Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi. Tədbirdə festival müddətində nümayiş olunan filmlər mükafatlarla təltif olundular.
Beləliklə, ən yaxşı film nominasiyasında rejissor Rufat Rayın “Quyu”, ən yaxşı rejissor işinə görə Azər Quliyevin “Qırmızı planetin ikinci rəngi”, ən yaxşı ssenari üzrə İlkin Umarovun “Şam bağı”, ən yaxşı sənədli film kateqoriyasında Leylaxanım Qənbərlinin “Babamın evi” filmləri mükafata layiq görüldülər. Rejissor Nicat Qulamın ərsəyə gətirdiyi “Baba haqqı” sənədli ekran işi isə münsiflər heyətinin xüsusi mükafatını qazandı.
Tələbə filmləri arasında rejissorlar Murad Allahverdiyev, Ruhulla Rəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, Tural Ələsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova, Sərxan Nəciyevin çəkdikləri “Qəfəs” filmi diploma layiq görüldü.
Beynəlxalq Debüt Bədii Film Müsabiqəsində qazaxıstanlı rejissor Asxat Kuçinçirekovun çəkdiyi “Bauryna Salu” filmi ən yaxşı tammetrajlı bədii film nominasiyasında qalib oldu. Tammetrajlı bədii film kateqoriyasında ən yaxşı rejissor işinə görə Baran Gündüzalpın “Rosinante”, ən yaxşı ssenariyə Şokir Xolikovun “Bazar günü”, ən yaxşı təsvir rejissoru işinə görə isə təsvir rejissoru Daniel Quliyevin və rejissor Emin Əfəndiyevin “Tək adamın monoloqu” filmləri mükafatlandırıldılar. Bu müsabiqədə münsiflər heyətinin xüsusi qeydinə görə ən yaxşı tammetrajlı film nominasiyasında rusiyalı rejissor İra Basın “Balam” filmi seçildi.
Müsabiqənin qısametrajlı filmlər kateqoriyasının qalibləri siyahısında
ən yaxşı sənədli film xorvatiyalı rejissor Sara Jurinçikin “Valeriya”, ən yaxşı animasiya filmi fransalı rejissor Aleksey Evstigneevin “Atamın məktubları”, ən yaxşı film rejissoru işinə görə isə almaniyalı rejissorlar Oliver Şvabe və Kristian Bekkerin “Çuxur “ filmləri yer alır. Bu film kateqoriyasında münsiflər heyətinin xüsusi qeydinə görə isə iranlı rejissorlar Behzad Alavi və Süsən Salamat Çaqoşinin “Taksidermist” filmi seçildi.
Asiya istedadları müsabiqəsində ən yaxşı film nominasiyasında fələstinli rejissorlar Nur Ben Selem və Jülyen Menantunun “Fələstin adaları” filmi qalib oldu. Münsiflər heyətinin xüsusi mükafatına isə iranlı rejissor Əlirza Şəkərinin “Bədən Satıcısı” filmi layiq görüldü. Bu nominasiyada yerli müsabiqənin qalibləri və münsiflər heyətinin qeydinə görə hindistanlı rejissor Puca Kaulun “Umeşin xronikası” və koreyalı rejissor Şinyu Kanın “Səsin arzusu” filmləri mükafatlandırıldılar. Festivalın ən yaxşı bədii filmi isə türkiyəli rejissor Cansu Baydarın ərsəyə gətirdiyi “Demək olar tamamilə yanlışdır” filmi oldu.
Sonra beynəlxalq müsabiqəyə daxil olan filmlərdən kadrlar göstərildi.
Münsiflər heyətinin üzvü, özbək film ustası Eldar Yuldaşev XQ-yə festivalla bağlı təəsuratlarını danışdı: - Builki festival eyni anda həm qısametrajlı, tammetrajlı, animasiya və sənədli filmlərin nümayişi ilə yadda qaldı. Bu da hər il festivalın və burada iştirak edən yaradıcı insanların daha da təkmilləşməsi baxımından əhəmiyyətlidir. Azərbaycanda belə tədbirlərin yeni və müasir formada tamaşaçılara, iştirakçılara təqdim olunması çox önəmlidir. Çünki, texnologiya günbəgün inkişaf edir. Film sənayesində istifadə edilməsi bu sahədə ciddi irəliləyişlərə də yol açır. Özbəkistanda da bu sferada yeni texnoloji avadanlıqlardan istifadə olunur. Bu mənim çox xoşuma gəlir.
Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru, prodüser Fehruz Şamıyev: -Builki festivalda yeniliklər çox oldu. Əvvəlki festivallarda qısametrajlı filmlər nümayiş olunurdusa, bu il tammetrajlı filmlərə də yer verildi. Bu on ədəd film həm də dünyanın ən tanınmış film festivallarında iştirak edib. Hətta həmin filmlər bir sıra mükafatlara da layiq görülüblər. Artıq bu cür filmləri izləməkdən ötrü dünyanın hər hansı yerinə getmək lazım deyil. Çünki, ölkəmizdə də bu cür filmləri izləmək, eyni zamanda, film müəllifləri ilə də həmsöhbət olub, müzakirələr aparmaq mümkündür. Festivalda qalib gələn hər kəsə uğurlar arzu edirəm. Və ümid edirəm ki, növbəti festivallarda daha çox tammetrajlı Azərbaycan filmlərini görə biləcəyik.
Xatırladaq ki, bu il festival çərçivəsində - 5 gün müddətində ümumilikdə 26 ölkəni əhatə edən 79 film nümayiş olundu. Tamaşaçılarla 15-ci görüşə gələn festivalda bu ildən tammetrajlı filmlərin müsabiqəsi də keçirildi. Beynəlxalq müsabiqədə ilk dəfə tammetrajlı bədii və qısa filmlər yarışırdı. Yerli müsabiqəyə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunmuşdu. Ümumilikdə isə bu müsabiqədə 25 ekran əsərigöstərildi. Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların ixtiyarına verilmişdi.
FidanSALMANOVA
XQ