Ortaq Türk Əlifbası xalqlarımızın mənəvi birliyinə xidmət edəcək

post-img

Professor Mustafa Arqunşah Türkiyənin tanınmış elm adamıdır. Ərciyes Universitetinin ədəbiyyat fakültəsində Türk dili və ədəbiyyatı kafedrasında çalışır. Uzun müddət bu kafedranın rəhbəri olmuşdur. Mustafa hoca Çindən Balkanlara qədər türk coğrafiyasının bir çox yerlərini gəzmiş, bunu elmi fəaliyyətinin bir hissəsinə çevirmiş, ciddi elmi əsərlərə mövzu etmişdir. Türk dilləri və ləhcələri ilə bağlı çoxsaylı kitabları və yüzlərcə məqaləsi Türkiyə və dünyanın məşhur elmi nəşrlərində yer almışdır. Türk Dil Qurumunun üzvü kimi “Ortaq Türk Əlifbası” ideyasının gündəmə gətirilməsində və Türk dünyasından olan dilçi alimlərin, elm adamlarının bu məsələnin müzakirəsinə cəlb edilməsində də müstəsna xidmətləri olmuşdur.

– Hocam, Türk Akademiyası və Türk Dil Qurumunun Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılmış Türk Dünyası Ortaq Əlifba Komissiyasının işləyib hazırladığı 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi qəbul edildi. Bu məsələyə hər zaman həssaslıqla yanaşan dilçi alim kimi həmin hadisəni necə qiymətləndirirsiniz?

– TDT-nin tövsiyəsi ilə Türk Akademiyası və Türk Dil Qurumunun ortaqlığı ilə yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 9-11 sentyabr 2024-cu il tarixləri arasında Bakıda keçirilən son iclasında qəbul edilən qərarı açıqlayıb. Komissiya 34 hərfdən ibarət ortaq əlifba üzərində razılığa gəldiyini bildirib. Çox sevindirici hadisədir.

Yeni əlifba 1991-ci ildə iki dəyişikliklə qəbul edilmiş çərçivə əlifbasının yenilənmiş versiyasıdır. Hər məqamda 18-20 noyabr 1991-ci ildən danışdığımız kimi, 9-11 sentyabr 2024-cü il tarixləri də gələcəkdə tez-tez xatırlanacaq. Türk dünyasının birlikdə qeyd edəcəyi bir dil bayramı olacaqsa, bəlkə də, bu, 11 sentyabr olacaq. Mən əlifba ilə bağlı bu qərarı dil birliyinə gedən yolda çox mühüm addım hesab edirəm.

Bildiyiniz kimi, türklərin tarix boyu müxtəlif əlifbaları olub. Son yüz ildə latın, kiril və ərəb əlifbalarından geniş istifadə olunurdu. Bəzi müstəqil türk dövlətlərində latın və kiril əlifbaları hələ də işlənməkdədir. İndi mühüm addım atılıb. Bütün türk cümhuriyyətləri latın əlifbasında birləşəcək. Türkiyə, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkmənistan və Özbəkistan artıq latın əlifbasından istifadə edirlər. Qazaxıstanda keçid prosesi davam edir. Növbəti sırada Qırğızıstan var. Türk dünyasında birgə qəbul edilən hər bir qərar türk tarixinə qızıl hərflərlə yazılıb. Çünki ortaq nöqtələrin tapılması, xüsusən də dil birliyi yolunda mühüm addım olan əlifba birliyinin təmin edilməsi türk dünyasına yeni imkanlar açacaq. Bu, türklərin bir-birini daha yaxşı və asan başa düşməsini təmin edəcək bir addımdır. Bu barədə düşünənləri, əməyi keçənləri və qərara imza atanları təbrik edirəm.

– Bunu “Dildə, fikirdə, əməldə birlik” deyərək, türk toplumlarının birləşməsi üçün mübarizə aparan İsmayıl bəy Qaspıralı və digər böyük türk ziyalılarının başlatdığı işin davamı hesab edə bilərikmi?

– Diqqət edirsinizsə, Qaspıralı fikir və iş birliyinin olması üçün dil birliyini ön planda tuturdu. İlk növbədə, dil birliyi lazımdır, çünki ideyaların birləşməsi üçün insanlar eyni dildə danışmalı, bir-birinin ruhunu anlamalı, mənəvi dünyalarını birləşdirməlidirlər. Dil və fikir birliyi bizi əməkdaşlığa aparır. Mən bu əməkdaşlığı Turan olaraq başa düşürəm. Bu birliyin hədəfi Turandır.

Turan da Avropa Birliyi kimi türk birliyidir, bəlkə gələcəkdə Türk Federasiyasıdır. 1990-cı illərə qədər bunlar xəyal, utopiya kimi görünürdü. Bunları danışanları, yazanları yuxu görməkdə ittiham edirdilər. Sovetlər birliyinin dağılması ilə türklər üçün böyük imkanlar açıldı, türklər ağıllı olmalı və bu imkanlardan yaxşı istifadə etməlidirlər. Allahın bir neməti olan bu yeni imkanlardan yaxşı istifadə edilməsə, sonu məyusluqla bitər.

İsmayıl Qaspıralı və Ziya Göyalpın yolunu gedən türk ziyalılarının bir çoxu bu günləri görməyib. Həm Türkiyədə, həm də Sovet İttifaqında türkçülük davasını təbliğ etdikləri üçün həbsə atılan, işgəncələrə məruz qalan insanlar olublar, hətta minlərlə insan güllələnib. 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayın iştirakçılarını xatırlayın...Canları bahasına əkdikləri toxumlar indi öz bəhrəsini verir. Bu gün əlifba birliyindən danışanlar sabah ortaq dildən, ortaq ünsiyyət dilindən bəhs edib onu da müzakirə edəcəklər. Bu, o deməkdir ki, yol düzgün çəkilib və bizim borcumuz bəzi çətinliklərdən ruhdan düşmədən, bir-birini başa düşərək, qarşılıqlı hörmət əsasında bu yolda, məhz onların yolunda addımlamaqdır.

– 1991-ci ildə sizin də içərisində olduğunuz bir çox dilçi alim tərəfindən təklif edilən latın əsaslı Ortaq Türk Əlifbası layihəsi var idi. Bu haqda danışa bilərsinizmi?

– Türkiyədə 1989-cu ildə Sovet İttifaqının sonunun gəldiyi başa düşüldü və ortaq əlifba və dil üzərində araşdırmalar sürətləndirildi. 1990 və 1991-ci illərdə Ankara və İstanbulda bu məqsədlə beynəlxalq konfranslar keçirilmişdir. Türkiyə Cümhuriyyəti bu işlərə öncüllük etmiş və bu istiqamətdə atılan addımları dəstəkləmişdir. Mədəniyyət Nazirliyinin Ankarada təşkil etdiyi Birinci Beynəlxalq Türk Dili Konqresində “Əlifba komissiyası”nda mən də iştirak etmişdim.

İndi aramızda olmayan bəzi alimlərlə ortaq əlifbanı müzakirə etdik. Səsləri və hərfləri araşdırdıq. Bu məsələlərdə o zaman birliyə nail olmaq çətin idi. 1991-ci il noyabrın 18-20-də İstanbulda Mərmərə Universiteti Türkşünaslıq İnstitutunun keçirdiyi toplantıda türk dünyasının hər yerindən alimlər üç günlük müzakirədən sonra 34 hərfdən ibarət çərçivə əlifbasını qəbul etdilər. Latın əlifbasına keçəcək türk dövlətləri və topluluqları bu əlifbadan hərf seçərək, öz əlifbalarını yaradacaqdılar. 1992-ci ildə Azərbaycan ümumi əlifbada olmayan açıq /e/ səsi üçün /Əə / hərfini qəbul edərək, ilk addımı atdı. Lakin ümumi əlifbada /Ää/ hərfi mövcud idi. Təəssüf ki, Türkmənistan və Özbəkistan 1993-cü ildə latın əlifbasına keçəndə bu 34 hərfdən ibarət çərçivə əlifbasına əməl etmədi. Ümid edirəm ki, yeni əlifbanın da taleyi eyni olmayacaq.

Bu iclasda qəbul edilən 6 bənddən ibarət qərardan ikincisi Azərbaycanın latın əlifbasına keçid prosesinin sürətləndirilməsi ilə bağlıdır. Qərar belədir: “Simpozium [iştirakçılar] Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılan latın qrafikalı Azərbaycan türk əlifbasının tezliklə Azərbaycan Milli Məclisi tərəfindən qəbul edilməsini arzulayır”. Həmin görüşdə Azərbaycandan Ələddin Məmməd oğlu Əliyev və Firudin Ağasıoğlu Cəlilov da iştirak edirdilər. Həmin simpoziumun iştirakçı alimlərin imzaları ilə bəyan etdikləri qərarı təqdim edirəm.

– Sizcə, təklif olunan və artıq qəbul olunmuş Ortaq Türk Əlifbası türk dövlətləri tərəfindən necə həyata keçirilməlidir?

– Yeni əlifbaya iki dəyişiklik edilib. Məncə, birincisi Azərbaycanın təklifi ilə oldu. Yuxarıda qeyd etdiyim açıq e üçün /Əə / hərfi qəbul edilib və yanında mötərizədə /Ää/ hərfi əlavə edilib. İkincisi, /Ww/ hərfi çıxarılaraq /Ŭŭ/ hərfi ilə əvəz edilmişdir. Bu sonuncu latın əlifbasından istifadə edən ölkələrdə ümumi hərf deyil. Əlaqədə olduğum bəzi qazax dilçiləri də buna etiraz etdilər. Bu, o deməkdir ki, həmin məsələ ilə bağlı qazax alimləri arasında fikir birliyi yoxdur. Belə müzakirələr də normal qarşılanmalıdır.

1991-ci ildə bizim təklif etdiyimiz əlifba qəbul ediləndə, türk cümhuriyyətlərində hələ buna hazır deyildilər, bəzi ziyalılar ortaq əlifbadan, ortaq dildən və bunların nəticələrindən xəbərsiz idilər. Aradan keçən 33 ildə dünyada və türk ölkələrində çox şey dəyişdi. Universitetlər inkişaf etdi, birlik ideyası gücləndi, türk dünyasında əməkdaşlığın nə gətirəcəyi praktikada göründü. Aydın oldu ki, biz əvvəlcə dilləri, könülləri, ideyaları birləşdirməliyik, sonra isə iqtisadi məsələlərə diqqət yetirməliyik. Bu coğrafiyada güclü olmaq üçün biz həmrəy olmalıyıq. Demək istədiyim odur ki, indiki nəsillər 30 il əvvəlkindən daha realistdirlər.

Keçək sualınıza... 1991-ci ildə qəbul edilmiş qərar rəsmi orqanlar tərəfindən imzalanmamışdı. Bir universitetin təşkil etdiyi və türk dünyasından akademiklərin imzaladığı sənəddir. İndi vəziyyət bir az fərqlidir. İndi TDT və Türk Akademiyası var. Bunlar türklərin ortaq ali qurumlarıdır. TDT ortaq əlifbanın yaradılmasını önə sürür. Türk Akademiyası və Türk Dil Qurumu da buna dəstək olmaq üçün çalışır. Mən indiki qərarları rəsmi qərarlar kimi görürəm. Bu qərarlar TST tərəfindən təsdiqlənməlidir, yəni dövlət başçıları bu qərarı imzalamalıdır. Çünki əlifba məsələsi elmi olmaqla yanaşı, siyasi qərardır. Əslində, qərar vermə səlahiyyəti siyasətçilərin əlindədir. Sonra məsələ Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan parlamentlərinin ixtiyarına verilir. Ümid edirəm ki, onlar da bu əlifba birliyini dəstəkləyib bəyənəcəklər.

– “Ortaq Türk Əlifbası”nın tətbiqi necə olacaq, ayrı-ayrı türk dövlətlərinin ixtiyarınamı buraxılacaq, yoxsa hər bir dövlət bu əlifba təklifi əsasında özünün əlifbasını yaradacaq?

– Məncə, Türkiyə və Azərbaycanın əlifbalarında heç bir dəyişiklik olmayacaq. Özbəkistan və Türkmənistan öz əlifbalarını yeniləyəcəklər. Arzu edənlər Türkiyənin istifadə etdiyi 29 hərfdən əlavə iki, üç, dörd, hətta beş hərf də əlavə edə biləcəklər. Bu hərflər 34 hərfli çərçivə əlifbasından ibarət olacaq. Yəni hər kəs /ş/ səsi üçün /ş/ hərfini, /a/ səsi üçün isə /a/ hərfindən istifadə edəcək. /Ş/ hərfi /š/ kimi və ya Özbəkistandakı kimi /sh/ istifadə edilməyəcək. Hərflər fərqli olmayacaq. Bütün türklər eyni hərflə eyni səsi ifadə edəcəklər. Bir-birimizin yazılarını daha rahat oxuyacağıq. Bir-birimizi daha yaxşı başa düşəcəyik.
Qazaxıstanda əlifba tədqiqatları hələ tamamlanmayıb. Onlar da axtarışdadırlar. Qaralama əlifbalarla bir neçə dəfə əlifbanı yaratmağa cəhd ediblər . Əvvəlkilər bu ortaq əlifbadan daha uzaq idi, sonuncular daha yaxındır. Qazaxıstan bu 34 hərfdən öz əlifbasını yaratmalıdır, Qırğızıstan da eynisini etməlidir. Artıq son illərdə Özbəkistanda əlifba ilə bağlı axtarışlar aparılıb. 1993-cü ildə qəbul etdikləri əlifbada dəyişiklik ediblər, ona son formasını vermək istəyirlər. Onlar həmçinin 34 hərfdən birini seçməlidirlər. Yəni türk cümhuriyyətlərinin əlifbasında bu 34 hərfdən başqa hərf olmamalıdır.

– Sizcə, türk əlifbası 29 hərfdən 34 hərfə yüksələrsə, dilə hansı üstünlüklər gətirəcək?

– Türk əlifbası 29 hərfdən 34 hərfə yüksəlməyəcək. Azərbaycan əlifbasında da buna ehtiyac yoxdur. Səhv başa düşməyin, hər respublikanın əlifbası şərt deyil ki, 34 hərfdən ibarət olsun, bu 34 hərfdən seçilmiş hərflərdən ibarət olacaq. İstəyən 28, istəyən 34-dən istifadə edə bilər. Hər bir ləhcənin özünəməxsus səsləri əlifbada öz əksini tapacaq. Amma fərqli səslər deyəndə mənaca fərqlənən səsləri nəzərdə tuturam. Əks halda, bir dildə çoxlu səslər ola bilər. Məsələn, /a/ çoxlu varianta malik ola bilər. Bunlar əlifba tədqiqatlarında yox, dialekt tədqiqatlarında lazımdır. Əlifbamızın yeni hərflərə ehtiyacı yoxdur. Xarici dillərin sözlərini yazarkən artıq x, w, q hərflərindən istifadə edirik. Onlar bizim əlifbamızda olmasa da, fransız sözü yazarkən /é/ və /è/ hərflərini də götürürük. Akademik bir araşdırmada rus kitabının adını latın hərfləri ilə yazarkən orada diakritik işarəni də göstəririk. Bunları əlifbamıza əlavə etmək lazım deyil. Çünki onların sayı kifayət qədər çoxdur. Hər bir xalqın əlifbası öz dilinin fərqli səslərinə uyğun gələn hərflərdən ibarət olmalıdır. Bizim əlifbamız belədir.

– Bu əlifba yalnız müstəqil türk dövlətləri üçündür, yoxsa gələcəkdə muxtar türk respublikalarında da tətbiq olunacaq? Sizin proqnozunuz nədir?

– Bildiyiniz kimi, 1991-ci ildə Sovet İttifaqı müstəqilliyini elan edəndə, Rusiyanın tərkibində olan bəzi muxtar dövlətlər də latın əlifbasına keçmək istəyirdilər. 1991-ci ildə İstanbulda keçirilən əlifba toplantısında Qaqauz, Tatarıstan, Çuvaşıstan, Başqırdıstan və s. muxtar vilayətlərin nümayəndələri də iştirak etmişdilər. Tatarıstan da latın əlifbasına keçmək istəyən muxtar dövlətlərdən biridir. Onlar əlifba hazırlayıb, hətta parlamentə təqdim etmişdilər, lakin Rusiyanın sərt reaksiyası ilə üzləşmişdilər. O vaxt Moskva buna imkan vermədi. 1992-ci ildə Krımda keçirilən beynəlxalq toplantıda Krım tatarlarının latın əlifbasına keçməsi problemləri müzakirə olunub. Mən də bu görüşdə iştirak etmişdim. O vaxt Ukraynanın tərkibində olan Krım indi Rusiyanın işğalı altındadır.
Moldovada muxtar qurum olan Qaqauz türkləri 1994-cü ildən latın əlifbasından istifadə edirlər. Bu əlifba 1991-ci ildə hazırlanmış 34 hərfdən ibarət çərçivə əlifbasından götürülmüşdür. Bir fərq var: Moldova dövləti də latın əlifbasından istifadə edir, ona görə də buna mane olmadılar. Belə görünür ki, Rusiya yaxın vaxtlarda muxtar vilayətlərin latın əlifbasına keçməsinə imkan verməyəcək. Gələcəkdə nə olacağını təxmin edə bilmərik. Zaman bütün problemlərin dərmanıdır.

Söhbəti yazdı:
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri



Sosial həyat