“Minatəmizləmə haqqında” yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

post-img

Oktyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında növbəti iclası keçirilib.

İclasda birinci oxunuşda müzakirəyə çıxarılan “Minatəmizləmə haqqında” yeni qanun layihəsi (birinci oxunuş) və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri Arzu Nağıyev məlumat verib.

“Minatəmizləmə haqqında” yeni qanun layihəsini müzakirəyə təqdim edərkən komitə sədri Azərbaycanın dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edib. O deyib ki, ərazimizin təxminən 12 faizi Ermənistan tərəfindən mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Vurğulanıb ki, Ermənistan minalardan təkcə hərbi məqsədlər üçün deyil, mina terroru həyata keçirmək üçün də geniş şəkildə istifadə edib. Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməməsi məsələsinə diqqət çəkən komitə sədri 44 günlük Vətən müharibəsi başa çatandan indiyədək əksəriyyəti mülki şəxs olan vətəndaşlarımızın minaların qurbanı olmasından danışıb.

Arzu Nağıyev qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulan humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və 1998-ci ildə yaradılan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA bu istiqamətdə böyük işlər görüb.

Müzakirəyə çıxarılan yeni qanun layihəsinin də minatəmizləmə prosesinə ciddi təkan verəcəyini deyən komitə sədri layihənin strukturu, sənəddə təsbit olunan tənzimləmələr barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi 3 fəsil 14 maddədən ibarətdir. Birinci fəsildə istifadə olunan əsas anlayışların mənaları, Qanunun tətbiq dairəsi müəyyən edilib. İkinci fəsildə mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tələblər, təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinin xüsusiyyətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət və sair məsələlər öz əksini tapıb. Üçüncü fəsildə isə yekun müddəalar müəyyən olunub.

Gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Arzu Nağıyev bildirib ki, layihə “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin 7-ci maddəsində nəzərdə tutulan müddəadan irəli gəlir və uyğunlaşdırma məqsədilə hazırlanıb.

Qanun layihələrinin müzakirəsində çıxış edən deputatlar təqdim olunan sənədlər barədə fikirlərini və qeydlərini bildiriblər, suallarını səsləndiriblər.

Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov müzakirədə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.

İclasda müzakirə edilən qanun layihələri birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.







Sosial həyat