Çində 2025-ci ilin yanvarından pensiya yaşı həddinin qaldırılıması planı təsdiq olunub

post-img

Ümumçin Xalq Nümayəndələri Konqresi hökumətin ölkədə pensiya yaşının artırılması təklifini təsdiqləyib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin əmək gücünün ixtisarı ilə bağlı iqtisadi problemin həlli üçün qanunlara yenidən baxılmasını sürətləndirib.

Çində pensiya yaşı hazırda dünyada ən aşağı yaş hədlərindən biridir.

Səlahiyyətlilər hesab edirlər ki, Çində gözlənilən ömür uzunluğu 1960-cı ildəki təxminən 44 ildən 2021-ci ilə kimi 78 yaşa yüksəlib və onun 2050-ci ilə qədər 80 yaşı keçəcəyi proqnozlaşdırılır. Eyni zamanda, yaşlı insanlara dəstək olmaq üçün lazım olan əmək qabiliyyətli əhalinin sayı azalır.

2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, Çində növbəti 15 il ərzində pensiya yaşı kişilər üçün 60-dan 63-ə, qadın işçilər üçün 55-dən 58-ə, qadın fabrik fəhlələri üçün isə 50-dən 55-ə qədər qaldırılacaq.

Çinin müvafiq hakimiyyət orqanları 60 və yuxarı yaşlı əhalinin sayının 2035-ci ilə qədər 280 milyondan 400 milyona qədər artacağını bildirir.

Çin Elmlər Akademiyasının məlumatına görə, pensiya sistemində əlavə islahatlar aparılmasa, 2035-ci ilə qədər bu məqsədlər üçün ayrılan vəsait tükənəcək.

Çinin bu addımı onu regional qonşuları Yaponiya və Cənubi Koreya ilə yaxınlaşdırır. Bu ölkələrdə insanlar yalnız müvafiq olaraq 65 və 63 yaşlarında pensiya ala bilirlər.

Dünya