Banqladeş ordusunun qərargah rəisi general Vaqar-uz-Zaman baş nazir Şeyx Hasinanın ölkədən qaçdığını təsdiqləyib. Bu barədə qərargah rəisi xalqa müraciətində deyib.
O bildirib ki, müvəqqəti hökumət qurulacaq. Qərargah rəisi bütün ölüm hallarının araşdırılacağını deyib və xalqı orduya etimad göstərməyə çağırıb. O, vətəndaşları sülhü və asayişi qorumağa, zorakılıqdan çəkinməyə səsləyib.
Qeyd edək ki, yerli media Şeyx Hasinanın öz bacısı ilə birgə hərbi helikopterlə Hindistana qaçdığı barədə məlumat yayıb. Etirazçılar baş nazirin iqamətgahını ələ keçiriblər.
Xatırladaq ki, Banqladeşdə nümayişlər ötən aydan tələbələrin hökumət işləri üçün kvota sisteminə son qoymağa çalışması ilə başlayıb. Polis və hökumətyönlü fəallarla qarşıdurmalar 300-dək insanın ölümünə səbəb olan zorakılığa çevrilib.
XQ