COP29 çərçivəsində BMT-nin Uşaq Fondunun təşkilatçılığı ilə keçirilən “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” üzrə yüksək səviyyəli dəyirmi masada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib: “İnsan inkişafı bizim fəaliyyətimizin mərkəzində dayanır və iqlim dəyişikliyi fonunda bu diqqətin əhəmiyyəti daha da artır.İqlim təsirləri sağlamlıqdan və təhsildən iqtisadi sabitliyə qədər insan inkişafının hər bir sahəsinə toxunur. Buna görə də, uşaqlarımızın hərtərəfli dəstəklənməsi vacibdir.”
O bildirib ki, iqlim dəyişikliyinin təhsilə və sağlamlığa təsirləri vasitəsilə yaratdığı pozuntular bütün dünyada uşaqlara, ailələrə və icmalara birbaşa təsir edir. Buna görə, onların hərtərəfli inkişafı və ətraf mühit təsirlərindən qorunması yalnız gələcəyə bir sərmayə deyil, həm də Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədlərinə xidmət edir. İqlim dayanıqlığını qurma yanaşmamız regionlar, icmalar və yaş qrupları arasında əlaqə yaratmaqla hər yerdə uşaqların inkişaf etməsi üçün bilik və dəstək təmin etməyə yönəlib. İqlim savadlı və iqlimə dayanıqlı bir nəsil yetişdirmək vacibdir və bunu təmin etmək üçün səmərəli və dayanıqlı mexanizmlər yaradılmalıdır.
Həssas icmalar üçün iqlim dəyişikliyinin iqtisadi və sosial problemlər yaratdığını diqqətə çatdıran Komitə sədri sosial müdafiə və təhlükəsizlik şəbəkələrinin gücləndirilməsi, iqlim hadisələrindən təsirlənənlərə maliyyə dəstəyinin göstərilməsinin vacibliyini, ekstremal istilik, infeksiyalar, hava çirkliliyi, qidalanma və ərzaq təhlükəsizliyi üçün erkən xəbərdarlıq sistemlərinin yaradılmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, təhsil müəssisələri, səhiyyə təminatçıları, yerli hökumətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq, hərtərəfli bir şəbəkə yaratmaq üçün əsasdır. Uşaqlar və ailələr sabit dəstəyə, sağlamlıq xidmətlərinə çıxışa ehtiyac duyurlar. Onlar əmin olmalıdırlar ki, ekoloji dəyişikliklər dövründə geridə qalmayacaqlar.
Çıxışının sonunda Bahar Muradova deyib: “İlk dəfə olaraq, uşaqlara və gənclərə xüsusi diqqət yetirilərək, iqlim tədbirləri çərçivəsində hərtərəfli insan inkişafı COP gündəminə gətirilib. Uşaqlarımızı iqlim dəyişikliyi ilə üzləşmədə dəstəkləmək üçün atılan hər addım ortaq gələcəyimizə bir sərmayədir. Bu səbəbdən, hər kəsi bu vacib missiyada daha aktiv rol oynamağa və yaşıl dünya üçün həmrəyliyə çağırıram”.
Müzakirələrdə iştirak edən Uşaq Səfirlər Məclisinin nümayəndələri məclisin fəaliyyəti haqqında məlumat veriblər və bu il keçiriləcək VI Ümumrespublika Uşaq Formu çərçivəsində təşkil ediləcək hər bir panelin ekologiya ilə əlaqələndiriləcəyinə diqqət çəkiblər.
Z.HÜSEYNOVA
XQ