Kəndimizdə Maarif adlı yeni ailə qurmuş bir gənc çox sevdiyi ailəsini, təzəcə dünyaya göz açmış oğlu Savadı qoyub müharibəyə gedir.
Qonşu kənddən olan bir əsgərlə səngərdə yanaşı uzanıb almanların növbəti hücumunu dəf edərkən Maarif öz kəndlərini, oğlunu xatırlayaraq inildəyir:
– Ay Savad, ay Savad…
Qonşu kənddən olan əsgər Maarifin nə demək istədiyini başa düşmür və deyir:
– Nə savad, savad salmısan, bura savad yeri deyil. Müharibədə savadlı da ölür, savadsız da...
...İndi hər gün hansısa klinikanı “klinikaların klinikası” deyə reklam edəndə, hava haqqında məlumatı “filan şirkət təqdim edir” deyəndə, istər-istəməz, yuxarıdakı əhvalat yada düşür. “Klinikaların klinikası” deyəndə qalan klinikaların aşağılandığını başa düşmək, hava məlumatını hansısa şirkətin sponsorluğu ilə təqdim olunduğunu anlamaq bu qədərmi çətin və savad tələb edən işdir?
Hər gün televizya ekranlarında özünə “peşəkar aparıcı” deyənlərin nə gəldi, necə gəldi dediyini danışdığını eşidir və üstünü də vurmuruq: “Mahnının söz yazarı” və yaxud “mahnının söz müəllifi”. Mahnının sözlərinin müəllifi demək daha doğru deyilmi? Yaxud yerindən duran, dünən efirə çıxanların hamısını “sənətkar” adlandırmaq nə dərəcədə doğrudur? Piyadaya “piyadaçı”, xadiməyə “xadiməçi”, narahatlığa “narahatçılıq” deyənləri necə peşəkar adlandırmaq olar?
Doğrudanmı, indi bizim ekranımız, efirimiz o vəziyyətə düşüb ki, ən elementar məsələləri belə düzgün çatdıra bilmir...
Son vaxtlar yenicə çap olunan şeir kitablarının əksəriyyətinin üz qabığında müəllifin şəkli dərc olunur. Axı bu, müəllif haqqında olan kitab deyil, iri planda olan şəkli üz qabığına vurmaq hansı mənanı daşıyır? İndiyə qədər görmüşük ki, müəllif haqqında kitabın ya annotasiyasında, ya da üz qabığının sonuncu səhifəsində məlumat xarakterli bir neçə cümlə olar. Üz qabığının birinci səhifəsində isə kitabın məzmunu ilə bağlı rəsm və ya fotoşəkil verilər.
Son vaxtlar, az qala, bütün müğənnilərin repertuarına daxil etdiyi bir mahnı var:
Yenə gəldi yaz ayları,
Bülbül gülə naz eyləyir...
İndiyə qədər həmin mahnını ifa edənlərdən biri də oxuduğunun fərqinə varmayıb: necə yəni bülbül gülə naz eyləyir? Hamı bilir ki, poeziyada bülbül – aşiq, gül - məşuq rəmzi olaraq işlədilir. Onda necə ola bilər ki, bülbül gülə, yəni aşiq məşuqa naz eləsin?
Yaxud neçə illərdən bəri kllasik mahnılardan birində səslənir:
Kətan köynək, nazik bədən
Gördüm, xumar oldum.
Əslində, burada söhbət bədənin nazik olmağından deyil, köynəyin nazikliyindən gedir, yazılı mətndəki vergülə əhəmiyyət verilməməsi nəticəsində mahnıda tamamilə yanlış fikir ifadə edilir:
Kətan köynək nazik, bədən
Gördüm xumar oldum…
Fransız mütəfəkkiri Furye deyib ki, iş elə gətirər ki, əslində, Fransa Akademiyasının həqiqi üzvü olmağa layiq birisi Paris küçələrində araba ilə kömür daşıyar. Televiziya aparıcılarının danışıq tərzini, naşir və kitab müəlliflərinin çap məhsullarını, bəstəkar və müğənnilərin sözlə işləmək bacarığını görəndə fransız mütəfəkkirin bu sözlərini xatırlamamaq olmur.
Süleyman QARADAĞLI