Əlləri ilə “görən”, gözləri ilə “eşidən” bəstəkar

post-img

Bonapartın hansı döyüşü Bethovenin sənətinə çata bilər?

Dünyanı heyrətdə qoyanların, bəşəriyyətə ölməz əsərlər bəxş edənlərin taleyi, nədənsə, üzünə gülmür. Tarix isə onlara qarşı mərhəmətli davranır, yaddaşında əbədi saxlayır.

Lüdviq van Bethoven də ömrünü taleyi ilə amansız mübarizədə keçirmiş dahilərdən idi. Atası olduqca əzazil adam idi, balaca Lüdviqi həmyaşıdlarından təcrid edib ev dustağına çevirmişdi. Lüdviq notları əlifbadan əvvəl öyrənmişdi. Zalım ata onu məcbur edirdi ki, fasiləsiz məşqlər eləsin, pianoda səhvsiz ifa etməyi öyrənsin. Lüdviq əsəbindən ağlayırdı. Var qüvvəsi ilə inadkarcasına barmaqlarını klavişlərə çırpırdı. Atasının tələbi bu idi – o, dahi pianoçu olmalıdır!

Amma bəxti onda gətirmişdi ki, yaxşı müəllimləri olmuşdu. Simfoniya janrının banilərindən olan Vyana klassik məktəbinin nümayəndəsi Yozef Haydn Bethovenin sənət karyerasında həlledici rol oynayıb. Lüdviqi başqalarından fərqləndirən cəhət bu idi ki, o, azad ruhlu idi, saray musiqiçisi olmaq onun təbiətinə yad idi. Müəllimi ona deyirdi ki, “bacarmıram, istəmirəm, bilmirəm” kimi sözləri dilinə gətirməyi qadağan et. Yüz dəfə müvəffəqiyyətsizliyə uğrasan, yüz dəfə təzədən başla. Ona sənətdə istiqamət vermiş orqan ifaçısı Nefe Bethoveni Vyanaya getməyə həvəsləndirir. Vyanada onu şöhrət gözləyirdi...

Lüdviq var qüvvəsi ilə biliklərini artırmağa çalışırdı. Artıq onu “ikinci Motsart” adlandırırdılar. Lakin o, sıxıntılar içində yaşayırdı. Vyanaya gəlib Motsartla görüşür. Motsart əvvəlcə ona inamsız yanaşır, lakin onu qəbul edib ifasını dinləyəndən sonra gənc pianoçuya heyran qalır. Bu görüş Bethovenin həyatında əlamətdar hadisə idi. Bethoven ömrünün sonuna qədər bu görüşü unuda bilmədi. Bethoven şöhrətin zirvəsinə çatanda Motsart artıq həyatda yox idi. O, Motsartın məzarını ziyarət etmək istəyir. Məzarlıqda onun qəbrini axtarıb tapa bilmir. Məzarçı ona deyir ki, Motsartı ümumi məzarda dəfn ediblər, onun məzarının yeri məlum deyil. Bu hadisə Bethovenin həyatının ən böyük sarsıntılarından idi. Dünyanı öz musiqiləri ilə fəth edən bir dahi necə ola bilərdi ki, belə urvatsız dəfn ediləydi?! Tale bu qədər amansız imiş!..

Antoni Zqorjun “Tale ilə təkbətək” romanı Bethovenin həyatının demək olar ki, bütün məqamlarını özündə əks etdirir. Romanda onun bir sıra görkəmli şəxsiyyətlərlə görüşləri təsvir edilir. Bethovenin böyük alman şairi Höte ilə görüşü bu iki sənətkarın bir-birinə bağlı olduğu qədər fərqli siniflərə mənsub olduqlarını göstərir və Höte ilə görüşə can atan bəstəkar onunla görüşdən sonra xəyal qırıqlığına uğrayır. Hötenin fikirləri azad ruhlu bəstəkarın düşüncələri ilə ziddiyyət təşkil edir. Bethoven bu görüşdən dərin sarsıntı içində ayrılır. Ən böyük sarsıntı isə xəstəliyin onu qəfil yaxalaması idi. Qulaqları tədricən zəifləyən bəstəkar dərin depressiya yaşasa da, bir-birinin ardınca simfoniyalar yazmağa davam edir. Terezanın sevgisi ona mənəvi güc verir. “Qəhrəmanlıq simfoniyası”nı, “Appassionata”nı, “Beşinci simfoniya”nı yazır.

“Doqquzuncu simfoniya”nı yazanda bəstəkarın qulaqları, demək olar ki, tamamilə tutulmuşdu. Cəmiyyət içində söhbətlər dolaşırdı ki, Bethoven dəli olub. Deyirdilər ki, axı nə üçün siz sağlam düşüncənin ziddinə olaraq simfoniyaya oxuma daxil etmək istəyirsiniz? O isə deyirdi ki, bunu simfoniyanın ideyası tələb edir, mən mahnını simfoniyanın əsas məzmununa daxil edirəm. İndiyə qədər bəstəkarlardan heç biri bunu etməmişdi. O, bununla yenilik etmək istəyirdi. Onu anlamaq istəmirdilər. Bethoven deyirdi: “Mən daha inandırıcı vasitələr tapmalıyam. Mən insanlara demək istəyirəm ki, biz hamımız iztirab çəkmək və sevinmək üçün doğulmuşuq. Lakin bizlərdən ən böyükləri o kəslərdir ki, onlar iztirab içində olanda da sevinc tapmağı bacarır”.

Gurultulu alqışlardan zal titrəyirdi. Bethoven isə bu alqışları eşitmirdi, yalnız əlləri görürdü...

Fransız yazıçısı Romen Rollan bu əsər haqqında belə deyir: “Hansı qələbəni bu qələbəyə tay tutmaq olar? Bonapartın hansı vuruşması bu fövqəlbəşər əsərin, insan ruhunun nə zamansa qazandığı bu parlaq qələbənin şöhrətinə çata bilər?!”

Sonda Bethoven qalib gəldi. “Doqquzuncu simfoniya” onun dünyaya vida sözü idi...

Kənan HACI,
yazıçı-publisist

Sosial həyat