Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Suraxanı rayonunda yerləşən Qaraçuxur qəsəbə məscidinə gedərək orada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Komitədən bildiriblər ki, söhbət zamanı Ramin Məmmədov ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən, konfessional baxımdan müxtəlif icmaların nümayəndələrinə və onların dini ibadət yerlərinə göstərilən qayğıdan danışıb.
Komitə sədri deyib, milli-mənəvi dəyərlərimizin qorunmasını, inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin təşəbbüsünə və tapşırıqlarına əsasən, müxtəlif bölgələrimizdə onlarla məscid, dini-tarixi abidə, məbəd, ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub.
Tövsiyələrini din xadimlərinin diqqətinə çatdıran R.Məmmədov İslam dininin sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik kimi ideyalarının olduğu kimi cəmiyyətə təqdim edilməsinə, eləcə də milli birlik ənənələrinin, mənəvi dəyərlərin, xalqımıza xas humanist ideologiyanın təbliğində onları daha fəal iştiraka çağırıb.
Görüşdə, həmçinin din xadimlərinin təklifləri dinlənilib, dini sahə ilə bağlı gələcəkdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.