Müasir suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarının hər hektarı üçün 12 min manat əkin subsidiyası ödəniləcək

post-img

Azərbaycanda çayçılığın inkişafına dövlət dəstəyi genişləndirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən gələn il mayın 31-dək salınacaq, yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına görə fermerə hər hektar üçün 12000 manat əkin subsidiyası ödəniləcək.

Çay əkinlərinə 12000 manat dövlət dəstəyi yalnız Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq plantasiyalara şamil edilir.

2019-cu ildən bu ilin sentyabrına kimi salınmış çay plantasiyalarına görə də əkin subsidiyasının verilməsi nəzərdə tutulur. Son üç il ərzində salınmış plantasiyaların hər hektarına görə fermerə 800 manat subsidiya veriləcək.

2019-cu ildən əvvəl salınmış çay plantasiyalarının hər hektarına 250 manat subsidiya verilməsi nəzərdə tutulur.

Sentyabrın 1-dən mayın 31-dək Astara, Masallı, Lənkəran və Zaqatalada salınacaq çay plantasiyalarına görə hər hektara 12000 manat subsidiyanın verilməsi çayçılığın inkişafına dəstək mexanizminin bir hissəsidir.

Qeyd edək ki, çay plantasiyalarında qurulacaq yağış yağdırma üsuluna əsaslanan suvarma sisteminin dəyərinin 40 faizi də dövlət tərəfindən subsidiyalaşdırılır.

Sosial həyat