Türkiyə Kırıkkale Universitetinin professoru Şahin Ahmetoğlunun, Çorum Hitit Üniversitetinin professoru Mehmet Azimli, Ankara Yıldırım Beyazıt Üniversitetinin professoru FatihErkoçoğlu və başqa tanınmış ziyalıların təşəbbüsü ilə bir qrup iş adamının da daxil olduğu qrup Gəncə şəhərinə səfər etmişdir.
Qonaqları AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Mədəniyyət Qoruğunun və Nizami Gəncəvi Muzeyinin əməkdaşları qarşılamışlar.
Əlimuxtar Muxtarov Nizami Gəncəvinin yaradıcılığından, tarixin bütün dövrlərində Azərbaycan xalqının Nizami Gəncəvi irsinə olan sonsuz məhəbbətindən, Ümummilli Liderimiz Heydər Əliyevin və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xüsusi diqqət və qayğıları ilə ərsəyə gələn Nizami Gəncəvi Məqbərə Kompleksinin dünənindən, bu gününündən, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən əzəmətli Nizami Gəncəvi Muzeyinin tarixindən danışmış və burada dahi şairin dünyanın müxtəlif ölkələrindən gətirilən əlyazmalarından geniş söhbət açmışdır.
Səfər çərçivəsində İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə Ermənistan ərazisindən atılan raket zərbələri ilə dağıdılmış yerlər, Heydər Əliyev Meydanı, Şah Abbas Cümə Məscidi, Cavad xan Türbəsi, Qafqaz İslam Ordusunun Azərbaycandakı ilk şəhidlərinə ucaldılmış abidə, Xan bağı, Cümhuriyyət binası, İmamzadə Dini Kompleksi qonaqlara göstərilmiş, Göygölə səfər olmuşdur.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə.