Yurda təpər, yağıya çəpər igid

post-img

19 yaşlı şəhidin dastanlaşan həyatı

İş stolumun üstündə bir kitab var. Üzqabığındakı çərçivədən hərbi geyimdə elə şəkil kimi bir oğlan baxır. Onun çatma qaşları, işıqlı gözləri, zil qara saçları var. Gəncliyin ən gözəl, qaynar illərini yaşadığı şübhəsizdi...Amma fonda payızın kövrək çağıdı. Saralmış, torpağa vida nəğməsi oxuyan yarpaqlar xəzələ dönüb... Arxa səhifədə isə zəif şölə saçan şam və avtomat silahının şəkli verilib.

Kitabıın ilk səhifələrinin birində qəhrəmanın əsgər geyimində ayaqüstü şəkli verilib. Şəkil baharda, ağacların çiçək yağışında çimdiyi günlərdə çəkilib. Fotoşəklin altında istiqlalal şairimiz Xəlil Rza Ulutürkün bu misraları yazılıb:

İtib-batmaq üçün yaranmamışam,
Dünənəm! Bu günəm! Gələcəyəm mən!
Bir gün bu dünyadan getsəm də, nə qəm!
Dünyaya təzədən gələcəyəm mən.

Kitabı oxuduqca kövrəlirəm, gözümün önündə əsərin qəhrəmanı, Qarabağ uğrunda döyüşlərə yerli müdafiə batalyonuna könüllü qoşulmuş 19 yaşlı igidimiz, heç vaxt üzünü görmədiyim Fuad Qərib oğlu Əsədovun siması canlanır.

Ömür yolu

Fuad 1972-ci ildə Cəbrayılın Quycaq kəndində, Qərib həkimin ailəsində dünyaya gəlib.1979-cu ildə ilk dəfə kənd məktəbində parta arxasında əyləşib. 7-ci sinfi bitirdikdən sonra rayon mərkəzindəki Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun adını daşıyan orta məktəbdə təhsilini davam etdirib. Ailəsinin yaşayış yerini dəyişdirməsi ilə əlaqədar 9-cu sinifdən akademik Mehdi Mehdizadə adına məkətəbə gedib və orta təhsilini orada başa vurub. Fərəflidir ki, məktəb illərində Fuad özünün çoxcəhətli istedada malik olduğunu sübüt edib. Belə ki, o, doqquzuncu sinifdə oxuyarkən Göyçay şəhərində keçirilən Cənc memarların Ümümrespublika Müsabiqəsində diploma layiq görülüb və dincəlmək üçün fəal və nümunəvi şagird kimi “Artek” pioner düşərgəsinə göndərilib.

1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsinə qəbul olunub...

Fuadın yazdıqları və rəsmləri

Hansı yaşda olsan, harada yaşasan da ayaq açıb, maya bağladığın el-oba sənə hər yerdən şirin gəlir. İllər ötdükcə sən o yeri qəlbində qiymətli bir sənəd kimi qoruyub saxlayır, əzizləyirsən. Bəzən yuxularında o yerə qayıdır, uşaqlığını, o yerin dağını, düzünü, bulağını, mehriban insanlarını görürsən. Fuadın tələbəlikdə yazdığı gündəlikləri oxuduqca, az öncə söylədiklərimizin şahidi oluruq. O, “Bu, mənim kəndimdir” başlıqlı yazıda qeyd edir ki, “bu kənd bütün varlığı ilə qəlbimə hopub. Bu kənd mənim doğma hisslərimin məkanı, müəllimim, arxam, ümid yerim, şirin yuxularım, həyata baxışımdı. Bu kənd mənim iç dünyamdı. İlk məhəbbətim də burada dünyaya göz açıb, ilk qəzəbim, nifrətim, hiddətim də. Bu kəndi varlığım qədər sevirəm... Bəlkə elə bu, adi Vətən sevgisidir?”

O, yazılarında Quycaq kəndindəki məktəbi, “Quzey kəhriz”i, “O tay bağ”ı, “Miri evinin ocağı”nı, “Sofular kəhrizi”ni, qocaman Çinarı, “Qarı bağ”ı, “Sarı yal”ı, “Narlı yoxuş”u tez-tez xatırlayır, o yerlərlə bağlı xatirələrini söyləyir. Bu kəndin müxtəlif xasiyyətə malik adamları - masabəyi Şikar müəllim, sürücü Məhyəddin, İsaq kişi, Əmirxan kişi və başqaları da onun uşaq dünyasının daimi qəhrəmanlarıdır. Şəmsə nənənin, Əsəd babanın nəvə arzuları yaddaqalan ifadələrlə təsvir olunub.

Fuadın bədii yaradıcılığı zəngindir. Onun Cəbrayıl haqqında düşüncələri bir lirik şeirə bənzəyir. Bu yazıda sözlər elə “hörülüb” ki, sanki bir gül çələngidir. Bu, əlbəttə, gənc Fuadın doğma yurda dərin sevgisindən, söz sənətinə bələd olmasından xəbər verir: “Qaya kimi möhkəm, qartal kimi qürurlu, çinar kimi əzəmətli, kəhriz suyu kimi saf, şirin, ürək sərinlədən, savab iş görən Xüdafərin körpüsü kimi həsrətliləri qovuşduran, “Dəyirman dərəsi” kimi ruzulu, Ağatlı oğlan kimi fədakar, işə yarayan, Hacı Qaraman, Qurban təpəsi kimi inam, yeridir buranın insanları. Azərbaycanın hər guşəsi gözəldir. Bu gözəlliklər içərisində Cəbrayılın öz yeri var. Cəbrayılı mən cüssəcə böyük olmayan, görkəmcə yığcam, zahirən gözəl, mənəviyyatca zəngin insanlara bənzədirəm. Mən Cəbrayılı sevirəm. Axı o, mənim Vətənimdir”.

Bu, 17, 18 yaşlı bir gəncin fəhmi, yaşantılarıdır. Onun şeirlərində də bu sevgi, istək ürək ovsunlayır:

Sultan çinar, xan çinar,
Göylərə qalxan çinar.
Asimandan boylanıb
Dünyaya baxan çinar.

Ay çinar, uca çinar,
Əsrdən qoca çinar.
Uzanıb budaqların
Boynumu quca çinar.

Şerin son bəndi isə belədir:

Düşmənə sipər çinar,
Pis gözə çəpər çinar.
Çətinliyə düşəndə
Qəlbimə təpər çinar.

Fuad Əsədovun “Səngər”, “Dağdağan”, “Şuşanın işğalı”, “Qatar”, “Burda hər addımda mənim izim var” şeirləri də onun elə-obaya, doğma ocağa sevgisindən xəbər verir.

Kitabda müxtəlif illərdə Fuadın doğmalarına və əzizlərinin ona yazdığı çoxsaylı məktublar var. Bu yazılar, sanki, təcrübəli bir yazarın qələmindən çıxıb.

O, çətin bir sənətə – heykəltaraşlığa könül vermişdi. Bunun üçün həm də rəssam olmaq lazım gəlirdi. Elə buna görə də Fuad uşaqlıqdan Azərbaycanın memarlıq abidələrini, qalalarını diqqətlə öyrənməyə çalışır, eyni zamanda gördüklərini kağıza köçürürdü. Memarlıq fakültəsində oxuduğu illərdə qrafik və sulu boya ilə çəkdiyi rəsmlər cizgilərin harmoniyasına və rəng həllinə görə uğurlu işlərdir.

Xocalı faciəsi dönüş nöqtəsi oldu

1992-ci ilin fevralında ermənilərin xalqımıza qarşı törətdiyi Xocalı faciəsi Fuadın taleyində döniş nöqtəsi olub. Onda Fuad 3-cü kursda oxuyurdu. O, bu qırğından sonra Milli Orduya yazılmaq üçün Bakı şəhərində hərbi komissarlığa müraciət edib. Hərbi komissarlıqdan rədd cavabı alsa da, fikrindən dönməyib. Sonra bir neçə dəfə Milli Ordunun yerli müdafiə batalyonunun rəhbərliyinə müraciət edib və istəyinə nail olub. 24 mart 1992-ci ildə ərazi milli müdafiə taborunun hərbi komissarı H.Yusifova ünvanlıdığı ərizəsini Fuad Əsədov bu sözlərlə bitirib: “Bu ərizəmlə Sizdən məni ən qaynar nöqtələrə göndərmək üçün sərəncam verməyinizi yazılı surətdə xahiş edirəm”. Bu ərizədən sonra onu ən qaynar nöqtələrdən olan Qışlaq kəndinə göndəriblər...

Həmişə öndə gedirdi

Yazıçı-publisist, könüllü Cəbrayıl bataliyonunun taqım komandiri Əli Çərkəzoğlu o günləri göz önünə gətirərək Fuad haqqında belə dedi:

– Onun cəbhəyə gedişinə və könüllülər sırasına qoşulmasına, ilk növbədə, valideynləri, təhsil aldığı universitetin rəhbərliyi, daha sonra hərbi komissarlıq mane olmağa çalışmışdı. Könüllülər batalyonunun rəhbərliyi də onu qayıdıb təhsilini davam etdirməyi məsləhət görmüşdü. O, bu barədə “Komandirə məktub” adlı şeirində də yazıb. Ancaq Fuad inadı ilə bütün maneələri aşmış və bizim sıralarımıza qoşulmuşdu. İlk günlərdən o, cəsarətli döyüşçü olduğunu sübut etmişdi. 19 yaşı olsa da, güclü, yetkin bir insan idi. Fuad həm də istedadlı idi –şeir yazırdı, gözəl rəsmlər çəkirdi, ədəbiyyatı, sənəti yaxşı bilirdi. Bəzən ətrafındakı özündən on yaş böyüklərə məsləhətlər verirdi. Bundan əlavə, arabir ədəbi söhbətlər edir, döyüşçilərə Viktor Hüqonun “Səfillər”indən, L.Tolstoyun “Hərb və Sülh”ündən, M.Dostoyevskinin “Cinayət və cəza”sından danışırdı. Hamı ona maraqla qulaq asırdı. Bu, onun ziyalılığının, çox mütaliə etməsinin göstəricisi idi.

Çox fədakar idi, döyüşdə heç nədən çəkinmədən öndə gedirdi.Yeri gəlmişkən deyim ki, belə insanlara hər yerdə ehtiyac var. Onun bu cəsarəti, fədakarlığı digər könüllülərə inam, mənəvi dəstək verirdi. Onu da deyim ki, belə əsgərlər hər hansı əməliyyatın uğurla başa çatmasında həlləedici rol oynayırlar. Fuad belə oğul, belə igid idi.

Yaxşı xatırlayıram. Biz Şayaq əməliyyatına gedəndə üzü yoxuşa, dağın zirvəsinə doğru qalxırdıq. Hər kəs üstündə olan yükdən əlavə, digər cəbhədaşı ilə ortaq döyüş sursatı daşıyırdı. Fuad da eləcə. Döyüşə mən rəhbərlik edirdim, amma mən də həmin yükü aparırdım. Lakin mənim yoldaşım bir az çəlimsiz olduğu üçün silah-sursatı çox çətinliklə aparırdı. Buna görə də çox vaxt yükü mən aparmalı olurdum. Sən demə, Fuad mənə göz qoyurmuş. Arada mənə yaxınlaşıb dedi ki, komandir, icazə verin o silahları da mən aparım və dönə-dönə xahiş etdi, mən qıymadın...

Fuad balamız yaşasaydı, gözəl memar olacaqdı, rəssam olacaqdı, şair olacaqdı bilmirəm. Ancaq əminəm ki, o yaşasaydı, gözəl mükəmməl bir insan olacaqdı, Vətənə vicdanla xidmət edəcəkdi, insanlara gərəkli ziyalı olacaqdı...

Onu heç kim səngərə məcburi göndərməmişdi, amma cəsurluğu, bacarığı ilə qəhrəman əsgər adını qazanmışdı. Ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi üçün təqdimat olmuşdu. Fuad bu ada layiq idi. Amma o vaxt Müdafiə Nazirliyində də qarışıqlıq idi. Deyilənə görə, sənədləri haradasa itirilmişdi. Belə oğullarımızın layiqincə mükafatlandırılması heç vaxt gec deyil.

Son döyüş

1992-ci il iyun ayının 28-də Hadrut rayonunun Sur kəndi uğrunda şiddətli döyüş başlanmışdı. Deyilənə görə, Fuad bütün gecəni pulemyotun arxasında yuxusuz qalmış, komandirin onu dəyişmək təkidinə baxmayaraq, inadından dönməmişdi. Fuad bu döyüş zamanı 12 nəfər dostu ilə ön mövqeyə çıxmışdı. Düşmən onların qarşısında tab gətirməyərək geri çəkilirdi.... Qəfil düşmən gülləsi onun ürəyinə sancılır...

Əsgər dostu Sevindiyin xatirələrindən

Mən onun cəsurluğuna, qorxmazlığına, döyüş zamanı göstərdiyi şücaətə heyran qaldım. Fuad bu döyüşdə bir neçə əsgərimizin həyatını xilas elədi. Düşmən snayperi onu izləyirmiş. Sur kəndi ermənilərdən azad olunan ərəfədə düşmən snayperi Fuadın Vətən eşqi ilə çırpınan qəlbini susdurdu. O, canından çox sevdiyi Vətən yolunda şəhid oldu. Fuadın şəhid olması xəbəri bütün əsgər və zabitləri sarsıtdı. Düşmənə qarşı nifrətimiz birə-min artmışdı. Artıq heç nəyə baxmadan hücuma keçdik və bir həmlədə Sur kəndini ermənilərdən azad etdik.

Fuadı heç vaxt görməsəm də...

Nə vaxtdır ki, bir atanın azadlıq aşiqi olan qəhrəman oğlu haqqında yazdığı “Fuad dünyası” kitabı stolumun üstündədir. Tez-tez Fuadın sanki hər zaman mənə göz qoyan vüqarlı baxışları ilə üz-üzə dayanıram. Onun işıqlı çöhrəsi çox doğma gəlir mənə. Elə bilirəm ki, yaş fərqimiz olmayıb, biz eyni kənddə, eyni məhəllədə doğulmuş, boya-başa çatmışıq. Uşaqlığımız bir yerdə keçib. Məktəb yollarımız da bir olub.

Artıq qəhrəman oğullarımız Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qəsb olunmuş torpaqlarımızı azad edib. Müstəqil Azərbaycan Respublikası böyüyür, inkişaf edir, yeni-yeni uğurlara imza atır, dünya birliyində layiqli yerini tutmağa çalışır. Düşmənin viran qoyduğu şəhər və kəndlərimiz yenidən, daha müasir formada inşa edilir. Cəbrayıl rayonu da indi geniş tikinti-quruculuq meydanını xatırladır. Bu günlərdə Prezidentimizin iştirakı ilə yenidən tikilən Cəbrayıl şəhərinin açılış mərasimi keçirildi. Neçə-neçə cəbrayıllı doğma ocaqda yeni mənzillərə köçdü....

Bu inkişafda gənclərimizin fədakarlığı, elmin son nailiyyətlərinə əsaslanan yeni texnologiyalara yiyələnmələri böyük rol oynayır. Düşünürəm ki, Fuad Əsədov o gənclərlə çiyin-çiyinədir. Harada geniş inşaat işləri görülür, ən yaxşı memarlıq abidələri ucaldılır, həmin əsərlər Fuadın layihələridir. Bir sözlə, Azərbaycanımızın hər bir uğurunda onun da layiqli payı var.

Azərbaycan növbəti dəfə Zəfər bayramını keçirməyə hazırlaşır. Milli Ordumuz daim möhkəmlənir, öz döyüş hazırlığını gücləndirir. Elə bilirəm ki, bugünkü qəhrəman əsgərlərimizin sırasında cəsur Fuadımız da var. Çünki Vətənimizin bütövlüyü, torpaqlarımızın şərəflə qorunması onun ən böyük arzusu idi...

Mən Fuadı heç vaxt görməmişəm. Lakin elə bilirəm ki, o, hər zaman bizimlə yanaşı addımlayır. Axı o, şəhiddir. Şəhidlər isə heç vaxt ölmirlər! Onların ruhu həmişə bizimlə yanaşıdır – bu torpağın bərəkəti, bu yurdun ruhu, işiğı kimi.

Səməd MƏLİKZADƏ

Sosial həyat