Azərbaycanda keçirilən COP29 konfransında vacib qərarların qəbul edilməsi gözlənilir. Bu qərarlarda Qlobal Cənub ölkələrinin və yerli xalqların səsləri diqqət mərkəzində olmalıdır. Çünki iqlim dəyişmələrindən ən çox təsirlənən insanlar artıq mövcud iqlim həllərinə və metodlarına sahibdirlər. Onlar iqlim dəyişmələri ilə necə mübarizə aparmağı bilirlər. Bu xalqlar iqlim dəyişmələrinə müxtəlif formalarda məruz qalırlar. Lakin bəzən onların səsi eşidilmir. Fikrimcə, Qlobal Cənub ölkələrinin və yerli xalqların səslərini eşitmək, iqlim dəyişikliyinə adaptasiya və onun təsirlərinin azaldılması məsələsində irəliyə doğru mühüm addım ola bilər.
Bu sözləri COP29-un niderlandlı iştirakçısı Nigel Maduro AZƏRTAC-a açıqlamasında söyləyib.
COP29-dan gözləntilər barədə danışan N.Maduro qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizənin ön xəttində dayanan insanları dinləmək çox əhəmiyyətlidir: “Onlar hər gün iqlim dəyişikliyinin təsirlərinə məruz qalır və bununla mübarizə aparırlar. Əgər bu məsələdən ən çox təsirlənən insanları, ön cəbhədə olan şəxsləri dinləsək düzgün həll yollarını tapa bilərik. Yüksək mövqelərdə olan və ya böyük maliyyə imkanlarına malik insanlardan çox, iqlim dəyişikliyindən ən çox təsirlənən insanlara qulaq asmalıyıq”.
Bakıdakı COP29 ilə bağlı təəssüratlarının çox müsbət olduğunu deyən niderlandlı iştirakçı bildirib: “Buradakı təmizlik, nizam-intizam və təşkilatçılıq yüksək səviyyədədir. Bu konfrans digər ölkələrdə keçirilmiş COP tədbirləri ilə müqayisədə daha rahat və yaxşı əlaqələndirilmiş şəkildə təşkil olunub. Düşünürəm ki, Azərbaycanda bu tədbirin təşkili uğurlu alınıb”.