50 illik şərəfli yolun daş üstündə izi var…
Azərbaycanın müstəqillik dövrü inşaat və infrastruktur baxımından misilsiz dəyişikliklərlə yadda qalıb. Amma bu dəyişikliklərin təməli 1970-ci illərdə, sovet dönəmində atılmışdı. Elə həmin illərdə, 1975-ci ildə Azərbaycanda körpü inşaatı üzrə ixtisaslaşmış bir təşkilat – sonradan “Gəncə Körpü Tikinti-2” ASC adını alacaq müəssisə yaradıldı.
Həmin dövrdə Azərbaycanın yol və körpü infrastrukturu bərbad vəziyyətdə idi. Bölgələrə gediş-gəliş çətin, yükdaşıma imkanları məhdud idi. Elə bu səbəbdən körpü tikintisi həm strateji, həm də sosial-mədəni önəm daşıyırdı. Hətta sovet dönəmində belə bu idarə öz intizamı, keyfiyyətə bağlılığı və “büdrəməyən kollektivi” ilə seçilirdi.
Bir tarix, bir yol: 1975-dən bu günə
Yuxarıda qeyd etdiyimiz kimi, 1975-ci ildə sadə bir körpü tikinti idarəsi kimi fəaliyyətə başlayan bu kollektiv bu gün ölkənin mühüm strateji tikinti layihələrinin aparıcı icraçılarından biridir. 2001-ci ildən səhmdar cəmiyyətə çevrilən müəssisə özünü sübut etmiş, yalnız işləri ilə tanınan bir marka olub.
İllər boyu başqaları tender axtaranda, onları axtarıb tapıblar. Bu, reklamla yox, işin keyfiyyəti ilə qazanılmış etibarın nəticəsidir.
Təşkilatın əsas missiyası o zamanlar Azərbaycanın müxtəlif bölgələrində avtomobil yolları və körpülərin tikintisini təmin etmək idi. Ölkədə tikinti imkanları, texniki resurslar və ixtisaslı kadr çatışmazlığı fonunda bu idarənin yaranması, bir daha təkrar edirik, strateji zərurət idi. Əslində, bu idarənin öhdəsinə düşən yük bəlkə də çoxları üçün çəkilməz görünə bilərdi. Amma dayanmaq yox, irəli getmək prinsipini rəhbər tutan kollektiv qısa müddətdə etibar qazandı, fəaliyyət dairəsini genişləndirdi və özəl sektorun daha çevik və müasir yanaşmalarını dövlət sifarişi ilə birləşdirərək müstəqil bazara daxil ola bildi.
Texnika varsa, nəticə var
Ənənəvi inşaat təfəkkürü bu günə qədər “çalxala, tök” prinsipi ilə yol getsə də, “Gəncə Körpü Tikinti-2” çoxdan bu düşüncəni arxada qoyub. Şirkətin texnika parkında 160-dan artıq müasir texnika, maşın və istehsalat sahələri var. Bu texnika təkcə sayla yox, səmərəlilik göstəricisi ilə də önə çıxır.
Çünki bugünkü inşaat sektoru yalnız fiziki zəhmətə yox, həm də texnoloji üstünlüklərə əsaslanır. “Gəncə Körpü Tikinti-2” bu sahədə hər zaman qabaqcıllardan olub. Onlar üçün keyfiyyət dəbdə olan anlayış yox, iş prinsipi olub.
Bunlardan əlavə, şirkətin texnika parkında Mercedes-Benz, Ford, Caterpillar, Komatsu, Liebherr, Casagrande, Maurer kimi dünya brendlərinin məhsulları var. Yəni həm ağır texnika, həm də dəqiq texnologiyalar baxımından “Gəncə Körpü Tikinti-2” bu gün Azərbaycanda ən tam təminatlı şirkətlərdən biridir.
Göygöl rayonunun Quşqara kəndində yerləşən zavod isə onların öz “sütun istehsal xətti”dir. Burada müxtəlif texniki göstəricilərə malik həm sabit, həm də mobil beton və asfalt istehsalı zavodları, qum-qırmadaş istehsalı qurğuları mövcuddur. Əlavə olaraq, körpü tirləri də daxil olmaqla dəmir-beton konstruksiyaları istehsalı zavodunun məhsulları sayəsində şirkət öz işini heç kimdən asılı olmadan, tam müstəqil şəkildə həyata keçirə bilir.
“Gəncə Körpü Tikinti-2” heç vaxt keçmişin köhnə alətləri ilə gələcəyə iddia etməyib. Onların texnika parkı ən müasir, beynəlxalq standartlara cavab verən texnologiyaların muzeyidir desək, səhv etmərik.
İnsan amili uğurun mərəzindədir
Şirkətin ən böyük nailiyyəti texnika və beton divarlar deyil, insanlardır. Ümumi işçi sayının mövsümi işlərlə əlaqədar 250–300 nəfər olduğu, orta aylıq əməkhaqqının 1100 manatı keçdiyi bu müəssisədə heç vaxt gecikən maaş anlayışı olmayıb. Əksinə, işçilərin sığortalanması, mütəmadi olaraq təlimlərə və sertifikatlaşdırmaya göndərilməsi, təhlükəsizlik qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması müsbət təcrübə nümunəsi kimi göstərilə bilər.
Burada sadəcə işçi çalışmır, peşəkar formalaşır. Hər mühəndis öz layihəsini sanki sənət əsəri kimi görür, hər usta işinə ad qoyur. Bu, rəhbərlikdən gələn yanaşmanın məhsuludur. Aqibət Məmmədovun öz ifadəsi ilə desək:
“Biz o dövrün adamlarıyıq ki, betonun da, körpünün də, işçinin də qiymətini bilirik.”
Yeri gəlmişkən, bütün bu illər ərzində təşkilatın dirəklərindən biri, bəlkə də birincisi onun rəhbəri Aqibət Məmmədov olub. Bu ad sadəcə rəhbərliyi yox, bir məktəbi, bir ənənəni, bir sistemi təmsil edir.
İxtisasca yol-inşaat mühəndisi olan Məmmədov 24 yaşında bu sahəyə daxil olub. 1985-ci ildə artıq iş icraçısı, 1991-ci ildə isə 33 yaşında Gəncə şəhər 2 saylı Körpü Tikinti İdarəsinin rəisi təyin edilib. 41 illik fasiləsiz əmək fəaliyyəti ilə bu gün ölkədə nadir, bəlkə də yeganə belə sabit rəhbərlərdən biridir.
O, rəhbərlik etdiyi kollektivin uğurlarını heç vaxt şəxsi müstəviyə daşımayıb. Dəfələrlə nəhəng layihələrdən danışarkən sakitcə “biz də iştirak etmişik” deməklə kifayətlənib. Amma ölkənin su təhlükəsizliyində mühüm yer tutan “Oğuz–Qəbələ–Bakı” su kəmərinin inşasında bu kollektivin gecə-gündüz çalışdığını, sıldırım qayalıqlarda belə texnikanı işə saldığını tarix unutmur.
Aqibət Məmmədovun fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə bir neçə dəfə yüksək səviyyədə qiymətləndirilib: 2010-cu ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adı, 2018-ci ildə III dərəcəli “Əmək” ordeni, “Xudafərin” Ali Yol Mükafatı, “Müstəqil Azərbaycan naminə” fəxri diplomu…
Bu mükafatlar, əslində, bir şəxsin deyil, bir kollektivin, bir məktəbin, bir yol fəlsəfəsinin mükafatlarıdır.
Azərbaycan xəritəsində izləri var
Bu illər ərzində şirkətin adı Azərbaycanın istənilən bölgəsində eşidilib, işləri isə gözlə görünür: Yevlax rayonunda “Şorsu” kanalı üzərindəki körpü keçidi, Yenikənd–Blix avtomobil yolu, “Gəncə–Şəmkir avtomobil yolunun bərpası və yenidənqurulması” layihəsi üzrə 6 ədəd körpü keçidi, Bakı–Ələt avtomobil yolunun 22–69 km hissəsində 7 ədəd körpü keçidi, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yolötürücüsü, Sabunçu rayonu ərazisində dəmir yolu üzərindəki körpü, Suraxanı dairəsi yaxınlığında yol qovşağı, M. Hadi küçəsi ilə Babək prospektinin, eləcə də Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində yol qovşaqları kompleksi, Kürdəmir–Ucar avtomobil yolu (KM 0+000 – KM 42+056) üzrə 3 ədəd körpü və 2 ədəd yeraltı piyada keçidi, Ələt–Masallı avtomobil yolunun (0–9 km) 1A hissəsi üzrə 2 ədəd yol qovşağı və 1 ədəd yeraltı piyada keçidi, “Yevlax–Gəncə avtomobil yolunun 4 zolaqlı səviyyədə genişləndirilməsi” layihəsi üzrə 8 ədəd körpü keçidi və 7 ədəd yol qovşağı, Gəncə Dolama Yolunun “Bərpası və Yenidənqurulması” layihəsi üzrə 4 ədəd körpü, Bakı–Quba–Rusiya Federasiyası ödənişli avtomobil yolu layihəsi üzrə 15 ədəd körpü keçidi, ümumi uzunluğu 40 km olan Gədəbəy rayonunun Kiçik Qaramurad–Cəfərli–Əyrivəng–Alnabat–Kərimli–İnəkboğan–Göyəmli–Şınıx–Göyəlli–Çobankənd–Şahdağ–Çiçəkli avtomobil yolu, Tovuz dolama yolu, Gəncə şəhərində “İmamzadə” kompleksinin yenidən qurulması, uzunluğu 50 km-dən çox olan Gədəbəy–Novosaratovka–Qaravəlilər avtomobil yolunun əsaslı təmiri, Ucar–Kürdəmir avtomagistralı üzərində körpülər, piyada keçidləri və suötürücü boruların tikintisi.
Bu sadalananlar yalnız tikinti layihələri deyil – yaşam tərzi, sosial rifah və milli birliyin təminatıdır.
Dövlətin etimadı və strateji əhəmiyyəti
“Gəncə Körpü Tikinti-2” ASC dövlət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilib. Xüsusilə 2006–2007-ci illərdə qəbul edilmiş “Bakı Nəqliyyat Sisteminin Təkmilləşdirilməsi Proqramı” çərçivəsində şirkət strateji layihələrdə birinci sırada yer alıb. Bunu Prezident sərəncamlarının icraçı təşkilatları arasında adının dəfələrlə çəkilməsi sübut edir.
“Gəncə Körpü Tikinti-2” ASC tərəfindən Gəncə şəhəri, Əli Məmmədov küçəsində Ekoloji Park Kompleksi və onun ətrafında 14 hektarlıq abadlıq işləri görülüb. Cənab Prezidentin Gəncə şəhərinə səfərləri zamanı bir neçə dəfə həmin kompleksdə aparılan işlərlə tanışlığı, eləcə də unikallığı ilə seçilən oranjeriya binasının və istixana kompleksinin tikintisi görülən işlərə nümunədir.
Cəmiyyət Gəncə şəhərinin 2025-ci ildə keçiriləcək III MDB Oyunları ilə əlaqədar olaraq şəhərdə aparılan infrastruktur işlərində yaxından iştirak edib. Belə ki, Gəncə şəhər stadionunun daxilində və ətrafında yerləşən küçə və meydanlarda bir çox təmir-bərpa işləri aparılıb.
Eyni zamanda iqlimə davamlı infrastruktur yanaşması – dağlıq ərazilərdə tikilən körpülərin davamlılıq testlərindən keçirilməsi, təzyiqli su kəmərlərinin inşası, torpaq sürüşməsi risklərinə qarşı görülən tədbirlər – bu kollektivin təkcə inşaat yox, risk idarəetməsi sahəsində də peşəkar olduğunu göstərir.
Sabaha gedən yol
Şirkətin gələcəyə baxışı bir cümlədə ifadə oluna bilər: “Keyfiyyətsiz obyekt bizlik deyil.” Bu sadə prinsip uzunmüddətli fəaliyyətin əsasını təşkil edir. Hazırda yeni nəsil mütəxəssislərin hazırlanması, beynəlxalq akkreditasiyalı laboratoriyaların yaradılması, rəqəmsal texnologiyaların tətbiqi istiqamətində işlər aparılır.
Bununla yanaşı, “Gəncə Körpü Tikinti-2” 2026 və sonrakı illərdə regionda ağır inşaat və hidrotexniki layihələrə daha geniş şəkildə daxil olmağı planlaşdırır. Şirkət artıq Cənubi Qafqazda subpodratçı yox, baş podratçı statusuna iddialıdır.
Körpülər təkcə suyun üzərindən keçmir…
Onlar nəsilləri birləşdirir, mədəniyyətləri qovuşdurur, gələcəyə yol açır. “Gəncə Körpü Tikinti-2” 50 ildə təkcə yollar çəkməyib, körpülər salmayıb. O, həm də özünə inam, dövlətə sədaqət, xalqa xidmət təcrübəsi qazanıb.
Və bu gün bu kollektivə baxanda bir şey aydın olur: “Körpü salmaq sadəcə iş deyil, bu, missiyadır.”
“Gəncə Körpü Tikinti-2” isə bu missiyanı 50 ildir ki, şərəflə yerinə yetirir.
Daha böyük uğurlar, bu yarım əsrdə müdrikləşmiş, özünün istehsal etdiyi və işlətdiyi beton kimi bərkimiş “Gəncə Körpü Tikinti-2”! Dayaqların daim möhkəm olsun!
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri


.jpeg)





.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)


