentinin üzvüdür. 2016–2020-ci illərdə ölkənin İdman və Gənclər Komitəsinə rəhbərlik edib. 2022-ci ilin iyununda isə "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasını və parlament fraksiyasını tərk edib.
2023-cü ilin yazında xarici agentlərlə bağlı qanun layihəsinin təşəbbüskarı olub. 2024-cü ilin martında "Xalq Gücü" partiyası kimi qeydə alınıb. Onun siyasi katibi vəzifəsini Mixeil Kavelaşvili icra edib. 2024-cü il oktyabrın 26-da "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının siyahısı ilə Gürcüstan parlamentinin deputatı seçilib.
2024-cü il noyabrında "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyası prezident seçkisində Mixeil Kavelaşvilinin namizədliyini irəli sürüb. Və nəhayət, bu vəzifəyə seçilib. Onun prezident kimi səlahiyyətləri məhduddur. Bu barədə “Gürcü arzusu” partiyasının liderlərindən biri Mamuka Mdinaradze bildirib ki, Mixeil Kavelaşvili məhdud səlahiyyətlərini nəzərə alsaq, yaxşı prezidenti olacaq. “Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili və onun sələfləri prezident postu ilə bağlı yalnış fikir yaradıblar. İndi, hətta tənqidi fikirlər söyləməyin özü də səhvdir”. Mdinaradze vurğulayıb ki, parlament respublikası şəraitində Kavelaşvili simvolik fiqur olacaq və ölkənin kursunu müəyyən etməyəcək: “O, şəxsi və peşəkar keyfiyyətlərinə görə fərqlənə bilər. Bu gün prezident məhdud səlahiyyətlərə malik simvolik bir fiqurdur. Məsələn, kimin əfv edilməsinə prezidentin özü qərar verir və qanunlara veto hüququndan istifadə edir. Lakin o, xarici siyasəti müəyyən etmir və bu, onun işi deyil. Parlament respublikasında xarici siyasəti Gürcüstan hökuməti müəyyənləşdirir və həyata keçirir. O, beynəlxalq münasibətlərdə nümayəndəlik funksiyalarını yalnız hökumətin razılığı ilə həyata keçirə bilər”.
Mdinaradze qeyd edib ki, eyni sözlər Ali Baş Komandan vəzifəsinə də aiddir. “Əgər biz Ali Baş Komandandan danışırıqsa, Mixeil Kavelaşvili yaxşı baş komandan olacaq. Bu, bir növ orduya rəhbərlik kimi qəbul edilir, amma prezidentin bu səlahiyyəti də məhduddur. Onun ordu hissələrinin hərəkəti və ya döyüş taktikası haqqında heç bir xüsusi biliyə ehtiyacı yoxdur”.
Bu arada, xanım Salome Zurabişvili yenə də deyib ki, dövlət başçısı kimi səlahiyyətlərinə davam edəcək. O, sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Kimin gedəcəyini görəcəyik”.
Qeyd edək ki, dünən Salome Zurabişvili prezident seçkisinin keçirildiyi parlament binasının qarşısında görünüb və etiraz aksiyasının iştirakçılarına dəstəyini bildirib.
Bu açıqlama hakim partiyada xoş qarşılanmayıb. Baş nazir İrakli Kobaxidze deyib: “Salome Zurabişvili, təəssüf ki, son 3 ildə ölkəmizin milli maraqlarına zərər vurmağa çalışıb. Lakin şükürlər olsun ki, Gürcüstan parlament respublikası olub və olaraq qalır. Buna görə də prezident ölkəmizdə çox şeyi korlaya bilmədi. 29 dekabrda onun səlahiyyət müddəti tamamilə başa çatır. Və əlbəttə, o, təqaüdə çıxmalı olacaq”.
Hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze isə vaxtilə partiyanın Zurabişvilinin prezident seçilməsinə kömək etdiyi üçün xalqdan üzr istəyib.
P.ƏFƏNDİYEV
XQ