"Vətən birdi" adlı tədbir keçirilib

post-img

"Borçalı" İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda Atatürk Mərkəzində Dünya azərbaycanlılarının həmrəyliyi günü çərçivəsində "Vətən birdi" adlı tədbir keçirilib.  Bayram günü  münasibətilə dövlətimizin himni və Borçalı marşı səsləndirilib, şəhidlərimizin ruhu anılıb.

İctimai birliyin sədri, şair-publisist, jurnalist Dəyanət Osmanlı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Dünya azərbaycanlılarının həmrəyliyi ideyası müstəqil dövlətçiliyimizdə əsl birləşdiriliçilik, vətənə bağlılıq, milli-mənəvi dəyərlərimizə sədaqət, anlayış və inkişaf platforması kimi böyük tarixi yer tutur. Naxçıvanda Ulu Öndər tərəfindən 1991-ci ildə həmrəylik günü olaraq qəbul edilən 31 dekabr bütün dünya azərbaycanlılarının həyatında milli bayram kimi mühüm yer tutur. Məhz bu ideya sayəsində müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda tarixi yurd yerlərində yaşayıb fəaliyyət göstərən soydaşlarımızla qırılmaz bağlar yaranmış, onların yaşamı və fəaliyyəti Vətənə güvənli hal almışdır. Artıq dövlət ideologiyasına çevrilən həmrəylik ideyası hüquqi, dünyəvi dövlətimizin təbliğində, inkişafında və Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında hər bir vətənsevər azərbaycanlının iştirakına imkanlar açmışdır.

Çıxış edənlərdən BDU-nun dosenti, AYB üzvü Knyaz Aslan, aktyor-yazar İftixar Piriyev, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu,  AYB üzvü Güləmayıl Murad və başqaları Gürcüstanlı soydaşlarımızın vətənpərvərliyinin, milli duyğularının artmasında, dil, təhsil hüquqlarının qorunmasında azərbaycançılıq ideyasının rolundan danışmış, onların Vətən müharibəsində fəal iştirakından bəhs etmişlər.  Sonda aşıq Ataxan Qasımlı və aşıq Fikrət Cəfəroğlu tərəfindən bayram, dostluq, birlik əhval-ruhiyyəli saz havaları ifa olunmuşdur.







Sosial həyat