Sosial rifah cəmiyyəti strateji inkişaf kursunun əsas hədəfi kimi

post-img

Prezident İlham Əliyevin qüdrətli dövlət və sosial rifah cəmiyyətinin qurulması istiqamətində strateji inkişaf kursu uğurla reallaşmaqdadır. Bu prosesin bütün incəliklərini dəqiqliklə müəyyən edən dövlət başçısı hər bir dövlət orqanının vəzifələrini, o cümlədən, onların həyata keçirməli olduqları proqramları və digər məsələləri dəqiqliklə müəyyənləşdirmişdir. Təbii ki, strateji proqramlarda müxtəlif dövlət qurumları, nazirliklər xüsusi yer tutur və onların qarşılarına mühüm vəzifələr qoyulur. Buna görə də sosial-iqtisadi inkişaf kursunda proseslərin sistemli aparılması əsas şərt kimi göstərilir. Həmin nöqteyi-nəzərdən sosial rifah və iqtisadi inkişaf aspektlərinin təhlili üzərində dayanmağa ehtiyac duyuruq.

Güclü sosial siyasət

Azərbaycan vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərə yol açan səmərəli sosial siyasətə malik dövlət kimi qəbul edilir. Ulu öndərin əsasını qoyduğu sosial siyasət 20 ildən çoxdur ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, bütün sahələrdə davamlı tərəqqi prosesləri gedir. Sosial sahədə nailiyyətlər göz qabağındadır. Əhalinin yaşayış səviyyəsinin və rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu tezisi təsdiq edən əlamətlərdən biri Azərbaycanın Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən lider dövlətinə çevrilməsidir.

Bu kontekstdə bir neçə istiqamət üzrə əldə edilən nailiyyətlər xüsusi vurğulanmalıdır. Hər şeydən öncə, milli iqtisadiyyatın dünyada rekord səviyyədə – 3 dəfədən çox artımını vurğulamaq istərdik. Bunun fonunda sahibkarlıq, regionların tərəqqisi və iqtisadi şaxələndirmə diqqəti xüsusi olaraq çəkir. Məsələ onunla bağlıdır ki, dünyada çox ziddiyyətli siyasi, geosiyasi, iqtisadi və hərbi proseslərin getdiyi bir mərhələdə milli iqtisadiyyatın davamlı inkişafına nail olunması ciddi hadisədir.

İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində strateji inkişaf hədəfinə çatmaq üçün kompleks inkişaf proqramları, layihələr sabitlik və təhlükəsizliyin təminatı şəraitində reallaşdırılır. Buraya yalnız enerji layihələri daxil deyildir. Sosial-iqtisadi sferanın demək olar ki, hər bir istiqamətini əhatə edən proqramlar həyata keçirilir, o cümlədən əhalinin sosial təminatı sahəsində ciddi addımlar atılır. Cəmiyyətin sosial müdafiəyə xüsusi ehtiyacı olan bütün kəsimləri sosial qayğı ilə əhatə olunmuşdur. Burada, təbii ki, sahibkarlığın inkişafı və regionların tərəqqisi əhəmiyyətli rol oynayır. İqtisadi şaxələndirmə inkişafın əhatəsini, dinamikasını və səmərəliliyini daha da yüksəldir.

Mütəxəssislər bu prosesdə qeyri-neft sektorunun əhəmiyyətli dərəcədə genişlənməsini xüsusi vurğulayırlar. Məsələnin bu tərəfinin sosial-iqtisadi inkişafın davamlılığı və dayanıqlığı aspektində əhəmiyyətini anlamaq çətin deyildir. Çünki təcrübə göstərir ki, təbii resurslarla və ənənəvi enerjidaşıyıcıları ilə zəngin ölkələrdə qeyri-enerji sektoru inkişaf etmədikdə ciddi problemlər meydana çıxır. İnkişaf prosesi müəyyən mərhələdə tənəzzülə çevrilə bilir. Bu, bütövlükdə, cəmiyyətin sosial rifahına mənfi təsir göstərir və vətəndaşların həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. Həmin səbəbdən dövlətin sosial müdafiə və sosial təminat xərcləri kəskin azala bilir.

Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafının təmin olunması sayəsində bütün bu mənfi halların qarşısı alınmışdır. Prezident İlham Əliyev tam əsaslı olaraq bəyan etmişdir ki, "Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu aspektdə ciddi addımlar atır. Bunu nazirliyin paylaşdığı statistik göstəricilər, o cümlədən hesabatları da təsdiq edir. Sözügedən hesabatlardan məntiqi olaraq üç nəticə çıxarmaq olar. Birincisi, Azərbaycanda sosial siyasət Prezident İlham Əliyevin müəyyən etdiyi xətt üzrə ciddi surətdə həyata keçirilir. İkincisi, bütün mərhələlərdə, o cümlədən son illərdə sosial müdafiə və sosial təminat davamlı və dayanıqlı olaraq dinamik surətdə artmışdır (bunu rəqəmlərin əyani müqayisəsi göstərir). Üçüncüsü, bunun nəticəsində sosial rifah prosesi cəmiyyətin bütün kəsimlərini əhatə etməkdə və ildən-ilə növbəti mərhələyə yüksəlməkdədir.

Belə ki, ümumilikdə, 20 il müddətində dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş vermişdir. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatmışdır. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət trendləri şərtləndirmişdir.

Milli iqtisadiyyata investisiya axını

Bütün dünya üzrə milli iqtisadiyyata investisiya qoyuluşu aparıcı faktora çevrilmişdir. Müqayisə üçün deyək ki, Avropa İttifaqının rəhbərliyi son dövrlərdə məhz sərmayə qoyuluşunun iqtisadiyyatın taleyini müəyyən etdiyi qənaətinə gəlmişdir. Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqinin Avropa İttifaqı üçün hazırladığı məruzədə üç aparıcı faktordan biri kimi məhz sərmayə qoyuluşu göstərilmişdir. İndi təşkilatın rəhbərləri sərmayə axınının zəifləməsinin hətta Avropa İttifaqının məhvolma ehtimalını yüksəltdiyini vurğulayırlar. Mütəxəssislərin qənaətinə görə, Aİ sərmayə qoyuluşunda ABŞ və Çindən xeyli geridə qalır. Brüssel daha çox iqtisadi prosesləri tənzimləməklə məşğuldur ki, bu da artıq fayda vermir.

Avropa İttifaqının sərmayə qoyuluşuna böyük önəm verməsi təsadüfi deyildir. Çünki müasir mərhələdə iqtisadi sahəyə kapital yatırılmasa davamlı sosial-iqtisadi tərəqqi mümkün deyildir. Meydana sürətlə yeni kəşflər çıxır, yüksək texnoloji tətbiqlər özünü göstərir ki, bu, da bütövlükdə, iqtisadiyyatın dəyişmə dinamikasını yeniləşdirir.

Bundan başqa, postsovet məkanında baş verən ziddiyyətli geosiyasi, geoiqtisadi və hərbi proseslər sərmayə qoyuluşunda müəyyən risklər yaradır. Bu baxımdan Azərbaycan "sabitlik adası"nı xatırladır. Azərbaycanın milli iqtisadiyyatına sərmayə qoyuluşu dinamik olaraq artır. Statistik göstəricilərə görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına sərmayələr 12,6 faiz, xarici investisiyalar 22,4 faiz artmışdır. 2021-ci ildə Azərbaycan iqtisadiyyatına ümumi sərmayələr 25 milyard 313,8 milyon manat (14 milyard 890,4 milyon ABŞ dolları) təşkil etmişdir ki, bu da 2020-ci ilin göstəricisindən 12,6 faiz çoxdur. 2022-ci ildə Azərbaycanda əsas kapitala 18271,3 milyon manat və yaxud 2012-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilmişdir. 2023-cü ildə isə əsas kapitala 20296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilmişdir. Nəhayət, Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübündə 1,5 milyard dollar həcmində xaricdən birbaşa investisiyalar cəlb edilmişdir.

Məhz bu kimi dinamika Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsidir. Buna görə də ölkəmizdə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə, sosial təminat sisteminin dəfələrlə güclənməsinə nail olunmuşdur. Qazanılan uğurlara görə BMT yoxsulluğun kəskin şəkildə azalmasını da diqqətə alaraq, Azərbaycanı Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil etmişdir.

Əməkhaqları, pensiya və sosial ödənişlər

Prezident İlham Əliyevin aşağıdakı fikirləri sosial-iqtisadi sferada həyata keçirilən siyasəti dolğun ifadə edir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır". Təsadüfi deyil ki, Prezidentin fərman və sərəncamları ilə 2018–2023-cü illərdə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunmuşdur. Ümumilikdə, 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatların hər biri üzrə illik əsasda ayrılan əlavə vəsaitlərin ümumi məbləği 7 milyard manata yaxındır. Bu islahatlar nəticəsində 2018–2023-cü illərdə minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, yaşa görə orta aylıq pensiya 2 dəfə, orta aylıq əməkhaqqı 70 faiz, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, işsizliyə görə sığorta ödənişlərinin orta aylıq məbləği 52 faiz artmışdır.

Ölkə rəhbərinin qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün müxtəlif tədbirlər görülür. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Qalib dövlət, güclü sosial siyasət" sərlövhəli məqaləsində yazır ki, "2014–2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"na uyğun olaraq həmin sistemin yeni çağırışlara uyğun təkmilləşdirilməsi, layiqli pensiya təminatı sisteminin qurulması istiqamətində mühüm addımlar atılıb". Bu tezisin təsdiqi istiqamətində nazir vurğulayır: "Dövlət başçısı tərəfindən hər il müvafiq sərəncamlar imzalanmaqla minimum pensiyaların mütəmadi artırılması, hər ilin əvvəlində pensiyaların və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilərək artırılması təmin olunub. Ümumilikdə, ötən 20 ildə minimum pensiya 14 dəfə artaraq 280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artaraq 408 manata çatıb ... Pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği isə 30 dəfədən çox artaraq 5 milyard 907 milyon manata çatıb ... ".

Əlbəttə, kifayət qədər ciddi nəticələrdir. Bunun fonunda bir başqa kontekstdə aparılan müqayisə maraqlı mənzərə yaradır. Belə ki, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı olduğu halda, hazırda bu məbləğ (435 manat) olmaqla pensiyaçılar üçün yaşayış minimumunu (199 manat) 2,2 dəfə üstələyir.

Vurğulanan aspektdə Azərbaycanın MDB-nin digər ölkələri ilə müqayisəsi də maraq doğurur. Bu baxımdan Sahil Babayevin apardığı aşağıdakı müqayisələr real vəziyyəti əks etdirir: "Minimum və orta aylıq pensiya məbləğlərinin Alıcılıq Qabiliyyəti Pariteti (AQP) əsasında hesablanmış AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan müvafiq olaraq birinci və ikinci yeri tutub. Minimum aylıq əməkhaqqının həm ABŞ dolları, həm də AQP dolları ilə ifadəsində MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisə sıralamasında Azərbaycan ikinci yeri tutub. Aparılan ardıcıl əməkhaqqı islahatlarının daha bir müsbət nəticəsi kimi ölkəmizdə xalis minimum aylıq əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti 2003-cü ildəki 11,7 faizdən 2018-ci ildə 26,5 faizə, 2023-cü ilin əvvəlində isə 41,1 faizə çatıb. Bu da həmin nisbət göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyişdir ... ".

Vətəndaşın DOST-u

Sosial siyasət sahəsində həyata keçirilən proqramlar kontekstində iki mühüm faktı da vurğulamaq istərdik. Bir sıra təşəbbüslərlə çıxış edən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sosial sahə ilə bağlı da olduqca səmərəli addımlar atır. Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq son illərdə Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa edilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin "Məzun evi" sosial müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunmuşdur. Eyni zamanda, son illər yeni yaşayış binalarından həmin məzunlara mənzillərin təqdim edilməsi işləri aparılır və ümumilikdə, ötən dövrdə həmin məzunlardan 650 şəxs tam təmirli mənzillə təmin olunmuşdur.

Digər fakt Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial islahatların mühüm uğurlarından biri olan DOST konsepsiyası ilə bağlıdır. Onu vurğulayaq ki, DOST konsepsiyasının təşəbbüskarı da Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. DOST, sözün həqiqi mənasında, vətəndaşın dostudur. Xidmət tam obyektiv və yüksək səviyyədədir. Bürokratik əngəl qətiyyən yoxdur. Ümumilikdə, DOST sosial sahələr üzrə 159 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını, nəticə etibarilə dövlət sosial xidmətlərinin vətəndaş rahatlığı və məmnunluğuna uyğun göstərilməsini təmin edir. Onu vurğulayaq ki, ölkə Prezidentinin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılmışdır.

Sonda onu da qeyd edək ki, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulmasıdır. Bununla sosial sahədə vətəndaşlara şəffaf və çevik, keyfiyyətli, əlçatan, vətəndaş məmnunluğuna uyğun xidmətlər sistemini daim təkmilləşdirmək imkanı yaranır.

Əlbəttə, Prezident İlham Əliyevin sosial siyasəti çoxşaxəlidir və onu bir məqalədə təqdim etmək mümkün deyil. Ancaq yuxarıda aparılan təhlillər və müqayisələr aydın göstərir ki, Azərbaycan uğurla qüdrətli dövlət və yüksək sosial rifah cəmiyyətinin qurulması istiqamətində irəliləyir. Müstəqil Azərbaycan dünya miqyasında inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır. Dövlət başçısının sistemli, dərin düşünülmüş və ən müasir tələbləri özündə ehtiva edən sosial siyasəti ildən-ilə daha böyük səmərə verir. Azərbaycan bütün sahələrdə yüksək nəticələr əldə edir. Azərbaycan vətəndaşının rifah halı dəqiq düşünülmüş inkişaf kursu üzrə sürətlə artır.

Şübhə yoxdur ki, Azərbaycan qətiyyətlə öz inkişaf kursunu tam olaraq reallaşdıracaqdır. Hazırda Azərbaycanda müşahidə edilən sürətli quruculuq işləri, Qarabağın yenidən qurulması, Böyük Qayıdışın geniş vüsət alması, ölkənin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi və iqtisadiyyata sərmayələrin artması çox nikbin düşünməyə əsas verir! Azərbaycan nəinki regional, hətta regionlararası məkanda nüfuzlu bir dövlətə çevrilir. Azərbaycan vətəndaşının rifahı davamlı olaraq yüksəlir!

Kamal ADIGÖZƏLOV

Sosial həyat