Qədim yurdun dünəni, bu günü və qayğıları
Lahıc haqqında az yazılmayıb. Yalnız xarici mətbuatda dərc edilən müxtəlif səpkili yazılar toplanılsa, bir neçə cildlik kitab alınar. Hər yazı isə, belə demək olarsa, Lahıcın dünəninə açılan pəncərə, bu gününə bələdçi, sabahına gedən cığır, izdir.
Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc qəsəbəsi (İsmayıllı rayonu) nəinki ölkəmizdə, eləcə də dünyada məşhurdur. "Lahıc" deyiləndə ilk anda göz önünə uca dağlar, zümrüd donlu meşələr və bir də suyu ürəklərə sərinlik verən, rahatlıq bəxş edən bulaqlar gəlir.
2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Suyun gur olsun, Namazgah bulağı
Xalq arasında deyirlər ki, Lahıc Namazgah bulağından başlayır. Yayda şəhərin nəfəs təntidən istisindən baş götürüb dağlara gələnlər Namazgahın suyundan içəndə sanki dağların, meşələrin sərinliyini məlhəm kimi canlarına çəkirlər. Çünki Namazgah bulağının bir qurtum suyu adamın canındakı ağrı-acını, göynərtini dağıdır, qoluna qüvvət, gözlərinə əlavə işıq verir.
Danışırlar ki, qədimlərdə Lahıcdan səfərə çıxanlar sübh namazını bu bulağın üstündə qılar, sonra yola düşərlərmiş. Səfərdən, alış-verişdən gələnlər də çox vaxt axşam namazını burada qılıb, doğma yurda qovuşarlarmış.
O gün bulağın üstü yenə adamla dolu idi. Kənara çəkilib növbə gözləməli olduq. Yeri gəlmişkən deyim ki, böyük tutumlu maşınlar bulağın yaxınlığındakı qayadan axıb və çənlərə toplanan sudan doldurub qonşu rayonlara və paytaxta satmağa aparırlar. Avtomobillə buradan keçənlər də qablarını doldurub, yol üçün ehtiyat su götürürlər.
Əvvəlcə bulağın ətrafına, sonra qarşı dağların arasından qıvrıla-qıvrıla çıxıb üzü aşağılara gedən Girdimançaya baxdım. Bulanıq sel suları daşları yuya-yuya arana, istidən qovrulan torpaqlara tələsirdi. Çayın o biri sahilində, bir qədər yuxarıda daşlarla hörülmüş yerlər diqqətimi çəkdi. O yol dağ bələnindən, sal qayanın altından keçərək neçə illər Lahıcı mərkəzi şosse yoluna qovuşdurub. Başqa sözlə, bu dar dağ yolu Lahıc üçün həyat yolu rolunu oynayıb. Payızın, qışın qarlı, çovğunlu günlərində o yolda ölüm, necə deyərlər, gözlə qaş arasında dolaşıb. Neçə insan yüklü atı, qatırı ilə ya Girdimançayın gur sularına, ya da çovğunun qarı sovurub doldurduğu dərənin dibinə gedib.
O anı göz önünə gətirirəm və bir anda bədənim üşüyür...
Ovuclarımı qoşalayıb bulağın gözünə tutur, sərin sudan içirəm. Dilimdən bu sözlər qopur:
– Suyun daim gur olsun, Namazgah bulağı!
Lahıc tarixin səhifələrində
Akademik Nizami Cəfərov yazır: "Məlumdur ki, bütün xalqlar kimi, Azərbaycan xalqı da müxtəlif soy birləşmələrindən – həm yerli, həm də bu əraziyə gəlmiş, yaxud zorla köçürülmüş tayfaların, etnik qrupların getdikcə bir-birinə yaxınlaşması, qovuşub qarışması nəticəsində təşəkkül tapmışdır. Türk etnosunun qədimliyi və üstünlüyü nəticəsində Azərbaycan dili ümumxalq danışıq, ünsiyyət, tərəqqi dili kimi formalaşmışdır. Azərbaycan torpağının ululuğu, müqəddəsliyi, şirinliyidir ki, o neçə-neçə milli-etnik mənşəli insanların vətəni olmuş, yüzilliklər keçsə belə, onların (ruslar, yəhudilər, gürcülər, tatarlar, ləzgilər, avarlar, saxurlar, talışlar və b.) dillərinin, adət-ənənələrinin qorunub saxlanılmasına imkan vermişdir. Lahıclılar da bu qəbildəndir". Dağların əhatəsində yerləşən Lahıc dəfələrlə təbii fəlakətlərə məruz qalıb, böyük çətinliklərlə üzləşib, lakin öz varlığını qoruyub saxlayıb. Tarixçilər yazırlar ki, Lahıc yeni alban sülaləsinin əsasını qoymuş Mehran tərəfindən Vl əsrin axırları, Vll əsrin əvvəllərində tikilib. Allah Manaf müəllimə rəhmət eləsin. Bu torpağın yetirməsi olan yazıçı-alim Manaf Süleymanov "Azərbaycan diyarı: Lahıc" etnoqrafik bədii lövhələr əsərində yazır ki, XIX əsrin ortalarında Lahıcda 200-dən çox sənətkarlıq emalatxanası olmuşdur. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar) və soyuq (xəncər, behbud, qılınc, bıçaq və s.) silahları da yüksək sənətkarlıqla düzəltmişlər. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu. XIX əsrin ortalarında Rusiyanın İjevski silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdur.
Lahıc sənət beşiyi, gözəlliklər məskənidir
Məlumata görə, vaxtilə Lahıcda çoxlu sənət (misgərlik, dəmirçilik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, qalayçılıq, həkkaklıq, dulusçuluq, dərzilik, xalçaçılıq, bənnalıq və sair) inkişaf etmişdir. Bir sözlə, respublikamızda metal və xalq sənətkarlığının inkişafında Lahıcın xüsusi yeri var. Bu ərazi həm də tarixi abidələrlə zəngindir. Buna görə də Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasi bu məkana gələn qonaqları çox cəlb edir.
Qəsəbəyə həm ticarət, həm ziyarət, həm də istirahət üçün gələnlər Bazar meydanında qarşılanır, gedənlər buradan yola salınır. Hazırda bu meydanda son illər inşa edilmiş yaraşıqlı bir bina var. 1985-ci ildə Lahıc Tarix-Mədəniyyət Qoruğunun nəzdində ictimai əsaslarla yaradılan və 5 il sonra respublika Nazirlər Kabinetinin qərarı ilə status verilən Lahıc Tarix-Diyarşünaslıq Muzeyi indi bu binada yerləşir. Onu da əlavə edək ki, muzey əvvəllər Mədəniyyət Nazirliyinin tabeliyində olub. Hazırda isə Dövlət Turizm Agentliyinə tabedir.
Muzeyin fondunun baş mühafizəçisi Maarif Əliyev bizimlə söhbət zamanı bildirdi ki, muzey əvvəllər qəsəbədəki Ağolu məscidində fəaliyyət göstərirdi. Məscid binası qəzalı vəziyyətə düşdüyünə görə buraya – Lahıc İcma Evinə köçürüldü. Onu da deyim ki, Ağolu məscidinin binası təmir edildikdən sonra orada əlyazmalar muzeyinin yaradılması nəzərdə tutulur.
Muzeyimizdə minə yaxın eksponat var. Eksponatlar Qədim-Antik dövrə, Orta dövrə və Yaxın müasir dövrə bölünüb. Çoxlu yerli və xarici qonaqlarımız gəlir. Digər bölgələrimizdə fəaliyyət göstərən muzeylərlə də əlaqələrimiz var.
“Xudo bərəkət!”
Qəsəbədə iş yerləri az olduğundan əhalinin çox hissəsi alış-verişlə məşğul olur. Bu, onların ailə büdcələri üçün yetərli olmasa da, müəyyən qədər çörəkpulu qazanırlar.
Qüdrət orta məktəbi bitirdikdən sonra dülgərliklə məşğul olub. Ailəsinə kömək üçün Lahıcda, rayonun kəndlərində, Bakıda da işləyib. Son üç ildə isə dağlarda bitən dərman bitkilərini toplayıb satmaqla məşğuldur. Dediyinə görə, əvvəllər qazancı pis olmayıb. Elə gün olub ki, 150 manatdan çox dərman bitkisi satıb. Amma bu mövsümdə vəziyyət ürəkaçan deyil. Tək bircə gün 101 manat satış edib. Onun fikrincə, bu, həm havaların xoşagəlməz keçməsi, həm də qəsəbəyə gələn yerli və xarici turistlərin sayının azalması ilə bağlıdır. Quru sərhədlərin bağlı olması da turistlərin gəlişini xeyli əngəlləyib.
Qüdrət qonaqlara kəklikotu, yemişan çiçəyi, qırxbuğum, çobanyastığı, zəncirotu, dazıotu, dağ nanəsi, gülxətmi, itburnu, nanə, adaçayı, yarpız, sumaq, boymadərən, üzərlik və anasının hazırladığı gül suyu, gül mürəbbəsi və digər məhsulları satır. Alıcıya da hansı bitkinin hansı xəstəlik və ağrıya qarşı təsirli olduğu barədə məlumat verir.
O gün yağış yağırdı. Qüdrət "market"inin qarşısında fikirli-fikirli oturub yağışa baxırdı. Yaxınlaşıb bir qədər kəklikotu və sumaq aldım. Sonra gördüm ki, cibindəki pulları çıxarıb sayır. Soruşdum ki, bir şey çıxır? Gülümsəyib lahıclıların dilində dedi ki, Xudo bərəkət! Onun bu sözləri məni sevindirdi.
Lahıcın turizm imkanları
Zəngin təbiəti, özünəməxsus memarlıq üslubu və adət-ənənəsi olan Lahıcın məhəllələrini gəzib-dolaşdıqca onun qonaqpərvər insanlarının şücaətinə, doğma yurda sevgisinə heyran olursan. Buna görə də turistlər bu qədim və şöhrətli məkana həvəslə gəlirlər. Məlumata görə, İsmayıllı rayonuna gələn yerli və xarici turistlərin hər on nəfərindən yeddisi Lahıca üz tutur. Son illər Lahıcın tanıdılması və təbliğində dövlət qurumları ilə yanaşı, özəl "Lahıctur" Turizm İnformasiya Mərkəzi də əhəmiyyətli işlər görüb. Qurumun təsisçisi və rəhbəri Dadaş Əliyevdir. Dadaş müəllimlə söhbətimiz də əsasən Lahıcın inkişafına kömək edə biləcək məsələlər və bu məkanın turizm imkanları barədə oldu.
Həmsöhbətim bildirdi ki, Lahıcın zəngin mədəniyyəti və təbii qaynaqları var. Yayı sərin, qışı mülayım keçir. Günəşli günlərin sayı 300-dən çox olur. Elə bu dediklərimiz sübut edir ki, Lahıcın yaxşı turizm imkanları var. Bu isə qəsəbənin bəzi problemlərini həll etməyə, əhalinin güzəranının yaxşılaşmasına kömək edə bilər. İnformasiya Mərkəzini qurmaqda məqsədimiz də bu olmuşdur.
2006-cı ildə fəaliyyətə başlayan qurum ərazidə turizm xidmətlərini vahid mərkəzdən idarə etməyə başladı. İlk uğurlarımız bizi sevindirdi və həm turistlərin, yerli əhalinin bizə inamı artdı. Təəssüf ki, İnformasiya Mərkəzi qəsəbənin giriş və mərkəzi hissəsində deyil, əhalinin gur olmadığı ərazidə yerləşirdi. Mərkəzin fəaliyyəti onun yaxınlığında olan Tarix-Diyarşünaslıq Muzeyinin başqa səmtə köçürülməsi ilə zəiflədi. COVID-19 pandemiyası dönəmində Turizm İnformasiya Mərkəzinə müraciət edənlərin sayı da xeyli azaldı.
Lahıc elə bir turizm məkanıdır ki, hər bir turist burada özünə maraqlı bir yer, xidmət sahəsi tapa bilər. Çünki bu torpağın, qəsəbənin turizm imkanları dünyada bu sahənin qəbul edilmiş bütün siqmentlərinə inteqrasiya edə biləcək səviyyədədir.
Səməd MƏLİKZADƏ