Şuşalılar doğma yurda ruh cana qovuşduğu kimi qayıdırlar

post-img

Yenidən qurulan, gündən-günə abadlaşan, gözəlləşən mədəniyyətimizin beşiyi, qeyrət qalamız Şuşa tarixinin ən xoşbəxt günlərini yaşamaqdadır. Bir vaxtlar erməni işğalı altında inləyən torpaqlarımızın ətrini duymaq, sorağını almaq arzusu ilə yaşayan şuşalılar indi sevinə-sevinə daimi yaşamaq üçün öz ata-baba yurdlarına qayıdırlar!

Möhtəşəm qələbələrimizin memarı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq oktyabrın 8-də, 44 günlük zəfər dastanımızın 4-cü ildönmü günlərində daha 60 keçmiş məcburi köçkünün həsrətinə son qoyulub, 16 ailə doğma Şuşasına qovuşub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bununla da Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 220 ailənin, yəni 823 nəfərin Şuşa şəhərində daimi məskunlaşması təmin edilib. Bu dəfə də köçürülmə zamanı şəhid ailələri, respublikamızın müxtəlif bölgələrində sanatoriyalarda, yarımçıq tikililərdə çətin şəraitdə yaşayanlar, həmçinin qazilər və müharibə veteranları diqqətdə saxlanılıb.

Hazırda köç həyəcanları davam edən, yeni, yarlı-yaraşıqlı evlərində yerləşməkdə olan şuşalıların bir neçəsi ilə əlaqə saxlayaraq onların sevinclərinə şərik olduq, xoş təəssüratlarını öyrəndik. Əslən Qərbi Azərbaycandan olan, taleyinə həm qaçqınlıq, həm də məcburi köçkünlük yazılmış Təranə Mamaşova bildirdi ki, illərlə bu xoşbəxt günlərin xəyalı ilə təsəlli tapıb:

– Mən erməni vəhşiliyinin acılarını iki dəfə yaşamışam. 1998-ci ildə Qərbi Azərbaycandakı əzəli torpaqlarımızdan qaçqın düşdükdən sonra Şuşaya sığınmışdım. 1992-ci ildə isə Şuşasız qaldım. Uzun illər Bakının Sabunçu rayonuda “Qızılqum” sanatoriyasında məskunlaşmışdıq. Daha sonra müvəqqəti olaraq Yeni Ramana qəsəbəsində yeni tikilmiş, müasir standartlara cavab verən binada mənzillə təmin olundum. Yəni, o ağır günlərimizdə hər zaman dövlətimizin qayğısını hiss etmişik və inanmışıq ki, nə vaxtsa mütləq öz doğma yurdlarımıza qayıdacağıq.

Təranə xanım Şuşada yaşadığı ilk günlərin duyğularını sözlə təsvir etməyin çətin olduğunu söylədi:

– Şuşadan çıxanda 21 yaşım var idi. İndi 52 yaşında yenidən doğma şəhərimə, öz təzə evimə qayıtmışam. Mənim Allahdan bir diləyim də var: Bu gün Qarabağa, Şərqi Zəngəzura olduğu kimi, nə vaxtsa köç karvanları Qərbi Azərbaycanımıza üz tutsun! Mən Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müdrik siyasəti, əzmi, qətiyyəti sayəsində hamımızın arzusu olan həmin günlərin də gələcəyinə inanıram!

Birinci Qarabağ müharibəsi veteranı Taleh Əliyev də Şuşanın daimi sakini olmağın sevincini yaşayanlardandır. Bildirdi ki, işi ilə əlaqədar xeyli müddətdir doğma şəhərindədir, artıq yeni mənzilinə də qovuşub:

– Hamını gözəl, günəşli Şuşadan, Xankəndidən salamlayıram. Mən Birinci Qarabağ müharibəsi zamanı dörd ildən artıq, demək olar, cəbhənin əksər istiqamətlərində döyüşlərdə olmuşam. Sonra məcburi köçkünlük həyatı yaşadıq. Vaxt var idi, arzulayırdıq ki, torpaqlarımız işğaldan azad edilsin, lap çadırda da yaşamağa hazırıq. Nə çadır? İndi artıq mənim Şuşada öz evim var! Özü də geniş, işıqlı, gözəl! Bu evin qapısı hamının üzünə açıqdır! Bir vaxtlar xalqımız biz məcburi köçkünlərə qucaq açdı, dövlətimiz bizə sahib çıxdı. İndi kim arzulasa bizə qonaq gələ, lap elə günlərlə, aylarla qala bilər. Heç zaman unutmayacağımız bu gözəl günlər üçün dövlətimizə, möhtərəm cənab Prezidentimizə minnətdaram! Bu xoşbəxtliyi bizə qismət edən Allaha şükürlər olsun!

Şuşada ikiotaqlı mənzillə təmin olunmuş Hüseynovlar ailəsi də sevinc içindədir. Onlar üçün hər çür şəraitin yaradıldığını deyən Məryəm Hüseynova Şuşanın havasının, suyunun insana sanki yeni bir həyat bəxş etdiyini bildirdi:

– Məcburi köçkün kimi Yevlax şəhərində məskunlaşmışdıq. Əlbəttə, Azərbaycanımızın hər guşəsi bizim üçün əzizdir, doğmadır, ancaq Şuşa bir başqadır. Burada hər şey o qədər gözəldir ki! Mənzillər, binalar, yaradılan şərait. Ən əsası da yenidən qurulan Şuşa! Biz bu günləri illər boyu arzulamışıq. Allah şəhidlərimizə rəhmət eləsin, Müzəffər Ali Baş Komandanımızı, xalqımızı, ordumuzu qorusun! Yaşadığımız xoşbəxt anlar üçün Vətənimizin azadlığı naminə əməyi olan hər bir kəsə borcluyuq!

... Şuşa hər doğma sakininə qovuşduqca, çöhrəsi açılır, gözəlliyi bərq vurur. Hər gələni, gedəni, həmişəlik qalanı tərəfindən əzizləndikcə, tərifləndikcə, ağrısı-acısı canından çıxır, nazlı gəlin kimi cilvələnir. İllər boyu dodaqları “Şuşa” kəlməsinə təşnə şuşalıları yenidən öz qoynunda xoşbəxt gördükcə, Şuşa da xoşbəxt günlərinə geri dönür! Əbədi olsun, “baş tacı”mız, “üzük qaşı”mız!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri





Sosial həyat