Qobi səhrasında 15 metrlik uşaq heykəli

post-img

Çin siyasətçiləri, alimləri, hərbçiləri kimi bu ölkənin incəsənət xadimləri də dünyanı heyrətləndirməkdə davam edirlər. Həm də bu tendensiya təkcə dövlət səviyyəsində deyil, ayrı-ayrı fərdlərin fəaliyyətində də özünü göstərir. Tərəfdaş ölkədəki həmkarlarımızın hazırladığı internet resurslarında qeyd edilir ki, modern heykəltaraş Donq Şubinq bu məsələdə daha irəli gedə bilib.

Bu sənətkar ölkənin Şandunq əyalətində hazırlanan qırmızı qum daşından bütün sənət adamlarını, xüsusən, turistləri maraqlandıran möhtəşəm uşaq heykəli yaratmışdır. Uzunluğu 15, eni 9, hündürlüyü 4, 3 metr olan bu heykəlin ölkənin böyük şəhərlərinin hansındasa yox, məhz Qobi səhrasında ucaldılmasının da özünəməxsus rəmzi mənası var. Elə əsərin rəsmi adı da “Yer uşaqları”dır.

Sənətşünaslar yazırlar ki, bu heykəltaraş insan mədəniyyətinin, sosial quruluşun, ümumiyyətlə, cəmiyyət həyatının mənşəyini ifadə edən əsərlər yaratmaq istəyəndə əvvəlcə qız (qadın) mövzusunu qabartmışdır. Sonra isə məsələni bir qədər də konkretləşdirərək uşaq mövzulu əsərlər üzərində işləməyə başlamışdır. Məqsəd isə uşaqları – yəni dünyanın sabahını qorumaq üçün atılan addımların dəstəklənməsidir.

Sənətkar adıçəkilən heykəlin bilavasitə səhrada ucaldılmasını belə əsaslandırmışdır ki, mən Çinə, heykəltaraşlığa, uşaq mövzusuna nə qədər bağlıyamsa, Qobiyə də o qədər məhəbbətim var. Zamanın çoxsaylı sınaqlarından çıxmış, geoloji nöqteyi-nəzərdən bir-birindən ağır təlatümlər yaşamış bu torpaq təkcə bərkimiş və susuz, qum eroziyasına məruz qalmış və ekoloji cəhətdən deqradasiyaya uğramış mühit deyil, həm də… təəssüf ki, unudulmuş, həyat siqnalı olmayan geniş səhradır.

Müəllif burada heyrətamiz sənət əsəri yaratmaqla insanlarda keçmiş şöhrətə, ilkin yaşıl ekologiyaya ehtiram, anım hissləri oyatmaq məqsədi daşıyır. O həm də insanları isti dalğaların və güclü küləklərin süpürdüyü toz burulğanı arasında Çin xalqının əcdadlarının saf dünyaya doğru atdıqları çətin addımları izləməyə çağırır. Çünki hər uşaq bəşəriyyətin saf dünyasıdır.

Ekspertlər yazırlar ki, bu heykəltaraş səhrada göyə baxır, qum üstündə öz addımlarını atır, “övladını” göylərə doğru qaldırır və yavaş-yavaş körpəni aşağı salır, müasir insanların qədim dövrlərə kədərli və gözəl nostaljini yaşayır… və bəşəriyyəti ekoloji cəhətdən təmiz olan vətəni təmin etməyə çağırır. Rusiyalı həmkarlarımızın fikrincə, Donq Şubinqin bu əsəri Çində müasir ictimai incəsənət praktikasında uğur nümunəsi kimi qiymətləndirilməlidir.

İ.QAÇAYEV

Sosial həyat