“Davalı kino…”

post-img

Bir kinomexanikimiz vardı. Adına “yetim Qüdrət” deyərdilər. Yay-qış başına tükləri tamamilə tökülmüş keçə bir papaq taxardı. Deyəsən, heç yatanda da başından çıxarmırdı. Çünki uşaqlar başına qapaz vuranda əməlli-başlı toz çıxardı. Qapazı da niyə vururdular? Ona görə ki, kinonu yaxşı göstərməyəndə, lenti tez-tez qıranda, “sapojnik, sapojnik” deməkdən uşaqlar artıq yorulanda, hündür bir stola çıxıb, kino göstərən Qüdrəti düşürərdilər və hərə bir qapaz vurardı. Qüdrət dartınıb aradan çıxmaq istəyəndə uşaqlar daha da qızışardılar. Nə yemisən, turşulu aş...

Amma insafən, yetim Qüdrət yaxşı kino gətirərdi kəndə. Afişanı da özü yazardı, bileti də özü satardı, lenti də özü fırladardı. Elə ki, Qüdrət afişanın altından “kopoludu yaman davalıdı” sözləri yazardı, bütün kənd cavanları tökülüşərdi kluba. Yəni “yalan deyən köpək oğludur, film müharibədən bəhs edir”. Yazdığı kimi də olurdu, müxtəlif döyüş səhnələri, düşmənin əzilməsi və sair görüntülər kənd cəhillərinə ləzzət verərdi.

Bircə dəfə necə olmuşdusa, Qüdrətin “kopoludu yaman davalıdı” kinosu davasız çıxmışdı və buna görə tutub döymək istəyəndə, Qüdrət qaçıb yaxınlıqdakı meşədə gizlənmişdi. Bu, cəmi bircə dəfə olmuşdu və onda da Qüdrət yamanca qorxmuşdu. Bir xeyli afişaya kinonun adından başqa bir şey yazmadı. Amma görəndə ki, kinoya gələnlərin sayı getdikcə azalır, başladı yenə köhnə üsulu ilə işləməyə. Bəzən də filmin adının altından “ağlamalıdı” sözünü yazardı. Kənddə gəlin-qız qalmazdı. Kəlağayısını çiyninə atıb dəstə-dəstə gələrdilər kluba və bir azdan hönkürtülərin səsinə çöldə dayanıb filmə o qədər də maraq göstərməyən oğlanlar tökülüşüb gələrdilər.

Ağlayanların arasında hər dəfə Qüdrətin anası Fatma arvad da olardı. Daha çox o ağlayardı. Əri Əsədulla müharibədən qayıtmamışdı. Qüdrətə elə buna görə də hamı “yetim Qüdrət” deyirdi. Amma kənddə bu qadına hamı hörmətlə yanaşırdı. Kişi kimi qadınıydı. Cavan yaşlarından dul qalsa da, Əsədullanın üçkünc ölüm kağızını alsa da, yenidən ailə qurmaq barədə fikirləşməmişdi.

Bir dəfə klubda baş verən hadisə sanki bütün kəndi silkələdi, bu ana-balaya münasibəti kökündən dəyişdirdi...

Qüdrət yenə afişasını yapışdırmış və altından da “həm ağlamalı, həm də davalıdı” sözlərini yazmışdı. Kənd cavanları ilk dəfə idi ki, bu sözlərin ardından “əsl kino” sözlərini də oxumuşdular və sonradan bilmişdilər ki, bu, sənədli film imiş. Kəndə ilk dəfə sənədli film gəlirmiş.

Yenə kənd camaatı arvadlı-uşaqlı kluba doluşmuşdu. Fatma arvad qabaq cərgədəki oturacaqlardan birində oturmuşdu. Yan-yörəsində də gəlin-qız əyləşmişdi. Yenə kəlağayıların ucu yaş silməyə hazırlanmışdı. Köhnə stolun üstünə bir stul da qoyub onun üstündə əyləşib lentin çarxını fırlatmağa hazırlaşan Qüdrət bərkdən “işığı söndür” deyə kiməsə qışqırdı.

Film 416-cı Taqanroq diviziyasının ayrı-ayrı qəhrəmanlarına həsr olunmuşdu. Bir-bir onların tərcümeyi-halı haqqında məlumat verilir, sonra da iştirak etdikləri döyüş səhnələri göstərilir, qəhrəmanlıqlarından diktor ağır səslə danışırdı.

Birdən nə baş verdisə, zal sanki sükuta qərq oldu. Diktor danışırdı: “Qarasaqqal kəndinin igid oğlu Əsədulla Məmmədov öz tankı ilə düz Berlinə kimi getdi, neçə-neçə düşmən texnikasını, canlı qüvvəsini məhv etdi. Lakin son anda faşistlərin gülləsinə tuş gəldi. O, son nəfəsinə kimi bu torpağın uğrunda vuruşdu. Son sözü isə “oğlum Qüdrət, anan Fatmanı sənə tapşırıram. Fatma, oğlumu da sənə etibar edirəm. Çalış ona yetim deməsinlər!”.

Film elə belə də qurtardı. İşıqlar yandırılmışdı. Hami dönüb yuxarıya, Qüdrətə baxırdı. Qüdrət isə ayaqlarını stoldan sallayıb sakitcə ağlayırdı. Keçə papağını ilk dəfə idi çıxarıb əlində tutmuşdu. Hərdən hönkürəndə papağı ağzına aparırdı... Hamı elə bil birdən ayıldı. Kiminsə əl çalmağı ilə bütün zalın əl çalmağı bir oldu. Qız-gəlinlər Fatma arvadı qucaqlamışdılar. Fatma arvad isə onları aralayıb əllərini Qüdrətə sarı uzatmışdı.

Ətrafdakı meşəlikdən kiminsə yanıqlı səsi gəlirdi:

Bu dağlar, ulu dağlar,
Çeşməli sulu dağlar.
Burda bir qərib ölüb,
Göy kişnər, bulud ağlar.


Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Sosial həyat