Ürək ritminin pozulması (aritmiya) qəfil ürək dayanmasının ən çox yayılmış səbəbidir. Aritmiya ürək yığılmalarının sayının, ritminin və ardıcıllığının pozulmasıdır. Ürək yığılmalarının sayının artması və azalması, baş gicəllənmə, döş qəfəsi nahiyəsində ağrı, nəfəs darlığı və bayılma ritm pozğunluqlarının əsas simptomlarındandır.
Bu zaman ürək yığılmalarının sayı normadan çox (taxikardiya – dəqiqədə 90 vurğudan çox), normadan az (bradikardiya – dəqiqədə 60 vurğudan az) və ya ritmin nizamsız olması ilə özünü büruzə verir.
Aritmiyanın diaqnostikası xəstənin vəziyyətini ətraflı öyrənməyə, aritmiyanın növünü müəyyən etməyə və ən effektiv müalicə üsulunu təyin etməyə imkan verir. Aritmiyaların diaqnostikası icbari tibbi sığorta hesabına qarşılanan elektrokardioqrafiya (EKQ), kardiovaskulyar stres test, Holter monitorinqi (24 və ya 48 saatlıq EKQ qeydi), exokardioqrafiya və digər müayinələr əsasında aparılır. Ehtiyac olduqda tibbi göstərişə əsasən rentgenoqrafiya, MRT, transezofageal exokardioqrafiya, kateter əsaslı invaziv elektrofizioloji müayinə, laborator analizlər təyin oluna bilər.
Aritmiyaların növləri müxtəlifdir və onların yaranmasının bir çox səbəbləri var. Klinik əlamətlərlə müşayiət olunmayan aritmiyalar təhlükəli olmasa da, həyat üçün ciddi təhlükələr törədən, ani ölümə səbəb olan aritmiyalar da var.
İcbari Tibbi Sığorta Agentliyindən bildiriblər ki, medikamentoz (dərman preparatları) müalicəyə tabe olmayan, həyat üçün təhlükəli aritmiyaların müalicəsi endovaskulyar ablasiya, elektrokardiostimulyator (EKS), implantat kardioverzion-defibrilyator (ICD) və açıq cərrahi əməliyyat yolu ilə mümkündür. Bu əməliyyatlar icbari tibbi sığorta hesabına qarşılanır.
EKS - bradikardiya zamanı ürək ritmini tənzimləmək üçün insanın döş qəfəsinə və ya qarın nahiyəsinə yerləşdirilir. Anesteziya ilə cihaz körpücük sümüyünün altında sinə nahiyəsinin sol tərəfinə implantasiya edilir. Cihaz ürəyin aktivliyini izləyir, əvvəlcədən proqramlaşdırılmış tezliyə uyğun olaraq lazım olduqda elektrodlar vasitəsi ürəyə elektrik impulslar göndərməklə ürəyin normal döyünməsini təmin edir.
ICD - taxikardiya zamanı elektrik şoku verməklə ürək yığılmasının sayını normal göstəriciyə çatdırır və davamlı olaraq ürək döyüntüsünü nəzarətdə saxlayır.
Ürəyin qəfil dayanmasından sonra sağ qalmış şəxslərin əsas müalicəsi ICD implantasiyası ilə aparılır. Bu tibbi cihazlar qəfil ürək dayanması riski yüksək olan insanlarda daha çox istifadə olunur və qəfil ölüm riskini azaldır.
İmplantasiya zamanı anesteziya xidməti, cihazların proqramlaşdırılması, reviziyası, yerdəyişməsi, dəyişdirilməsi, elektrodların qulaqcıq və ya mədəciklərə yerləşdirilməsi, dəyişdirilməsi və çıxarılması, xəstəxanada yatış zamanı qidalanma icbari tibbi sığorta ilə qarşılanır.
Agentliyin verdiyi məlumata görə, icbari tibbi sığorta ilə təmin edilən EKS və ICD beynəlxalq sertifikatlı cihazlardır.
Sözügedən xidmətlər icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Səhiyyə Nazirliyinin akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində həkim göstərişinə əsasən icra olunur.
Zərifə BƏŞİRQIZI
XQ