Türkiyə Respublikasının İğdır vilayəti ərazisində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktorları, rəhbər M.M.Hüseynov olmaqla, üzvlər S.H.Aşurov və B.M.Cəlilovun təmsil olunduğu elmi heyətin və türkiyəli mütəxəssislərin iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılmışdır.
Bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. Bildirilib ki, bu, Azərbaycan arxeoloqlarının digər ölkə ərazisində təşkil edilmiş ilk arxeoloji ekspedisiyası olmaqla yanaşı, həm də Azərbaycan və Türkiyə arasında yeni bir ortaq araşdırma istiqamətidir.
Beş il üçün nəzərdə tutulmuş layihənin ilk ilinin kəşfiyyat xarakterli araşdırmalarının nəticələri Şərqi Anadolu – Azərbaycan arxeologiyasının problem məsələlərinin işıqlandırılmasında olduqca əhəmiyyətlidir. Qısa müddət ərzində son xalkolit-erkən tunc və orta tunc dövrlərinə aid yaşayış yerləri, bir şəhər yeri, bir qala və çoxsaylı kurqanlar qeydə alınmış, yerüstü materiallar toplanılmış və onlardan ən mühümləri İğdır muzeyinə təhvil verilmişdir. İlk dəfə qeydə alınan abidələr Azərbaycan və xüsusən, Naxçıvan abidələri ilə sıx bağlıdır və gələcək araşdırmaların daha maraqlı kəşflərlə ortaq tariximizə töhfə verəcəkdir. Yeni qeydə alınmış abidələrdən birində növbəti illərdə Azərbaycan arxeoloqlarının rəhbərliyi ilə geniş arxeoloji qazıntıların aparılması planlaşdırılır.