Astanada Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman Dini İdarə rəhbərləri Şurasının (MDİRŞ) V iclası keçirilib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Kajı Taqanulı, Türkiyə Dini İşlər İdarəsinin sədri Əli Erbaş, Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyx Nuriddin Xoliknazar, Qırğızıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Əbdüləziz kajı Zakirov, həmçinin Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Mirvahid Əzimov, din alimləri, imamlar, KİV nümayəndələri iştirak ediblər.
Xatırladırıq ki, MDİRŞ-in Əsasnaməsi Şuşa şəhərində imzalanıb, orada Birgə Bəyanat qəbul olunub. Astanada baş tutan tədbirdə isə Şuşada qəbul edilən sənədlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Allahşükür Paşazadə “Xoca Əhməd Yəsəvi irsi və təsəvvüf elmi” mövzusunda keçirilən konfransa və “Türk dünyası, Fətva metodologiyası və xüsusiyyətləri” adlı dəyirmi masaya da qatılıb.
İclasda “İslam yerli əhalinin adət-ənənələrini dəstəkləyir” və “Fətva verilməsinə dair fiqh məktəbinin qaydaları” sənədləri də qəbul olunub.
Tədbirdə “İslam cəmiyyətin ənənələrini dəstəkləyir” adlı sənəd də qəbul edilib.
Şuranın V iclası çərçivəsində bir sıra görüşlər də keçirilib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Astana