Baş prokuror Qırğızıstanda səfərdədir

post-img

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlət­ləri Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının baş prokurorlarının növbəti iclaslarında iştirak etmək məqsədilə Bişkek şəhərinə işgüzar səfərə gedib.

Qırğızıstanın Baş prokuroru Maksat Asanaliyevlə keçirilmiş görüşdə Kam­ran Əliyev eyni kökə, mədəniyyətə malik ölkələrimiz arasında dostluq və əmək­daşlıq münasibətlərinin hər iki ölkə prezi­dentlərinin birgə səyləri nəticəsində stra­teji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Maksat Asanaliyev ölkəmizin hüquq-mühafizə, xüsusilə, prokurorluq orqanları ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirərək, cinayətkarlığa qarşı mübarizə sahəsində qabaqcıl təc­rübə mübadiləsinin əhəmiyyətindən bəhs edib.

Görüş zamanı Baş Prokurorluqlar arasında Əməkdaşlıq Proqramı imzala­nıb. 

Həmin gün Kamran Əliyev Türkiyənin yeni təyin olunmuş Baş prokuroru Muhsin Şentürklə görüşüb. Görüşdə həm ikitərəf­li formatda, həm də TDT Baş Prokurorlar Şurası çərçivəsində transmilli cinayətkar­lığın müxtəlif formalarına qarşı mübarizə sahəsində əməkdaşlıq perspektivləri mü­zakirə edilib.

Səfər çərçivəsində Kamran Əliyev TDT-nin Baş katibi Kubanıçbek Ömüralı­yev ilə də görüşüb. Baş katib ölkəmizin türk dövlətlərinin həmrəyliyində aktiv rolu barədə danışaraq, son dövrlər əməkdaş­lığın daha intensiv şəkildə inkişaf etdiyini vurğulayıb. Baş prokuror Azərbaycanla TDT arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, prokurorluq orqanları arasın­da əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib.

Kamran Əliyev keçirdiyi görüşlərdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un, bu il sentyabrın 29-dan oktyabrın 2-dək Bey­nəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığınca­ğının ölkəmizdə keçiriləcəyini bildirərək həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.

XQ

Son xəbərlər