Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini, həmçinin müharibə əlillərini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 27 Sentyabr – Anım Günü ərəfəsində rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən şəhid ailələri və müharibə əlilləri evlərində ziyarət edilib. Ziyarətçilər şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu, şəhid ailələrinin və müharibə əlillərinin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını qeyd edib, ailələrin problemləri ilə maraqlanıblar.
Şəhidlərin ailə üzvləri və müharibə əlilləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.