Yaxın Şərqdə hər an böyük müharibə başlaya bilər. Zatən, artıq 10 aya yaxındır ki, İsrail ordusu HƏMAS-ın terror hücumlarına cavab olaraq, Qəzzada genişmiqyaslı antiterror əməliyyatı həyata keçirir. Regionda yeni, daha böyük savaşın başlanması ehtimalı son dərəcə böyükdür.
Dünən İsrail aviasiyası Qəzza zolağında “HƏMAS” yaraqlılarının gizləndiyi iki məktəbin ərazilərinə zərbələr endirib. Həmin məktəblərdə terrorçuların olduğu iddia olunur. Fələstin rəsmiləri bunu inkar edirlər. Qətərin “Əl-Cəzirə” telekanalı bildirib ki, zərbələr nəticəsində, azı, 30 nəfər həlak olub. Bütövlükdə, silahlı münaqişə başlanan gündən 40 minə yaxın fələstinlinin öldürüldüyü bildirilir.
Dünən ABŞ-nin dövlət katibi Antoni Blinken “Böyük yeddilər”in xarici işlər nazirləri ilə telefonla danışıb. O, İran və “Hizbullah”ın yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.
İndi bütün dünya İranın HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə necə cavab verəcəyini müzakirə edir. İsrail hökuməti isə İranın mümkün aviasiya zərbələrinə hazırlaşır.
Qərb dövlətləri Yaxın Şərqdə çalışan vətəndaşlarınin təhlükəsizliyinin qayğısına qalmağa çalışır. Belə ki, bir sıra Avropa ölkələrinin hökumətləri “Hizbullah”ın İsrailə silsilə hava zərbələr endirməsi ilə əlaqədar soydaşlarını təcili olaraq Livanı tərk etməyə çağırıblar.
ABŞ, Fransa, Kanada və Britaniya öz vətəndaşlarına Livanı tərk etmələri barədə göstəriş verib. İordaniya da analoji addım atıb. Bir neçə beynəlxalq aviaşirkət isə regionda xidmətlərini dayandırıb və ya nəzərəçarpacaq dərəcədə azaldıb.
Ağ evin Milli Təhlükəsizlik Şurası müşavirinin müavini Conatan Fayner CBS telekanalının “Face the Nation” verilişində deyib: “Biz regional müharibənin heç kimin xeyrinə olmadığını düşünürük”.
Bayden iqtidarı ölkədə seçkiöncəsi Yaxın Şərqdə müharibənin genişlənməsini arzulamır. Lakin artıq ox yaydan çıxıb. Hamı başa düşür ki, İran öz simasını qorumaq üçün mütləq cavab tədbirləri görməlidir.
Xatırladaq ki, İsmayıl Haniyə keçən həftə Tehranda İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən qısa müddət sonra qaldığı qonaq evində qətlə yetirildikdən sonra İranın ali lideri Ayətullah Əli Xameneyi “biz qisas almağı özümüzə borc bilirik”, – deyə sərt açıqlama verib.
“New York Times” qəzetinin üç İran rəsmisinə istinadən verdiyi xəbərə görə, İranın ali rəhbəri Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.
Ağ evin milli təhlükəsizlik sözçüsü Con Kirbi “Fox News Sunday” proqramında bu məsələ ilə bağlı sualın cavabında deyib ki, onlar ali liderin bəyənatını ciddi qəbul edirlər.
İsrailin hərbi qüvvələri “Hizbullah” yaraqlılarının ötən gecə ərzində İsrailin şimalına 30 mərmi atdığını, lakin onların əksəriyyətinin havada vurulduğunu bildirib.
Dünən gecə yazı çapa hazırlanarkən məlum oldu ki, “Hizbullah” yaraqlıları kamikadze dronlar vasitəsilə İsrail ordusunun 91-ci diviziyasının qərargahına hücum ediblər.
Bildirilib ki, bu hücum İsrailin Livanın Bazuriya və Hula yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavabdır.
“TRT Haber” məlumat yayıb ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin avqustun 7-də iclası keçiriləcək. Bildirilib ki, iclasın əsas mövzusu Yaxın Şərqdəki durum və HƏMAS lideri İsmayil Haniyənin ölümündən sonra yaranan gərginlik olacaq.
Qeyd edək ki, İran daha əvvəl İƏT ölkələrinin fövqəladə iclasını çağırmışdı.
Məsaim ABDULLAYEV
XQ