Ali Məclisin komitə iclasında qanun layihələri müzakirə edilib

post-img

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, İqtisadi siyasət komitəsinin sədri İsa İsayev 13 avqust 2024-cü il tarixdə İqtisadi siyasət komitəsinin “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlarında dəyişiklik edilməsi ilə bağlı iclasın keçirildiyini bildirib.

İclasda gündəliyə daxil olan məsələlərlə bağlı müzakirələr aparılıb və komitənin qərar və rəyi hazırlanıb, 14 avqust 2024-cü il tarixdə birinci oxunuş üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasına təqdim edilib.

Birinci oxunuşda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin 7-1-ci maddəsində düzəliş olunması ilə bağlı təklif səsləndirilib və qeyd edilən təklif nəzərə alınaraq qanun layihəsinin müvafiq maddəsində dəyişiklik edilib, digər maddələrdə isə hər hansı bir dəyişiklik aparılmayıb. İsa İsayev qanun layihəsinin 7-1-ci maddəsində edilən dəyişiklik barədə məlumat verib. Əlavə olaraq qeyd olunub ki, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda isə hər hansı dəyişiklik olmadığı üçün qanun layihəsi olduğu kimi saxlanılıb.

Sonda İqtisadi siyasət komitəsinin qərarı oxunub, qanun layihələri Ali Məclisin müzakirəsinə təqdim edilib.

Sosial həyat