Bukmeykerlər Donald Trampın seçkilərdə qələbə şansını 61 faiz qiymətləndirir

post-img

ABŞ-da Respublikaçılar partiyasının prezident postuna namizədi Donald Trampın seçkilərdə qələbə ehtimalı 61 faizdir.

AZƏRTAC xəbər verir ki, “Polymarket” bukmeyker agentliyinin analitiklərinin hesablamalarına görə, Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harrisin dövlət başçısı seçilmə şansı 39 faizə bərabərdir.

İndiyədək Ağ evin sabiq rəhbərinin qələbəsinə dair mərclərin məbləği təxminən 1,3 milyard dollara, ölkənin hazırkı vitse-prezidentinin qələbəsinə dair mərclərin həcmi isə 808 milyon dollara çatıb.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da keçirilən seçkilərdə amerikalılar Birləşmiş Ştatların dövlət başçısını, Senatın üçdəbirini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorunu seçirlər. ABŞ-ın hakim Demokratlar partiyasının namizədi Kamala Harris və respublikaçıları təmsil edən Donald Tramp ali dövlət postu uğrunda mübarizə aparır.

ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-2021-ci illərdə dövlət başçısı postunu tutub. O, 2020-ci il seçkilərində demokrat rəqibi Cozef Baydenə məğlub olub və indi Ağ evə qayıtmağa çalışır. Kamala Harris isə 2021-ci ilin yanvarından Birləşmiş Ştatların vitse-prezidentidir.

Dünya