Görkəmli jurnalist, nüfuzlu redaktor, fəal ictimai xadim

post-img

RƏŞİD MAHMUDOV – 95

Milli jurnalistikamızın parlaq nümayəndələrindən biri Rəşid Mahmudovun 95 yaşı tamam olur. O, 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsinin ilk buraxılış məzunlarından biri olub. Sonrakı illərdə aspiranturanı və Bakı Ali Partiya Məktəbini bitirib. Gənclik illərində keçmiş “Kommunist” (1991-ci ildən “Xalq qəzeti”) qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini vəzifələrində işləyib.

1965-ci ildə təcrübəli jurnalist kimi Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri vəzifəsinə irəli çəkilib, 1973-cü ildə Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Jurnalist-redaktor fəaliyyətini 1980-ci ildən doğma “Kommunist‖” qəzetinin redaktoru, 1987-ci ildən isə “Azərbaycan kommunisti” (“Kommunist Azerbaydjana” ) jurnalının baş redaktoru, 1988–1991-ci illərdə Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri vəzifələrində davam etdirib.

Rəşid Mahmudov fəal ictimai xadim kimi müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqına və “Kitab” Cəmiyyətinə rəhbərlik edib. O, uzun illər Azərbaycan KP MK-nın üzvü, 4 çağırış respublika Ali Sovetinin deputatı və mədəniyyət daimi komissiyasının sədri seçilib. Tanınmış jurnalist və media təşkilatçısı olan Rəşid müəllim “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına, “Qızıl qələm”, “Ustad” media mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. Ömrünün son illərində Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü olub.

Ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan milli jurnalistikasının peşəkarlıq və milli varlığa bağlılıq baxımından inkişaf etməsinə, dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəyə yönlənməsinə layiqli xidmətlər göstərmiş qələm sahibi və mətbuat təşkilatçılarından biri də Rəşid Mahmudov olmuşdur.

Böyük bir ailədə halallıq mühitində böyüyən Rəşid Mahmudov müharibə illərinin ağrı-acılarını dadıb, uşaqlıq illərindən zəhmətə alışıb. Orta məktəbi əla qiymətlərlə bitirib, ali jurnalistika təhsili alıb. Tələbəlik illərindən istedadı, güclü yaddaşı və çalışqanlığı ilə seçilən gənc qələm sahibi maraqlı mövzularda yazıları ilə müxtəlif mətbuat orqanlarında çıxış edib. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturaya daxil olması, jurnalist tələbələrə mühazirələr oxuması, respublikanın ən nüfuzlu dövri nəşri olan “Kommunist” qəzetində çalışması Rəşid Mahmudovun peşəkar jurnalist kimi formalaşıb samballı uğurlar qazanmasında önəmli rol oynayıb.

Səriştəli ideoloji işçi kimi Rəşid Mahmudov hansı vəzifəyə göndərilibsə təşəbbüskarlığı, təşkilatçılığı ilə etimadı yüksək səviyyədə doğruldub. Hansı sahədə çalışıbsa intizamı, səmimiliyi və qayğıkeşliyi ilə seçilib. Həmişə işlədiyi kollektivlərin dərin hörmət və ehtiramını qazanıb. Ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illərdə Rəşid Mahmudovun rəhbər işçi və ictimai xadim kimi insanları quruculuq işlərinə səfərbər etmək bacarığı daha da yüksəlib, bir sıra uğurlarla müşayiət olunub.

Rəşid Mahmudov milli qəzetçilik, jurnalistika ənənələrinə sadiq qalan qələm sahiblərindən idi. O deyirdi: “Heç bir çətinlik əsas olmamalıdır ki, kimsə jurnalist adına ləkə gətirsin”. Xalq şairi Cabir Novruz isə Rəşid müəllimin 75 illiyinə həsr etdiyi məqalədə yazırdı: “Rəşid müəllim çox yüksək və müxtəlif vəzifələrdə işləyib, lakin o, bütün vəzifələrin zirvəsində duran – insanlıq vəzifəsinə nail olmuşdur”.

Ömrünün sonuna qədər Rəşid Mahmudovun qələmi fəaliyyətdən qalmayıb. Ahıl yaşlarında “Vətən” nəşriyyatının direktoru işləyərkən müstəqillik dövrünün bir sıra gərəkli nəşrlərinin çap olunmasında yaxından iştirak edib. Onun özünün bir çox siyasi, elmi-publisistik əsərləri, “Azərbaycan jurnalistləri”, “Müasir mətbuatımızın xarakteri”, “Hümmət” təşkilatı və onun nəşrləri”, “İnsan əməyi ilə gözəldir” adlı kitabları gənc jurnalistlərin peşəkarlığının yüksəlməsində qiymətli mənbədir. Özü isə mətbuat komitəsinə rəhbərlik edərkən müstəsna bir çətinliklə müqəddəs “Quran”ın ana dilimizdə nəşrinə və 20 Yanvar həqiqətlərini əks etdirən sənədli toplunun müxtəlif dillərdə kütləvi tirajla çapına nail olduğuna görə qürur duyurdu.

Rəşid müəllim çox sayda jurnalistin bilik-bacarığına uyğun işə qəbul edilməsində, layiqli mövqe qazanmasında, müxtəlif problemlərinin həllində fəal və xeyirxah rol oynayıb. Həmin jurnalistlərdən biri də mən olmuşam.

1969-cu ilin ürəkaçan may günləri idi. Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirməkdə və müvafiq bir iş axtarışında idik. Müxtəlif redaksiyalara baş vurur, istəyimizə təxmini cavablar alırdıq. Həmin günlərin birində məni dekanlığa çağırıb dedilər ki, get Mərkəzi Komitəyə, bölmə müdiri Rəşid Mahmudov səni qəbul edəcək. Getdim, Rəşid müəllimlə ilk ünsiyyətim təhsilimlə, şəxsi həyatımla əlaqədar verdiyi suallardan başladı. Sonra bir neçə dəfə də görüşdük, bilik-bacarığıma, tərbiyə və davranışıma mümkün qədər bələd oldu.

Nəhayət, Rəşid müəllimin etimadı və zəmanəti ilə o vaxtadək görünməmiş, yatsam yuxuma da girməyəsi bir hadisə baş verdi: ali məktəb auditoriyasından birbaşa Şərur rayonunda çıxan “İşıqlı yol” qəzetinə redaktor göndərildim. Bir daha xatırladıram ki, o dövrdə rayon qəzetinin redaktoru vəzifəsi Mərkəzi Komitənin nomenklaturasında idi. Yerlərdə isə raykomun plenum, çox halda həm də büro üzvü, eləcə də rayon Xalq Deputatları Sovetinin deputatı olurdu. Belə bir vəzifəyə namizəd MK-da xeyli müsahibə-sınaq, süzgəcdən keçirilir, müvafiq tələbə uyğun bilindikdə təsdiqlənirdi.

Mən 25 avqustdan bu vəzifəni sınaq müddəti ilə icra etməyə başladım. Noyabr ayında isə Bakıya çağırıldım və iyul ayının14-də Azərbaycan KP MK-nın birinci katibi seçilmiş möhtərəm Heydər Əliyev məni qəbul edərək tövsiyələrini verdi, məsul vəzifəyə təsdiq olundum. Buna hamıdan çox sevinən Rəşid müəllim oldu.

O vaxtdan 50 il keçəndən sonra düşünürəm: Görəsən, o zaman Rəşid müəllim yox, bir başqası olsaydı, adətən, yerli partiya komitələrindən məsləhət bilinən neçə-neçə namizədi bir kənara qoyub dünənki tələbəni universitet partası arxasından birbaşa rayon qəzeti redaktorluğuna məsləhət bilərdimi? Başqa birisi bu sahədə ilk cəsarətli eksperimentin, məsuliyyətli və riskli işin altına girərdimi? Çətin!..

1980-ci ildə artıq 10 ilə yaxın idi ki, “Kommunist” qəzeti redaksiyasında çalışırdım. Tale elə gətirdi ki, həmin il Rəşid Mahmudov əvvəllər müxtəlif vəzifələrdə çalışdığı bu qəzetə redaktor təyin olundu. İlk kadr dəyişikliyində yenə də öz təşəbbüsü ilə məni Quba – Xaçmaz zonası və Sumqayıt şəhəri üzrə xüsusi müxbir təyin etdi.

Rəşid müəllim ona tapşırılmış ictimai və dövlət işinə, vəzifə borcuna olduqca ciddi və məsuliyyətlə yanaşırdı. Bunu, ilk növbədə, şahidi olduğum, onun “Kommunist” qəzetinin redaktoru işlədiyi dövrdəki fəaliyyətinə əsaslanıb deyirəm. Səhər– axşam – fasilə bilmədən çalışır, gözünün yağını əridir, yazı-pozu, redaktə işi ilə dərindən məşğul olurdu. Tanıyanlar bilir ki, digər qurumlarda fəaliyyət göstərəndə də beləcə gərgin işləyib. Elə bu səbəbdən özünü gərgin zehni əməyə həddindən artıq fəda edib, gözlərinin ziyasını vaxt keçdikcə əridib.

Təcrübəli və mahir redaktor kimi Rəşid müəllim çalışardı ki, milli avanqard qəzetimiz yüz minlərlə oxucusuna layiqincə xidmət etsin, öncül mövqeyini qoruyub saxlasın. O, həm də milli təəssübkeşlik nümunəsiydi. O vaxtlar Moskva qəzetləri ermənilərin fitnəsi ilə Qarabağ məsələsini bilərəkdən qızışdıranda, daha doğrusu, qədim və əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı qəsdən Ermənistan ərazisi kimi qələmə verəndə, Rəşid müəllim partiyalı mövqeyini bir kənara qoyaraq milli mənafeyi əsas götürdü. Redaktoru olduğu qəzetdə mərkəzin ermənipərəst jurnalistlərinə “coğrafiyadan dərs” verən tutarlı materiallar çap elədi. Əvəzində, yuxarılardan, öz “beynəlmiləlçilərimiz”dən təşəkkür yerinə, qınaq eşitdi.

Sonradan “Kommunist” qəzetindən başqa işə dəyişilsə də, onu müxtəlif tədbir və mərasimlərdə görəndə şad olur, mütləq yaxınlaşıb görüşməyi özümüzə müqəddəs borc bilirdik. Bunlar Rəşid müəllimin mənim kimi yüzlərlə jurnalistin üzərindəki haqqı-sayının yüzdən biri də deyildi. Son illər səhhəti imkan vermədiyindən evdən çıxa bilməyəndə yetirmələri, onunla bir yerdə çalışanlar, yolunun davamçıları öz ustadlarını və xeyirxahlarını unutmur, qədirbilənliklərini əsirgəmirdilər.

Rəşid müəllimin gənc jurnalistlərə göstərdiyi təmənnasız və davamlı qayğı barədə danışmağı ona görə gərəkli sayırıq ki, bugünün oxucusu bilsin: Azərbaycan jurnalistikasının indiki yüksək səviyyəyə çatmasında yurdsevər və ustad qələm sahibləri uzun illər necə fədakarlıqla çalışıblar. Rəşid Mahmudov həmin nəslin öndə gedənlərindən biri olub. Görkəmli jurnalist, nüfuzlu redaktor, fəal ictimai xadim Rəşid Mahmudov 16 ildir ki, sıralarımızda olmasa da, işıqlı xatirəsi daim qəlbimizdədir.

Rafiq HƏSƏNOV,
XQ-nin sabiq əməkdaşı

Sosial həyat