Könlümə payız düşüb...

post-img

Qorabişirən ay da başa çatır və ömrümüzün daha bir yayının sonlanmasına sanılı günlər qalır. 

Bu yay kimin üçün lap adi yaylardan biri, ki­min üçün gözəl istirahət, bir başqasından ötrü isə sınaq, yaxyd uğur dövrü oldu. Xırdalasaq; biri gözəl yerləri gəzdi, istirahət elədi və yayın dadı­nı ürəyincə çıxardı. Digəri yay aylarında çoxdan planlaşdırdığı işi tamamladı, ev-eşiyə əl gəzdirdi, yaxud mənzilini dəyişdi, ailəliklə doğma kəndə qonaq getdi. Orta məktəbi bitirən gənclərin xeyli hissəsi tələbə adını qazandı. Həyata atılıb istehsa­lata qoşulan, valideynlərinə kömək edənlər də az olmadı. Yaxud ilk dəfə kimsə ata, kimsə ana oldu. Baba, nənə, əmi, dayı, bibi, xala olub, yay boyu sevinənləri də bu sıraya əlavə etsək, yəqin ki, ye­rinə düşər.

Hər fəslin öz gözəlliyi olsa da, təbii ki, hərə birini, nəyə görəsə, daha çox sevir. Yəqin ki, bu, insanın daxili aləmi, harada dünyaya gəlib, bo­ya-başa çatması, sağlamlığı, yaşı, sosial vəziyyəti və başqa amillərlə bağlıdır.

Mən həmişə yayı çox sevmişəm. Yaşa dolduq­dan sonra isə payıza meyilliyəm. Bəlkə ona görə ki, ötən illərdə ən çox yaddaşıma yazılan xoş ha­disələr, günlər yayla bağlıdır. Bunun “niyə”si mən­lik olmasa da, yaşanmış yayları işıqlı və qayğısız çağlar kimi qiymətləndirirəm. Onu da ərz edim ki, bu fəsildə yaşadığım ən çətin anlarda belə, ümid sarıdan kasıblaşmamışam. Düşünmüşəm ki, bu sı­naq da ötüb keçəcək, hər şey yaxşılıqla bitəcək və ən gözəl günləri bundan sonra yaşayacağam. 

Ümumiyyətlə, yay arzularımın qönçə bağladı­ğı, çiçək açdığı fəsildir. Qismətimə düşən ən xoş günlərimi də yayda yaşamışam. Bir də, bəlkə ona görə ki, o günlərdə gündüzlər uzun olub. Onu da deyim ki, qızmar gün boyu əldən düşərək axşam­lar açıq eyvanda uzanıb səmada öz ulduzumu ax­tara-axtara yuxuya getdiyim dəmlər ömrümün ən şirin anları kimi yaddaşıma yazılıb. O illərdə ot, taxıl biçiləndə, bostan dəriləndə biz də böyükləri­mizə qoşulub onların yaxın köməkçisinə çevrilər­dik. Bu, bizim gələcəkdə yaşamaq, həyat qurmaq və çörək qazanmaq üçün açdığımız ilk cığır idi. 

İllər sonra başa düşdüm ki, quş balasına uçma­ğı öyrədən kimi, atalarımız da bizi gələcək həyata öyrədirmiş. Onu da xatırlayıram ki, atam, böyük qardaşlarım o qaynar günlərdə qış üçün ruzi top­layanda bir gündə tərə bələnmiş neçə dəst paltar dəyişərdilər. Mən onlara baxdıqca zəhmətlə, vic­danla yaşamağın, ailə saxlamağın bir mücadilə olduğu qənaətinə gəlirdim.

Ötən gün axşamçağı kəndin qarşısından keçən çınqıllı yolda dayanıb ətrafa baxırdım. Şor kanal­dan o yana taxılı biçilmiş sahələr, bir qədər uzaq­da bostançıların çardaqları, asfalt yola yaxın cavan nar bağları görünürdü. Yadıma illər əvvəl yayın çırhacırında buradan ötərək tez-tez günortalar böyük qardaşıma bağlama ilə yemək aparmağım düşdü.

Mən əvvəlcə arxın üstü ilə üzü cənuba doğ­ru gedirdim. Çox isti olduğu üçün ətrafda bütün canlılar sanki səslərini içlərinə alaraq haradasa gizlənib, Günəşin batmasını gözləyirdilər. Mən isə günvurmadan qorunmaq üçün başımdakı günlük­lü nazik papağı tez-tez özümlə götürdüyüm su ilə isladaraq yeriyirdim. Qamış və lığ basmış enli ka­naldan o yana acı yovşanlıq, şirin biyanlıq başla­yırdı. Dar cığırla arabir kərtənkələlər ora-bura qa­çır, sonra günəşin yandırıb vağam etdiyi qanqalın “cəsədləri” arasına girirdilər. Mən arabir ilğımda itib-batan çardağa doğru inamla gedirdim. Çün­ki bir azdan orada məni gözləyən qardaşım indi çiynimdə apardığım bağlamadakı toyuq çığıtma­sını və soyuq camış qatığını iştaha ilə yeyəcək və mənə mükafat olaraq “çox sağ ol” deyəcəkdi. Bu isə məni xeyli sevindirəcəkdi.

Yaşımın və başımın bu çağında isə, öncə qeyd etdiyim kimi, payızın sakit, həzin günlərini çox sevirəm. Çünki payız ahılların, illərin, ayların he­sabanı aparanların fəslidir. Buna görə də son illər yayın ilğımlı, ürək təntidən çağlarında ürəyimdə payız istəyi baş qaldırır. 

Onu da deyim ki, bu ilin yazı, yayı aqrar sahə üçün əlverişli keçmədi. Zəmilər yağış istəyəndə quraqlıq oldu. Sünbüllər dənə dolanda isə aram­sız leysan taxılçının ümidini qaraltdı. Yenə qalana min bərəkət. Zəmilər biçildi, dən xırmanda sov­rulub dəyirmana aparmaq üçün hazır vəziyyətə gətirildi. Kisəsi boş qalanlar da az olmadı. Amma dünya bazarında taxılın ucuzlaşması karımıza gəl­di. Un bahalaşmaq əvəzinə, az da olsa, ucuzlaşdı. Təəssüf ki, yanacağın bahalaşması istehsalçıları yeni yollar axtarmağa, istehlakçıları isə kəmərlə­rini bir az da sıxmağa məcbur etdi. 

Əlverişsiz hava şəraiti, sellər, dəfələrlə dolu düşməsi bağbanları da çətin sınaq qarşısında qoy­du. Nəticəsi bazarlarda meyvələrin qiymətində özünü göstərdi. Hazırda alma, armud, üzüm yığı­mı dövrüdür. Tezliklə nar və heyva bağlarının da məhsulu toplanacaq. Barı dərilmiş ağaclar din­cələcək, rahatlanacaq...

Yay aylarında respublikanın əksər bölgələrinə bir neçə dəfə dolunun və bəlkə və son yüz ildə ilk dəfə olaraq fırtınalı leysanın düşməsi insanlarınız üçün çətin sınaq oldu. İdarə olunması çətin olan sel suları kənd təsərrüfatına, yaşayış məntəqələ­rinə ciddi ziyan vurdu. Selin yaratdığı fəsadlar əhalini günlərlə çarəsiz qoydu. Kəndimizin ən yaşlı sakini 86 yaşlı Eldar əmim indiyədək belə bir təbii fəlakətin şahidi olmadığını söyləyir.

Sentyabrın ilk yağışından sonra, təbiri-caiz­sə, hava təqvimi dəyişəcək, hər tərəfə həzinlik ələnəcək, dağların bəzi zirvəsində qar görünə­cək, dərələrdə duman sürünəcək. Yaylaqdakı tərəkəmələr alaçıqlarını söküb, sürüləri arana hey­ləyəcəklər. Aranda da Günəşdən qovrulmuş tor­paqlarda payızlıq əkin üçün şum qaldırılacaq. El-oba bundan sonra soyuq payız, şaxtalı qış barə­də düşünməyə başlayacaq... 

Nəhayət, beləcə sarışın payız əvvəlcə sa­kit-sakit, rəng-rəng, addım-addım dünyamıza gələcək. Yarpaq tökümü sürətlənəcək. Köçəri quş­ların qərib nəğmələri başlanacaq...Bunlar yaya, bir növ, vida nəğməsi olacaq. Soyuq leysanlar, sərsəri küləkləri başlayanda isə yayın canımıza hopmuş istiliyi yox olub gedəcək.

Səməd MƏLİKZADƏ



Sosial həyat