Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 1A ünvanında fəaliyyət göstərən “Alov Qüllələri Fairmont Otel Bakı”da “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Tədbirə FHN-in müvafiq canlı qüvvə və texnikası cəlb edilib.
Təlim obyektin kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi müəssisələrdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi məqsədilə təşkil edilib.
Təlim zamanı şərti “Həyəcan” siqnalı verildikdən sonra Yasamal rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri operativ qaydada hadisə yerinə çataraq, işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Sonda müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarına maarifləndirici çap materialları paylanılıb.
P.ƏMİRCANOV
XQ