Adamlar burada dincəlir, ictimai rəyə qoşulur, şeir də deyirlər
Çay masasının lap başında əyləşmiş ağsaqqala “Salam İsa müəllim”, deyib şəstlə əl uzatdım. Əlimi sıxıb ayağa qalxmaq istəsə də, imkan verməyib ehmalca çiyninə toxundum. Diqqətlə üzümə baxıb heç nə demədi. Hiss etdim ki, tanımadı...
Aradan ən azı 25 il keçmişdi. Onda İsa müəllim ara-sıra bizim qəzetin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasındakı müxbir məntəqəsinə gələrdi. Səmimi söhbətlərimiz olurdu, yazdığı şeirlərdən oxuyardı, Tovuzdan, yaşadığı Əyyublu kəndinin gün-güzəranından danışardı, problemlərini dilə gətirərdi. Çox vaxt Tovuzdan hər hansı bir mövzuda yazı qələmə almaq istəyəndə İsa müəllimin söylədiklərini əsas götürərək rayona yollanardım. Bir ara şeirlər kitabının ikisinin çapına kömək göstərmişdik, redaktəsini aparmışdıq və buna görə elə hey dil-ağız edərdi...
Bu dəfə mən ona diqqətlə baxdım. Sifətində, alnında qırışların sayı çoxalsa da, üz-gözündəki nur elə həmin nur idi və sanki bir qədər də işıqlanmışdı. Səlis danışığı, nitqi qətiyyən dəyişməmişdi, yerli-yerində idi.
Birdən kimsə “İsa müəllim, bir şeir söylə, çoxdandı təzə heç nə oxumursan”, – dedi. Ağsaqqal armudu stəkandakı çayından bir qurtum alıb gözlərini bir nöqtəyə zillədi və sonra da aramla:
Dünyanı həvəslə dolanan səyyah,
Dost-tanış olmağa Tovuza gəlsin.
Baxıb bu yerlərin cah-cəlalına,
Xəyala dalmağa Tovuza gəlsin,
– deyib arxasını gətirmədi. Çayxanadakı başqa masalardakı adamlar da səslərini çıxarmır, sanki əmrə müntəzir kimi dayanıb İsa müəllimi intizarla gözləyirdilər. Ətrafda qəribə bir səssizlik yaranmışdı. Ağsaqqal isə susurdu. Gözlərinə baxdım. İki damla yaş qızarmış yanaqlarında dayanmışdı. Birdən bizimlə eyni masada əyləşən cavan oğlanlardan biri cəld ayağa qalxaraq əlini də İsa müəllimə uzadıb:
“İsa, çox igidin sözü burdadır,
Odlar ölkəsinin közü burdadır.
Bütün gözəlliyin gözü burdadır,
Duyub həzz almağa Tovuza gəlsin”
– dedi və tez də əyləşdi.
Sükutu kəndin icra nümayəndəsi Məhərrəm Qasımov pozdu:
–Bütün Əyyublu bilir ki, kənd çayxanasındakı bu masa İsa müəllimin və onun şirin-duzlu söhbətləri, məsləhətləri üçün yığışan buradakı adamlarındır. Kənar adamın bu dəstəyə düşməsi mümkün olası iş deyil. Hamısı ziyalılar, ağsaqqallar, kənddə sayılıb seçilənlərdir. Bəzən deyirlər ey, “əşi, filan söhbət “çayxana söhbəti”dir, inanın, onun bura qətiyyən dəxli yoxdur. Çünki bu çay süfrəsi arxasında Əyyublunun elə problemləri müzakirə olunur, elə təkliflər verilir, təşəbbüslər irəli sürülür, çağırışlar edilir ki, heç rəsmi toplantılarda da bu cür olmur.
...Əyyublu Tovuzun ən böyük kəndidir. Əhalisinin sayı rəsmi statistikaya görə 13 min nəfərdir. Lakin bəzi məlumatlara görə 15 min nəfəri də keçir. Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq əvvəllər 3 hissəyə ayrılıb: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar göstərir ki, kəndin ilkin adı Çıraqlılar olub. Zəyəmçay üzərində məskunlaşmış çıraqlıların isə hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd elə Əyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Kənd ağsaqqalları bu adların vaxtilə dəyişdirilməsini rus əlifbasında bəzi hərflərin olmaması ilə izah edir. Deyirlər ki, “bəzi kəndlərdə məskunlaşan azsaylı xalqlar yaşadıqları yerə özünəməxsus adlar qoyublar. "Gülüstan sülh müqaviləsi”ndən sonra ruslar bizim kəndimizin adının “e” hərfini “a” ediblər. Yaxşı ki, təhrif olunmuş bu adlar Milli Məclisin qərarı ilə 2012-ci ildən dəyişdirildi və Əyyublu kəndinin adı özünə qaytarıldı.
Əyyublu, kənddən daha çox şəhərə bənzəyir. Asfalt yollar, gözəl parklar, abidələr, digər sosial obyektlər, yaradılmış infrastruktur kəndə səlahiyyətli orqanlar tərəfindən qəsəbə adının verilməsini tələb edir və yəqin ki, Əyyublu sakinlərinin bu arzusu tezliklə reallaşacaqdır. Kənd başdan ayağa qazlaşdırılıb, elektrik xətləri yenilənib, 113 artezian quyusu var. Başqa sözlə, hər 100 nəfərə bir artezian düşür ki, buna da ancaq həsəd aparmaq olar. Özü də nəzərə almaq lazımdır ki, Gürcüstana gedən nəhəng elektrik xətti, Bakı-Qazax magistral avtomobil yolu, Bakı-Tbilisi dəmiryolu xətti, Bakı-Ərzurum qaz kəməri, Bakı-Supsa, Bakı-Ceyhan neft kəməri Əyyubludan keçir.
İkinci Dünya müharibəsinə yollanan Əyyublu sakinlərindən 269 nəfəri geri qayıtmayıb. Onların xatirəsinə möhtəşəm bir abidə ucaldılıb və bu yaxınlarda yenidən bərpa olunub, gözəl park salınıb.
Kənd adamları təşəbbüskar, həddindən artıq dövlətə və dövlətçiliyə bağlı insanlardır, necə deyərlər, hər xırda məsələ üçün yuxarı orqanları, təşkilatları narahat etməyi sevməzlər. Türkiyədə baş verən zəlzələlər zamanı özləri könüllü şəkildə bir yerə toplaşaraq 10 min manata yaxın ianə toplayıb göndərdilər. Rusiyada və bir sıra digər ölkələrdə yaşayan əyyublulardan ibarət “Vətən” Xeyriyyə cəmiyyəti yaradıblar. İkinci Qarabağ müharibəsi zamanı həlak olanların xatirəsinə respublikada ilk abidə də 2020-ci ildə elə bu kənddə ucaldılıb. Digər məsələləri, ortaya çıxan çətinlikləri də həmişə bir yerə yığışıb məsləhətləşir, həll edirlər.
Əyyublu Azərbaycanda yeganə kənddir ki, ora hər gün digər rayonlardan işləməyə 150-200 adam gəlir. Kartof, meyvə, həmçinin əkin-biçin zamanı əyyublular qonşu rayonların, digər kəndlərin adamlarını da dolandırırlar. Başqa sözlə, Əyyublu respublikanın bir sıra böyük kəndlərindən çox seçilir...
Qayıdaq kəndin çayxanasına, yazının əvvəlindəki söhbətə. Onsuz da Əyyubluya gələrkən məqsədim kəndin bir neçə ağsaqqalı, ziyalısı, gənci ilə görüşmək, onların fikirlərini öyrənmək, problemləri ilə maraqlanmaq idi və bunu kəndin icra nümayəndəsi Məhərrəm Qasımova bildirəndə “gəlin gedək bizim kəndin çayxanasına, həm bir stəkan çay içək, həm də söhbət edək, hamısı ordadır” deyəndə əvvəlcə duruxmuşdum. Çünki çayxanalardan həmişə uzaq olmağa çalışmışam və nədənsə bir çox hallarda həmin məkanlarda olan söhbətlərə “çayxana söhbəti” kimi yanaşmışam. Amma...
Məhərrəm Qasımov: – Burada gördüyünüz adamlar kəndin sayılıb-seçilən adamlarıdır. Hər gün yığışırlar. Bax, beləcə, İsa müəllim əyləşir başda, digərləri də hərəsi öz yerində və sorğu-sual başlanır. Burada giley-güzar, qeybət söhbəti ola bilməz. Yalnız kəndlə bağlı, onun problemlərinin həlli ilə əlaqədar söhbətlər olur, bəzi təşəbbüslər dinlənilir, lazım gələndə hansısa səlahiyyətli bir adamı hesabat verməyə bura, çay masasının arxasına dəvət edirlər. Bəzən söhbət uzanır. İsa müəllimin təklifləri daha maraqlı olur və hamı bəyənir. Yeri gəlmişkən, İsa Cavadoğlu onlarla kitabın, o cümlədən Ulu öndərə həsr etdiyi “Heydər baba” poemasının müəllifidir. Bizim fikrimizcə, müvafiq təşkilatların rəhbərləri AYB-nin üzvü, bütün Tovuzun sayılıb-seçilən ağsaqqalı İsa Cavadoğlunun keçdiyi həyat yolu ilə daha yaxından tanış olmalı, öz təkliflərini verməlidirlər.
İsa Cavadoğlu: – Heç vaxt şöhrət dalınca qaçmamışam, 60 ildən çox müəllim işləməyimlə, o adla fəxr etmişəm. Bir də ki, sağ olsun rayon icra hakimiyyəti, Məmməd müəllim 90 illiyimdə mənə elə bir yubiley təşkil elədi ki, bəlkə də ömrümün uzanmasına, hələ də sizin aranızda olmağıma o bir stimul verdi.
Mübariz Mehralıyev, sahibkar: – İsa müəllim unikal bir şəxsdir. Bayaq adı çəkilən “Heydər baba” poemasını bilirsiniz nə vaxt yazıb? 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində, Ulu öndərə saysız-hesabsız hücumlar, qarayaxmalar dövründə. İlk dəfə Tovuz qəzetində çap olunan bu poema əl-əl gəzirdi. Çoxları deyirdi belə ahıl çağında bu kişi nə eləyir, tutacaqlar onu. Amma İsa müəllim qorxmaz, sözünü daim deyə bilən, haqqı nahaqqa verməyən adam olub, 94 yaşında da elədir. O, canlı bir ensiklopediyadır.
Bir məsələni də qeyd edim ki, kənddə həm həyətyanı sahələrdə, həm də pay torpaqlarında yetişdirilən bəzi məhsul növlərinin bazara çıxarılmasında problemlər olur. Məsələn, Gürcüstanla sərhəddə böyük bir bazar var idi. Biz öz məhsullarımızın çoxunu orada sata bilirdik, çünki yaxın idi. Bakı ilə aramız 420 kilometr olduğu halda “Qırmızı Körpü” ondan üç dəfə bizə yaxındır.
Abbas Abbasov, təqaüdçü: – Məni ən çox sevindirən Əyyublu camaatının bir-biri ilə bax, beləcə səmimi olması və bir də dövlətçiliyə sədaqəti, ölkə Prezidenti ətrafında sıx birləşməsidir. Bizi fərəhləndirən başqa bir cəhət də sözümüzün, faydalı təklifimizin, təşəbbüsümüzün heç vaxt diqqətdən kənarda qalmamasıdır.
...Həmin gün bizim üçün çox maraqlı, yaddaqalan bir gün oldu. On nəfərə yaxın müxtəlif peşə sahibinin, ziyalının, ağsaqqalın əyləşdiyi çay masası ətrafında, sözün əsl mənasında, işgüzar bir söhbət, diskussiya getdi və təbii ki, onların hamısını dərc etmək də mümkün deyil. Mümkün olan, yazılası və deyiləsi bilirsiniz nədir? Doğma kəndinə, elinə, obasına, adamlarına bağlılıq, sabaha inam və işıq! Ayrılarkən onların hər birinin gözündə bu işığı gördüm...
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Tovuz