Lənkəranda “Flaminqo festivalı” keçirilib, 200 min balıq körpəsi dənizə buraxılıb

post-img

Bu gün Qızılağac Milli Parkında II "Flaminqo festivalı" keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsirini və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına dair guşələr, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunub. Həmçinin dənizə 200 min balıq körpəsi buraxılıb.

AZƏRTAC xəbər verir ki, fesivalın açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, eləcə də milli parkı ziyarət edən turistlər qatılıblar.

Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından belə festivalların keçirilməsinin əhəmiyyəti böyükdür. İcra başçısı festivalın keçirilməsi ilə ekoloji biliklərin təbliğinə, gələcək nəsillərin maarifləndirilməsinə, eyni zamanda, ekoturizmin inkişafı üçün yeni imkanların yaranmasına yeni töhfələrin veriləcəyinə olan inamını ifadə edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov festivalın keçirilmə məqsədləri barədə məlumat verib. Həmçinin bildirib ki, Azərbaycan çox unikal coğrafi mövqedə yerləşir. Ölkə ərazisinin 10,3 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir. 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Nazir müavini qeyd edib ki, festivalın əsas məqsədi nadir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasıdır: “İctimaiyyətin diqqətini nəsli kəsilməkdə olan növlərin, əsasən də flaminqo, qızıl qaz kimi canlıların mühafizəsinə diqqət çəkmək istəyirik. Flaminqo Azərbaycanın “Qırmızı kitab”ına düşən nadir köçəri quş növüdür. Qış fəslində qışlamaq üçün Azərbaycanda su-bataqlıq ərazilərinə köç edir. Qızılağac Milli Parkı həm də qızıl qaz quşlarının daimi köç etdiyi ərazilərdən hesab olunur. Bu, sayca ikinci festivaldır. Bu gün 200 min balıq körpəsi də dənizə buraxıldı. Burada sərgilər təşkil olunub, digər milli parklarin stendləri sərgilənir”.

Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov festivalın təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından önəmini vurğulayıb: “Əsas məqsəd cənub bölgəsinin ekoturizm potensialının geniş turizm kütləsinə tanıdılması, eyni zamanda, biomüxtəlifliyin qorunması və flaminqo quşlarının məhz bizim bölgənin bir brendi, yeni turizm “məhsulu” olaraq təqdim olunmasıdır”.

Sonra tədbir iştirakçıları festival çərçivəsində nümayiş olunan Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsirini və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlərlə, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid guşələrlə, suvenirlərlə tanış olub, folklor qruplarının çıxışlarını izləyib, ekoviktorinaya baxış keçiriblər.

Sosial həyat