Elə ki, yıxıldın, torpaqdan yapış!

post-img

Mən bu fotonu sosial şəbəkələrdə görəndə əvvəlcə “Yatan ölməz, yetən ölər” el məsəlini xatırlamışdım. Sonra fikrimi dəyişərək həmin ağacın taleyini cəmiyyətə müncər eləməyə çalışdım: “Cəmiyyətdə də belədir. Bəzi adamlar hər cür himayə, qayğı görsə də, ayaq üstdə quruyub gedirlər. Bəziləri isə böyrü üstə yıxılandan sonra belə əvvəlki şövqlə yaşayır, daha da güclü olmağı bacarırlar”.

Belə düşünməyə haqqım var. Çünki cəmiy­yətdə buna oxşar çoxsaylı faktlara şahidlik et­mişəm. Yeri gəlmişkən, “ayaq üstə ölən” deyəndə dünyasını dəyişənləri nəzərdə tutmuram, cəmiy­yət üçün tamamilə lazımsız bir əşyaya çevrilmiş­ləri deyirəm. 

Qərəz. Bu gün isə həmin foto ilə bağlı fikir­lərimi bir az da korrektə etdim. Sadəcə küləyin, qasırğanın, ildırımın, ya nəyinsə aşırdığı həmin ağacın yerdən tam üzülməyən köklərini alqış­ladım. Əhsən sağlam kökə, afərin böyrü üstdə yıxılmış nəhəng ağacı kiçik bir orman kimi bər­pa edən köklərə. Cəmiyyətdə də belədir. Təmiz, sağlam köklər kimlərinsə yıxmaq istədiyi adamı daha da gücləndirir, ona daha möhtəşəm görkəm, görünüş, qamət bəxş edir. 

Ağaclarımız daim yaşıl, bulaqlarımız həmişə bol sulu, zəmilərimiz hər il bol məhsullu olsun! Amin!

İttifaq MİRZƏBƏYLİ

Sosial həyat