Səməd Vurğunun Ev Muzeyində “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində “Anamın örtdüyü sarı kəlağayı” adlı toplantı keçirilib. Kəlağayı muzeyi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkil etdikləri görüş milli kəlağayımızın Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyi nəticəsində UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.
Mirvarid Dilbazi poeziya Məclisinin üzvü, şair Mətanət Ulu Şirvanlı layihə çərçivəsində keçirilən bu silsilə tədbirlərin milli-mənəvi dəyərlərimizin təbliğ edilməsində əhəmiyyətindən danışıb. Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü Surxay Məmmədoğlu, AMEA Folklor İnstitunun əməkdaşı Elmiyyə Abdullayeva, yazıçı-publisist Reyhan Mirzəzadə və başqa qonaqlar ipək sapdan toxunmuş qadınlara məxsus bu qədim baş örtüyünün Azərbaycanın zəngin mədəni irs tarixində daşıdığı dəyərdən söz açıblar. Aşıq Nərmin Cəlalın ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri, “Paşaköçdü” havası və s. mahnılar məclisə təravət gətirib.
Layihə iştirakçılarına kəlağayı, onun hazırlanma prosesi və növləri haqqında məlumat verilib, bədii nümunələrdən ibarət sərgi təqdim edilib.
Xatırladaq ki, yanvar ayından başladılan bu layihə respublikamızın bölgələrində, Naxçıvan MR-da, Sankt-Peterburqda, Tbilisi - M.F.Axundzadənin Ev Muzeyində, Marneuli - Tədris və Mədəniyyət Mərkəzində və başqa məkanlarda davam etdirilib. Silsilə tədbirlər bu ilin sonuna qədər davam edəcək.
Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto)
XQ