Xəbər verildiyi kimi ötən gün axşam saatlarında Qəbələnin Zarağan qəsəbəsində yerləşən şadlıq evlərindən birində qida zəhərlənməsi olub.
Toy məclisində iştirak edən 60 nəfərə yaxın insan Qəbələ Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Xəstəxanasının terapiya şöbəsinin müdiri Şəhanə Pənahova bildirib ki, qida zəhərlənməsi ilə bağlı müraciətlər daxil olan andan etibarən acil şöbə ilə yanaşı müvafiq şöbələrin əməkdaşları xəstələrin müayinə və müalicəsinə cəlb ediliblər.
“Qəbələ Rayon Mərkəzi Xəstəxanasnın təcili yardım şöbəsinə epkastral nahiyyələrdə ağrı, qusma, ürək bulanma, defekasiya aktının tezləşməsi və yüksək temperaturla xəstələr daxil olmağa başlayan andan biz həkimlər olaraq bütün qabaqlayıcı tədbirləri görməyə başladıq. Bütün xəstələrin şikayətləri eyni idi. İlkin araşdırma və müayinələrə əsasən xəstələr eyni toy mərasimində iştirak edib və oradakı qidalarla qidalanıblar. Xəstələrə ilkin tibbi yardım göstərilib və gecə ambulator müalicəyə, evlərinə yazılıblar”, deyən Şəhanə Pənahova xəstələrlə yerli tibb məntəqələrində həkim briqadaları tərəfindən nəzarət olunduğunu, həyatı təhlükələrinin qalmadığını bildirib.
Qeyd edə ki, Baş Prokurorluğun mətbuat xidməti də məsələ ilə bağlı məlumat yayıb. Belə ki, Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.