Yaddaş – keçmişə aparan “sehrli xalat”

post-img

Yaddaş insanın ən qiymətli sərvətidir. Yaddaşın yoxdursa, keçmişin də yoxdur, o keçmiş ki, insan məhz onun sayəsində həyatı öyrənir, təcrübə qa­zanır, kamilləşir. Yaddaş insan ömrünü kompakt şəkildə onun beynində sax­layır, insan istədiyi vaxt onu kino lenti kimi geriyə fırladıb xatırladığı fraq­mentlərə yenidən nəzər sala bilir. İnsanın evolyusiyası, təkamül prosesi də keçmişin üzərində inkişaf edir. 

Yaddaş həm də maddə ilə anlayış ara­sındakı vəhdətdən doğan həqiqətlər top­lusudur. Əslində, heç nə bizim yaddaşı­mızdakı kimi deyil. Keçmişdə baş vermiş hansısa bir hadisənin üzərindən zaman keçdikcə o hadisə də köhnə şəkillər kimi saralır, rəngləri itir, təfərrüatlar seyrəlir, sonda solğun, pozuq bir kadra çevrilir və sən onu yüz il əvvəlin kino lenti kimi bir az maraqla, bir az da həyəcanla izləyirsən. 

Keçmişlə bağlı xatirələri yazıya kö­çürərkən hiss edirsən ki, beynin qeyri-ix­tiyari hadisələri redaktə edir. Tam səmimi olmağa çalışırsan, bəzən alınır, bəzən yox. Nələrisə təfərrüatı ilə yazmaq özünüzü öz yumruğunuzla yerə yıxmaq deməkdir. Özünüzə qarşı qəddar olursunuz, amma yenə də tam səmimi ola bilmirsiniz. Zama­nın dəyişdiyi olaylar yenidən, bu dəfə sizin əlinizlə təhrifə uğrayır. Yanlış anlaşılmaq­dan qorxursunuz. Beləliklə, bizim eqomuz xatirələrimizin qatı düşməninə çevrilir. 

Öz düşüncələrini dəstəkləmək üçün uydurduqları hekayələrin arxasında giz­lənən yazıçılar gerçəyin üzünə dik baxa bilmirlər. İş xatirə, memuar yazmağa gələndə mütləq gerçək hadisələrin onla­ra toxunan tərəflərini ixtisar edirlər və ya detaldan yan keçirlər. Halbuki hadisənin mahiyyəti məhz o detalda gizlənir. Keçmi­şin insana utanc gətirən məqamları yazma­dıqca yazıçıya iztirab verir, yazdıqda isə onun əleyhinə işləyir. 

Bəs nə etməli? Keçmişi tərəfindən ra­hatlığı pozulan insanların bu keçmişdən xilas olmasının yeganə yolu səmimi etiraf­lardır. 

Bəzən hansısa hadisənin təfərrüatları­nı xatırlamaqda çətinlik çəkirsən, o anda təxəyyül köməyə yetir. Bu anda gerçəyin təhrif olunduğunu anlayırsan, amma ger­çəyi tam ifadə etmək mümkünsüzdürsə, başqa yol qalmır. Bir dəfə keçmişdə baş vermiş hadisələrlə bağlı yazı yazmaq istə­yirdim, bu hadisələrin hansının gerçək, hansının uydurma olduğunu ayırd etmək­də çətinlik çəkirdim. Uzaq keçmişdə qal­mış hadisənin bəzi məqamlarını dəqiqləş­dirmək üçün yaxın qohumlardan biriylə söhbət etdim, qəribədir, o, həmin hadisəni mən xatırladığımdan tamamilə fərqli for­mada xatırladı və onun dediklərinin dəqiq olduğunu əminliklə vurğuladı. 

Görəsən, mənim yaddaşımda o əhvalat niyə başqa biçimdə qalıbmış? Yoxsa za­man bizdən xəbərsiz hadisələri kollaj edir? Çox vaxt söhbət əsnasında keçmişlə bağlı əhvalatları xatırlayanda adları, məkanları belə qarışıq salırıq, hətta mübahisə etmək­dən belə çəkinmirik. Bəlkə elə qarşı tərəf də hansısa məqamda yanlışa yol verir? 

Hə, yaddaş olduqca mürəkkəb mexa­nizmdir. Kompüter yaddaşının tutumu olduğu kimi insan yaddaşının da ölçüsü var. Alimlər müəyyən edib ki, beynin sağ və sol yarısı quş qanadına bənzəyir. Sağ hissə məlumatı həkk edir, sol hissə isə xəyal gücü və romantik əlaqələr üçün is­tifadə olunur. Demək, yaddaş qutusu insan beyninin sağ yarımkürəsində yerləşir. Çox qəribədir ki, biz yaddaş qutusuna yığılan keçmişi beynin sol yarımkürəsində yer­ləşən xəyalın gücüylə yenidən canlandıra bilirik. 

Biz informasiya əsrində yaşayırıq və yaddaşımız həddən artıq yüklənmiş və­ziyyətdədir. Beynimiz hər gün onlarla in­formasiya qəbul edir və sözsüz ki, yaddaş bu informasiyaları özündə saxlaya bilmir. Deyilənə görə, Avropa alimləri müasir texnologiyaların köməyi ilə insan yadda­şının yaxşılaşmasına şərait yaradan yeni proqram hazırlayıblar. Əslində, zəifləyən insan yaddaşı deyil, gün ərzində sel kimi axıb gələn informasiya axını yaddaşa təz­yiq göstərməkdədir. Texnologiya nə qədər inkişaf etsə də, insanın təbii yaranışına hansısa detalı əlavə edə bilməz. Texno­logiya yalnız robot yarada bilir, robotun isə yaddaşı olmur. 

Söz və rəsm yaddaşı maddiləşdirən yeganə üsullardır. Biz keçmişi yalnız söz­lər və rəsmlər, şəkillər, filmlər vasitəsilə “geri” qaytara bilirik. Beynimizin labirint­lərində dolaşırıq, unudulmayan xatirələr bizi keçmişə doğru sürükləyir. Tək bircə görüntü keçmişin sərt qabığını parçalayır və içindən çoxdan unutduğunuz adam­lar, cizgiləri itməkdə olan küçələr çıxır. Yaddaşımızın bizi keçmişə daşıyan gücü bəzən zəifləyir, hansısa hadisəylə bağlı ən vacib detalı unuduruq. 

Bir müddət keçəndən sonra qatarda və ya avtobusda gedərkən, yaxud sakit bir guşədə kitab oxuyarkən qəfildən həmin təfərrüatı xatırlayırsınız. Gördüyünüz bir adam, bir məkan, oxuduğunuz kitabdan hansısa söz, fikir sizə ipucu verir. Yaddaşı­nızın itirdiyiniz guşəsi işıqlanır və siz hər şeyi aydınlığı ilə xatırlayırsınız. 

Yaşı 70-80 civarında olan bir ixtiyarın yaddaşında iki-üç xatirə qalır ki, qarşısı­na çıxan hər kəsə o hadisələri danışır. O hadisələr o qədər təkrar danışılır ki, bo­yatlaşır. O, ağzını açanda artıq bilirsən ki, hansı hadisəni danışacaq. Mexaniki şəkil­də təkrarlanan bu bir ovuc xatirə ixtiyar adamın qos-qoca ömründən qalan yeganə mirasdır. Keçmişindən bir-iki boyat xa­tirə qalan qocalar o hadisələri təsbeh kimi bütün günü o üz-bu üzə çevirirlər. Belə insanlarla tez-tez qarşılaşırıq və hər dəfə əli həyatdan, keçmişdən üzülməkdə olan, ölümün soyuq nəfəsi üz-gözündə dolaşan ixtiyar insanları görəndə həyatın aman­sızlığı, etibarsızlığı, ömrün faniliyi içimi üşüdür...

Yaddaş sözlər vasitəsilə mənim yaşa­dığım, mənim gördüyüm tarixi fiksə edir. Təkcə mənim yox, həm də Bakının dünəni və bu gününün tarixini... 

Bu gün həm də gələcəyin tarixidir, gələcək həm də keçmişə görə var olacaq. Bugünümüzə keçmişin sayəsində gəlib çıxmışıq. Həm də insanın həmişə keçmişə ehtiyacı var, o, keçmişindən heç də asan­lıqla qopmur. Zaman bizi keçmişdən ayır­sa da, xəyal bizi həmişə geriyə qaytarır. Fantaziyamız itirilmiş zamanı yaddaşımız­da bərpa edə bilir. Yazılan kitablar da bizi keçmişə aparan “sehrli xalat” misalındadır. Bu baxımdan, yəqin ki, yazdıqlarımızda bir fayda var. Hər halda yazılan qalır. 

Kənan HACI,
yazıçı-publisist



Sosial həyat