Avropa İttifaqına isə “hə” deyildi
Oktyabrın 20-də Moldovada ölkənin Avropa İttifaqına inteqrasiyası üçün konstitusiyaya dəyişikliklə bağlı referendum və prezident seçkiləri keçirilib. Referendumda Moldova sakinlərinə belə bir suala cavab vermək təklif olunub: “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?”
Dünən səhər saatlarında yayılmış ilkin nəticələr Avropa İttifaqına qoşulma tərəfdarlarının daha az səs topladığını göstərirdi. Bu barədə Mərkəzi Seçki Komissiyasının saytında yayılmış məlumatda belə bir ifadə yer alırdı: tərəfdarlarla əleyhdarlar arasında səslər təxminən bərabərdir, yəni protokolların 98,11 faizinin hesablanmasından sonra Avrointeqrasiyaya “bəli” cavabı verənlərin 49,90, “yox” cavabı verənlərin isə 50,10 faiz səs topladığı bildirilirdi. Faktiki olaraq, belə nəticə çıxarmaq olardı ki, Moldova sakinləri ölkənin Avropa İttifaqına daxil olmasına “yox” deyib.
Moldova Mərkəzi Seçki Komissiyası bu nəticəni faktiki olaraq tanımış, həm prezident seçkilərini, həm də ölkənin gələcək Avrointeqrasiyasına dair referendumu etibarlı hesab etmişdi. Onun etibarlı sayılması üçün ən azı 33 faiz iştirak tələb olunurdu, amma bu rəqəm 51,57 faiz təşkil edirdi.
Amma nəticələr ölkədə, eləcə də dünyada birmənalı qarşılanmadı. “European Pravda”nın məlumatına görə, Prezident Maya Sandu seçki qərargahında çıxışı zamanı bildirib ki, seçkilərdə ciddi saxtakarlıq olub və hökumətdə səslərin böyük miqyasda satın alınmasına dair sübutlar var: “Bizim bu cinayətkar qrupların 300.000 səs almağa hazır olduğuna dair aydın sübutlarımız var”, bu, “görünməmiş miqyasda saxtakarlıqdır”. Onun sözlərinə görə, “azadlığa və demokratiyaya misli görünməmiş hücum” bir neçə ay davam edib və bunun arxasında “on milyonlarla avro, yalan və təbliğatla ölkəmizə hücum edən” cinayətkar dəstələr və xarici qüvvələr dayanıb.
ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi isə birbaşa Rusiyanı Moldovada referenduma müdaxilədə ittiham edib: “Rusiya Moldovanın seçkilərini və onun Avropaya inteqrasiyasını pozmaq üçün fəal işləyir. Son bir neçə ayda Moskva Moldovada prezident seçkilərinə təsir etmək üçün milyonlarla dollar öhdəliyi götürüb”.
Amma rəsmi Moskva səslərin Avrointeqrasiya tərəfdarlarının xeyrinə artmasını anormal vəziyyət kimi qiymətləndirib. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Kreml Moldovanın hazırkı Prezidenti Maya Sanduya verilən səslərin anormal artmasına və bu ölkədəki səsvermənin nəticələrinə əsasən Avropaya inteqrasiyanın dəstəklənməsinə diqqət yetirib... Bu gün müşahidə etdiyimiz göstəricilər, onların dəyişmə dinamikası, əlbəttə ki, çoxlu suallar doğurur”. Onun sözlərinə görə, bu, “izahı çətin olan artım tempidir”.
Nəhayət, protokolların 100 faizinin emalından sonra Moldova MSK avrointeqrasiya tərəfdarlarının əleyhdarları üstələdiyini elan edib: lehinə 50,46, əleyhinə 49,54 faiz. Bununla da, moldovalıların səs çoxluğu ilə Avrointerqasiyanı seçdikləri təsdiqlənib.
Həmin gün ölkədə referendumla yanaşı, prezident seçkiləri də keçirilib. MSK-nın son məlumatına görə, bülletenlərin 100 faizinin hesablanmasından sonra Prezident Maya Sandu 42,40 faiz səs toplayıb. İkinci yeri 26,01 faiz səslə keçmiş baş prokuror, Sosialist Partiyasının üzvü Aleksandr Stoyanoqlo qərarlaşıb. Birinci turda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən noyabrın 3-də seçkilərin ikinci turu keçiriləcək.
Paşa ƏMİRCANOV
XQ