Audiovizual Şura multipleks və platforma operatorlarının retranslyasiya paketlərinin monitorinqinə başlayıb

post-img

"Media haqqında" Qanuna uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərti ilə retranslyasiya edə bilərlər. Qanunvericiliyin bu tələbi və bununla bağlı Audiovizual Şuranın aparacağı monitorinqlər barədə sentyabr ayında bütün operatorlara müvafiq məktublar ünvanlanıb.

Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, hazırda Audiovizual Şuranın mütəxəssisləri bir sıra operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxışı həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.

Aparılan ilkin monitorinqlər nəticəsində multipleks operatoru olan "ATV Plus" MMC-nin retranslyasiya paketində buna hüquq verən sənəd olmadan xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb. Bununla bağlı Audiovizual Şura tərəfindən 2024-cü il oktyabrın 4-də inzibati xəta haqqında protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcək.

 

Sosial həyat