Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi ilə TƏBİB arasında həssas əhali qruplarına aid şəxslərə xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Tədbirdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qonaqlara qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, iki qurum arasında sıx əməkdaşlıq həssas əhali qruplarına aid şəxslərə göstərilən xidmətlərin əhatə dairəsinin genişlənməsinə və möhkəmlənməsinə səbəb olacaq.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov isə həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərindən danışıb. Qeyd olunub ki, agentlik respublika üzrə həssas əhali qruplarından olan vətəndaşları səyyar, stasionar və yarımstasionar xidmətlərlə təmin edir.
Bildirilib ki, imzalanan memoranduma əsasən tərəflər birgə tibbi-sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, tibbi xidmət və sosial reabilitasiya sahəsində işlərin aparılması, ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması və digər vacib istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər.
Həmçinin agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinə şəxslərin qəbulu zamanı təxirəsalınmadan ilkin tibbi müayinə, onlara ilkin tibbi yardımın göstərilməsi və zəruri sənədlərin alınmasının təşkili, eləcə də ehtiyac olduqda agentliyin müəssisələrində yaşayan şəxslərin stasionar müalicəsinin aparılması məqsədilə əməkdaşlıq ediləcək.
Qeyd edək ki, anlaşma memorandum 5 il müddətinə imzalanıb.