“Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Azərbaycanı kəşf et!” layihəsinin növbəti tədbiri keçirilib

post-img

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi münasibətilə Misirin Qalubiyyə şəhərində “Azərbaycanı kəşf et!” (“Discover Azerbaijan!”) layihəsinin 4-cü tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qahirə şəhərində yaşayan diaspor fəalı Dr. Sədaqət Əliəşrəfin təşəbbüsü ilə baş tutan tədbirə yerli ictimaiyyətin tanınmış şəxsləri, nüfuzlu şirkətlərin və media qurumlarının rəhbərləri, "Passion Zone" Akademiyasının tələbələri, "Azərbaycanı kəşf et!" layihəsinin iştirakçıları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar qatılıb. 

Tədbir Azərbaycan və Misirin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Qonaqları salamlayan “Azərbaycanı kəşf et!” layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəf ölkələrimiz arasında qarşılıqlı hörmət və maraq əsasında dostluq münasibətlərinin qurulmasını sevindirici hal kimi dəyərləndirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfərini xatırladıb. Misirdəki Azərbaycan diasporunun bu dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün inamla fəaliyyət göstərdiyini bildirib. “Azərbaycanı kəşf et” layihəsinin də buna bir nümunə olduğunu söyləyən Dr. Sədaqət Əliəşrəf verilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib. 

"Passoin Zone" Akademiyasının sahibi və rəhbəri olan Dr. Amal Süleyman çıxışında ölkələrimiz arasında əlaqələrin qədim tarixə malik olduğunu, “Azərbaycanı kəşf et!” layihəsinin Misirdə tanındığını və maraqla qarşılandığını vurğulayıb.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Səbinə Səmədova layihə çərçivəsində 2024-cü ilin aprel ayında Qahirədəki "Pioneer Integrated school" və "Seyidna Hadija" adına məktəblərdə olduqlarını, qaliblərə şəhadətnamələr, hədiyyələr təqdim etdiklərini bildirib. O, layihənin bu ilin sonuna kimi bütün Misirdə keçiriləcəyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Azərbaycan dilində müxtəlif şeirlər və musiqilər səsləndirilib. Misirin Ayn Şəms Universitetinin Tibb fakültəsində təhsil alan azərbaycanlı gənc, diaspor fəalı  Sandi Salem iştirakçılar arasında Azərbaycan haqqında viktorina keçirib və uşaqlar üçün əyləncəli proqram təqdim edib.

Sonda 25 nəfər qalib müxtəlif suvenirlərlə, şəhadətnamələrlə mükafatlandırılıb.

 





Sosial həyat