“Cavanşir körpüsü”nün ərazisi gülüstana dönüb

post-img

Müasir nəqliyyat qovşağı paytaxtın mərkəzini ətraf massivlərlə maneəsiz birləşdirir 

Bakı şəhəri yeni parkları, yaşıllıqları, memarlıq ornamentləri ilə bəzədilmiş inciləri olan tikililəri ilə şəhər sakinlərini və qonaqları heyrətləndirir. Qədim şəhərimiz bununla da öz gözəlliyinə daha bir əsrarəngizlik qatır. 

Avqustun 5-də şəhərimizin Xətai rayonu ərazisində “Cavanşir körpüsü”nün yerində yeni avtomobil yolunun inşa edilməsi şəhər əhalisinin, xüsusilə sürücülərin və piyadaların əhval-ruhiyyəsinə gözəl təsir etdi. 

Məlumat üçün bildirək ki, Xətai rayonu ərazisində Üzeyir Hacıbəyli küçəsində yerləşən 12 aşırımlı “Cavanşir körpüsü”nün uzunluğu 202 metr, eni 17,3 metr idi. Uzun illər bu körpü yol ötürücüsü funksiyasını yerinə yetirirdi. Belə ki, 1962-ci ildən buradakı dəmir yolu vasitəsilə yüklər qısa zamanda dəniz limanına çatdırılırdı. 

İllərin qovşağında zaman öz sözünü dedi. Bir gün həmin ərazidə dəmir yolu şəbəkəsi ləğv olundu və körpü əvvəlki əhəmiyyətini itirdi. Əvvəllər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edirdi. Hazırda isə ərazidən kecən dəmir yolu xətləri sökülüb. Eləcə də yol ötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq, təhlükəsizlik baxımından bu körpünün sökülməsinə zərurət yaranmışdı. 

Körpünün yerində təzə inşa edilən 4 hərəkət zolaqlı yeni avtomobil yolunun uzunluğu 400 metrdir. Yeni piyada səkiləri layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda salınmışdır.  Xüsusilə, yeni yolun salındığı əraziyə münbit torpaq qatı verilərək, müasir tipli yaşıllıq, quruculuq işləri həyata keçirilmişdir. 

Onu da qeyd edək ki, yeni tipli bu layihənin həyata keçirilməsi 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili”ndə xalqa bəxş edilən, paytaxt sakinlərinə göstərilən ən nümunəvi xidmətlərdən biridir. 

Bu sətirlərin müəllifi və operator-fotoqraf Elşən Ağalarov xalq arasında “Qaqarin körpüsü” kimi tanınan “Cavanşir körpüsü”nün yerində salınan avtomobil yolundan qəzetimiz üçün reportaj hazırlamağa yollandıq. Burada gördüklərimiz bizi heyran etdi. Həqiqətən, ətrafda gözəl bir mənzərə yaradılıb. Paytaxt sakinlərindən yeni yolla bağlı fikirlərini bizimlə bölüşmələrini xahiş etdik. 

Sahibə Əliyeva, ərazidə yaşayan sakin:

– Bizim evimiz yaxınlıqda yerləşir. Neçə müddət idi ki, burada gedən tikinti işlərini izləyirdik. Nəhayət ki, avqustun 5-də xoş müjdəli bir sabahın açılmasının şahidi olduq. Gözəl bir yol salınıb. Hətta, yaşıl zolaqlı yeni yolun, ayırıcı zolaqların salınması bizə xoş təsir bağışlayır. Uşaqlarımızla təhlükəsiz ərazidə istirahət edə bilirik. Şəhər sakini kimi bu rahatlığı bəxş edən dövlətimizə minnətdarıq. 

Sergey Filin, rusiyalı qonaq:

– Mən bu şəhərdə bir neçə gündür ki, qonağam. Buradakı parkların, yaşıllıq ərazilərinin füsunkarlığı diqqətimi cəlb edib. Doğrudan da, bu şəhərin gözəlliyindən xüsusi olaraq danışmağa dəyər. Siz belə bir qədimliyi və müasirliyi vəhdət təşkil edən paytaxtınızla fəxr edə bilərsiniz. Yeni avtomobil yolunun salınması isə çox böyük işdir. Çünki bütün dünyada insanlar rahat və müasir tipli yolları quran, inşa edən mütəxəssislərə ehtiyac duyur. Bu baxımdan yeni yolunuzu, buradakı müasir tipli quruculuq işlərini alqışlayıram. 

Ruslan Məmmədov, taksi sürücüsü:

– 42 ildir sükan arxasındayam. Hər dəfə şəhərin yollarının abadlaşmasını görəndə ürəyim dağa dönür. Mən bilirəm ki, yol salmaq necə böyük bir işdir. Çünki yeni yol rahatlıq, təhlükəsizlik baxımından biz sürücülər üçün çox önəmlidir. Ona görə də “Cavanşir körpüsü”nün yerində inşa olunan yeni avtomobil yolunun istifadəyə verilməsi hər bir sürücünün sevincinə səbəb olub. 

Nicat Əliyev, şəhər sakini:

– Mən bir gənc kimi şəhərimizin gözəlliyindən zövq alıram. Yeni yolların, müasir tipli yaşıl zolaqların salınması ilə hər bir sakin öyünə bilər. Bu gün ilk dəfə olaraq təzə salınmış səkidə – təhlükəsizlik şəraitində skuter sürürəm. Yeni yolun salınmasının əhəmiyyəti ondadır ki, sürücülərin də, biz sakinlərin də ehtiyacları hərtərəfli nəzərə alınıb. Bu qayğını bizə göstərən dövlətimizin başçısına, şəxsən cənab ­Prezidentə çox minnətdaram. 

Bəli, Bakı şəhərinin  gözəlliyi ilə hər birimiz öyünüb, fəxr edə bilərik. Avqustun 5-də şəhərin Xətai rayonu ərazisində Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yeni tipli, şəhər əhəmiyyətli avtomobil yolunun istifadəyə verilməsini “Xalq qəzeti” olaraq biz də alqışlayır və müasir tipli qədim şəhərimizin füsunkar gözəlliyindən yazmağı özümüzə borc bilirik. Bu şəhərin sakini olmaqla qürur hissi keçirməyə dəyər. Məşhur bir kəlamda deyildiyi kimi, tarixiliyi ilə müasirliyi vəhdət təşkil edən şəhərlərin sakini olmağın özü belə yaşamağın özəl bir nemətidir, necə deyərlər: yaşamaq gözəldir, yaşatmaq da!

Kəmalə ABDİNOVA,
Elşən AĞALAR (foto)
XQ                             

 



















Sosial həyat