Meşəsi talanmış şirin hekayəti

post-img

(yaşantı) 

Bəzən bir tutarlı deyim, rəvayət, bayatı, yaxud qısa süjetli film cild-cild romanlardan təsirli olur.  Yüz illərdi dilimizdə əzbər olmuş misralara baxın. Nə vaxt dilə gətirsən göynədir insanı:

 

Əzizim Vətən yaxşı.

Geyməyə kətan yaxşı.

Gəzməyə qürbət ölkə,

Ölməyə Vətən yaxşı.

 

Gör sözün çəkdiyi mənzərə, təsir dairəsi nə boyda, hansı ölçüdədi. Çünki dünya nə qədər böyük və cilvəli olsa da, doğulub boya-başa çatdığın, suyunu içdiyin, havasını udduğun və əzizlərinin uyuduğu məkan ki, var, o yer dünyada ən şirin torpaqdı. 

Və sən hara getsən, harada olsan, hansı mərtəbəyə yüksəlsən, o torpaq səni daim qoynuna səsləyəcək. Axı, qürbət elə qürbətdi. O yerdə necə gözəl yaşasan da günəşi səni isitməz, nəqmələri səni ovutmaz. Sən gündüzlər olmasa da, yuxularında mütləq Vətənə dönəcək və bir anlıq da olsa, özünü xoşbəxt sanacaqsan. 

Vətən sevgisi hər sevgidən əzəldi. O sevgi ana südü, ata öyüdü, Vətənin duz-çörəyilə qanına hopur. Vətən sənin ruhunun qanad açdığı və uyuduğu məkandı. Şair Abbas Səhhət də buna görə deyir:

 

Vətənim verdi mənə nanü-nəmək.

Vətəni məncə unutmaq nə demək?! 

                          ***   

Uca-uca dağların arasında, insan nəfəsi dəyməyən meşədə bir şir yaşayırdı. Meşə əhlindən heç biri onun qarşısında duruş gətirə bilmirdi. Övladlarını da özü kimi cəsur böyüdürdü. Günlərin bir günü meşəyə ovçular gəldilər. Onlar heyvanxana üçün meşənin ən gözəl, ən güclü şirini ovlayıb aparmaq istəyirdilər. Bu məqsədə nail olmaq üçün özləri ilə müxtəlif silahlar da gətirmişdilər. İstəklərinə nail olmasalar, meşədəkilərə divan tutacaqdılar.

Şir ilk tələdən başa düşdü ki, qonaqlar hansı yolla olur-olsun, onu tutacaqlar. Bununla belə o, ovçulara könüllü təslim olmağı qüruruna sığışdıra bilmirdi. Ancaq özünün əvəzinə övladlarının da övlanmasını istəmirdi. Həm də istəmirdi ki, meşədə qırğın olsun. Bilirdi ki, qırğın törədilsə, neçə-neçə heyvan öldürüləcək, ələ keçiriləcəkdi. Buna görə də təslim olmağı daha münasib bildi. Bir də şirə elə gəlirdi ki, haradasa insanların əlindən qaçıb qurtula biləcək.

Şir qəfəsə girməzdən əvvəl dönüb meşəyə və hücum əmrini gözləyən yurddaşlarına baxdı. Sonra nərə çəkib onlara meşənin dərinliklərinə çəkilməyi tapşırdı.

Dəmir qəfəsin ağzı bağlandı. Barmaqlıqlar o qədər möhkəm idi ki, onları heç cürə əymək mümkün deyildi. Uzun maşın meşədən çıxandan sonra qəfəsi qatara qoydular. Qatar dağların arasından, geniş düzlərdən, bolsulu çaylardan keçir, günbatana doğru gedirdi. Şir elə bil yuxu görürdü. O yalnız axşamlar gündüz gördüklərinin yuxu olmadığını başa düşürdü. Çünki gecə yarıdan keçəndən sonra şir yuxuya gedirdi. Bu zaman o, yolboyu gördüklərini unudub yuxusunda meşəyə qayıdırdı. Yenə meşədə övladları ilə qürurla gəzib-dolanırdı. Meşə ailəsi də onu salamlayır və baş əyirdi. Ayılanda isə...

Yol uzun çəkdi. Bir sübh çağı qatar şəhərin kənarında dayandı. İnsanlar şir olan qəfəsi kranla qaldırıb maşına qoydular və harasa getdilər. Maşın dayananda şir ilk dəfə qəfəsdə atılıb-düşən meymunu gördü. Sonra o biri heyvanlar ayağa qalxıb şirə doğru baxmağa başladılar. Hiss olunurdu ki, onların çoxu şirin heyvanxanaya gəlişinə sevinirlər. 

Şirlə ayını qonşu elədilər. “Otaq, insafən, geniş və səliqəli idi. Ancaq şir buna sevinmirdi. Qonşular da səslərini içlərinə çəkib dayanmışdılar. Sanki hamı şirin nə deyəcəyini və nə edəcəyini gözləyirdi. Şir isə susurdu. Yatanda da heç kəsdən səs çıxmırdı. Əslində heç kim yatmırdı. Sadəcə, onlar gecələr ömür paylarının ötmüş çağlarını yenidən yaşayırdılar.

Şir gələn gündən heyvanxanaya qəribə sükut çökmüşdü. Bu sakitlik nəinki heyvanlara baxmağa gələnləri, eləcə də heyvanxana işçilərini də təəccübləndirirdi.

Günlər, aylar beləcə ötürdü. Şir isə doğma meşəsini, balalarını unuda bilmirdi. Daha yuxulardan da bezmişdi. Çünki arzusunda olduqlarının yuxu olduğunu bildikdə daha da əzab çəkirdi.

Günlərin bir günü gözlənilən məqam yetişdi. Şirə yem verən xidmətçi qəfəsin qapısını bağlamağı unutdu. Şirin bunu görcək gözləri parladı, sanki, qollarına yeni güc gəldi. Gecədən xeyli keçmiş o, qəfəsdən çıxdı. Ayı da, meymun da şirin azadlığına sevindilər, ancaq səs salıb aləmi oyatmaq istəmədilər.

Qəfəsdən çıxan kimi, azadlıq havası axıb şirin ciyərlərinə doldu. O, bir anda heyvanxanadan uzaqlaşdı və bir də onda gördü ki, şəhərin kənarındadır. Nəfəsini dərmək üçün uca bir ağacın altında uzandı. Az sonra qalxıb yoluna davam etdi. Şir gecə-gündüz yol getdi və nəhayət, doğma yurda çatdı. Şir gözlərinə inana bilmirdi. O gözəl meşədən ancaq kol-kos qalmışdı. Tək-tək heyvan gözə dəyirdi. İnsanlar meşəyə elə divan tutmuşdular ki...

Bu dəhşətli mənzərədən təsirlənən şir elə bir nərə çəkdi ki, nəinki məhv edilmiş meşənin daşı-torpağı, eləcə də qarşıdakı uca dağın zirvəsi titrədi. Bir azdan o, yuxarıya, lap uca zirvəyə doğru getdi...

***

Cizgi filmi məni yaman kövrəltmişdi. Kino zalını tərk edəndə nəvəm soruşdu:

– Baba, o şir indi harada yaşayır?

Mən sakitcə:

– Daha yaşamır, – dedim.

– Niyə, baba?

– Çünki yurdu, Vətəni məhv olanlar yaşaya bilməzlər.

Nəvəm daha sual vermədi və yolboyu yanımda sakitcə addımladı. Yəqin uşaq hələ də üzü zirvəyə doğru gedən qürurlu şir haqqında düşünürdü.

Səməd MƏLİKZADƏ

 

Sosial həyat