Auditorlar Palatasının kollektivi və üzvləri Şuşa şəhərində səfərdə olublar

post-img

Auditorlar Palatasının kollektivi və üzvləri “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun imzalanmasının 30 illik yubileyinə həsr edilmiş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransın açılış mərasimi ilə əlaqədar olaraq Şuşa şəhərində səfərdə olublar.

Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, auditorlar Şuşa şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olaraq Cıdır düzünü, Şuşa qalasını, güllələnmiş büstləri, Yuxarı Gövhərağa və Saatlı məscidlərini ziyarət edib, habelə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Qarabağ” fotosərgisinə və XIX əsrin ensiklopedik alimi Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgiyə baxış keçiriblər.

Daha sonra “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, konfransın açılış mərasiminin Şuşa şəhərində keçirilməsinin rəmzi mənası var. 2020-ci il sentyabrın 27-dən, II Qarabağ müharibəsinin başlandığı ilk gündən Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirib. Rəşadətli Azərbaycan əsgəri öz canı, qanı bahasına tarixi, əzəli-əbədi torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalından azad edib.

V.Novruzov, həmçinin diqqətə çatdırıb ki, ölkəmizdə yaşıl enerjinin inkişaf tempinin sürətləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yaşıl enerji və yaşıl iqtisadiyyat diyarına çevrilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər 2024-cü ilin “yaşıl dünya” üçün həmrəylik zərurətinə dəlalət edir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və məsələnin vacibliyini nəzərə alaraq, Auditorlar Palatası “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirməyə qərar verib.

Sonra V. Novruzov “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun imzalanmasından 30 il keçdiyini vurğulayaraq qanunun əhəmiyyətindən bəhs edib.

Auditorlar Palatasının sədri vurğulayıb ki, Vətənimizin bu günü və sabahı üçün qanuni iftixar hissi doğuran bütün nailiyyətlər kimi, “Auditor xidməti haqqında” Qanunun qəbul edilməsi və bunun əsasında ölkədə audit sisteminin formalaşıb inkişaf etməsi də bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı illərin sonlarında qəbul edilmiş digər bir sıra fərman və sərəncamlarda da auditin inkişafı dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi dəyərləndirilib və onun qarşısında yeni vəzifələr qoyulub.

Məhz həmin vəzifələrin həllinə nail olmaq üçün 1998-1999-cu illərdə Azərbaycanda auditin ilk inkişaf konsepsiyası işlənib hazırlanıb, bazar iqtisadiyyatının bu mühüm infrastruktur sahəsinin inkişaf prioritetləri müəyyənləşdirilib. Azərbaycanda müstəqil auditin təşəkkülü dövrü də həmin illərə təsadüf edir. Prezident İlham Əliyevin sözləri ilə desək “...Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına imkan yaradıb”.

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan auditinə göstərdiyi daimi diqqət və qayğının nəticəsində audit keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub və onun ölkənin iqtisadi-sosial həyatında rolu və əhəmiyyəti daha da artıb. Bunlar, eyni zamanda, ölkə Prezidentinin müstəqil auditor xidməti qarşısında qoyduğu Beynəlxalq Audit Standartlarının və praktikasının ölkəmizdə tətbiqi kimi mühüm vəzifələrin icrası sayəsində mümkün olub.

Qeyd olunub ki, konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumlar və 12 ölkəni (Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Pakistan, Rusiya, Türkiyə) təmsil edən 30 qurumdan 150-ə yaxın nümayəndə iştirak edəcək.







Sosial həyat