Sosial xəbərlər

post-img

Qayıdış ünvanlarında məşğulluq imkanları

Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərimizə köçürülənlər üçün məşğulluq imkanlarının yaradılması məqsədilə əlavə tədbirlər hazırlanır. Sosial tərəfdaşlarla işin gücləndirilməsi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və yeni iş yerlərinin yaradılmasının təşviqi həmin tədbirlər sırasındadır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı keçirilən infosessiyada bildirilib. Nazir Sahil Babayev Qarabağ və Şərqi Zəngəzurda sakinlərin sosial dəstək, həmçinin aktiv məşğulluq tədbirləri ilə əhatə olunmasının başlıca vəzifələrdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, işğaldan azad olunan ərazilərdə əlavə tədbirlərin icrası məşğulluq imkanlarının artırılmasına, dayanıqlı məskunlaşmaya xidmət edəcək.

İnfosessiyada özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məqsədilə klasterlərin təşkili və proqram üzrə istehsalat və xidmət zərfləri üzrə rəqəmsal monitorinqlərin keçirilməsi təklifləri müzakirə edilib.

İnfosessiyada agentliyin gördüyü işlər və qarşıda duran hədəflər müzakirə olunub.

Kiçik təsərrüfatlar – böyük məqsədlər

Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlara növbəti mediatur təşkil edib. Jurnalistlər bu dəfə Quba və Qusar rayonlarında şəhid ailələri və müharibə veteranları üçün qurulan kiçik təsərrüfatlarla tanış olublar.

Onlara Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 23 min 700 şəxsin məşğulluğu təmin edilib. Onlardan 11 min 800 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Həmin kateqoriyalara aid minədək şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib.

Vətən müharibəsi veteranı Mirsəlim Məmmədov özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin olunaraq kiçik dərzi sexi yaradıb. Şəhid Murad İskəndərovun atası Əliağa İskəndərov və müharibə veteranı Rəcbər İsrafilov isə proqram üzrə aktivlərlə təmin edilərək aqroturizm və dönərxana biznesi qurublar.

Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

36,4 min şəxsə əlillik təyin olunub

Bu ilin yanvar–sentyabr ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 36 min 400 şəxsə əlillik təyin edib. Onlardan 18 min 300-ünə ilkin, 18 min 100 nəfərinə isə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

489 hərbçiyə 598 protez

Müharibə ilə əlaqədar əlil olan şəxslərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərinin bir istiqaməti də həmin şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi I və II Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 489 hərbçiyə 598 son nəsil protezlə təmin edib. Ötən ildən Vətən müharibəsi iştirakçılarının müasir idman protezləri ilə təminatı da həyata keçirilir. Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir və istifadəçiyə sərbəst, sabit, inamlı hərəkət, sosial həyata daha tez və rahat inteqrasiya, hətta idmanla məşğul olaraq yarışlarda iştirak imkanı verir.

Z.BAYRAM
XQ



Sosial həyat