Avropa çempionatının təsnifat mərhələsinə hazırlığımızı yekunlaşdırmışıq.
Bu sözləri Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Fərid Cəlalov deyib.
O, turnirdə qarşılaşacaqları Avstriya ilə ilk oyun üçün adıçəkilən ölkəyə gəldiklərini bildirib: "Sabah Avstriya millisi ilə, bir həftə sonra isə Bakıda Belçika yığması ilə qarşılaşacağıq. İyuldan start götürən hazırlıq prosesi uğurla keçdi. Bakıda və Tiflisdə təlim-məşq toplanışları oldu. Gürcüstanda bu ölkənin yığma komandası ilə 3 yoxlama oyunumuz oldu. Bu matçlarda bütün voleybolçuları oynatmağa çalışdım. Çünki hər bir idmançı üçün məşq nə qədər vacibdirsə, yarış və yoxlama görüşləri də bir o qədər önəmlidir. Komandamızın ilk və son yoxlama matçlarındakı qarşılaşmaları arasında böyük müsbət fərq hiss olunurdu. İnanıram ki, bu yaxşılığa doğru olan dəyişiklik bizim əsas oyunlarımızda da hiss olunacaq".
Mütəxəssis əsas məqsədlərinin gəncləşən komandadada oyun təcrübəsini və yeni voleybolçularda özünəinamı artırmaqdır: "Hər iki oyunda daha yaxşı oynayıb uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.