Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı (Qaraçöp) kəndində Azərbaycanın maliyyə vəsaiti hesabına yeni inşa olunan uşaq bağçası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bağçanın açılışında Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Əli Əhmədov, maliyyə naziri Samir Şərifov, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar, səfir Faiq Quliyev, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan tərəfindən Baş nazir İrakli Kobaxidze və digər rəsmi şəxslər iştirak ediblər.
Mahir Məmmədov bildirib ki, uşaq bağçası Azərbaycan dövlətinin başçısının tapşırığı ilə SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına inşa olunub. 180 yerlik uşaq bağçasının tikintisinə 2023-cü ilin aprel ayında başlanılıb. Binada balaca fidanların təlim-tərbiyəsi, istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb. Bu gün Yor Muğanlı və ətraf kəndlərdən 130 uşaq bu bağçanın imkanlarından istifadə edir. Ehtiyac yaranacağı təqdirdə, bağçada uşaqların sayı 240-a çatdırıla bilər.
Azərbaycan və Gürcüstan nümayəndə heyətinin üzvləri uşaq bağçasının binasını gəzib, görülən işlər və balaca fidanlar üçün yaradılan şəraitlə tanış olub, lazımi tapşırıq və tövsiyələrini veriblər.
Əli Əhmədov deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Bu günə qədər Gürcüstanda Azərbaycan dövlətinin dəstəyi ilə bir neçə məktəb, mədəniyyət ocaqları, idman kompleksləri, uşaq bağçaları tikilərək istifadəyə verilib. Onlarla sosial obyekt əsaslı təmir olunub, bu cür təbirlər bundan sonra da davam etdiriləcək.
Baş nazir İrakli Kobaxidze belə bir bağçanın tikintisinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O, Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial layihələrin dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi olduğunu bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi